Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

 

 

 

İSKƏNDƏRİN YEDDİ ALİM İLƏ

XƏLVƏTƏ ÇƏKİLMƏSİ

 

Müğənni, çal yenə qədim havanı,

Kömək et, bitirim mən bu dastanı!

Dünya dastanından bəlkə birtəhər

Canımı qurtarım, bitsin bu əsər...

Biri nəql edirdi filosoflardan:

"Şaha xoş göründü bu qoca dövran.

Mübarək bəxtindən gəlib hümmətə,

Bol dövlət payladı el-cəmaətə.

Bəxşişin hüdudu, həddi olmadı,

Rumda bir nəfər də yoxsul qalmadı.

Şahlar baş əydilər ona cahanda,

Durdular hamısı qultək fərmanda.

O xoşbəxt padişah bir səhər yenə

Çıxaraq firuzə rəngli təxtinə,

Söhbətə başladı insafdan, dindən,

Dürr, gövhər saçdı söz xəzinəsindən

Padişah son qoydu şirin söhbətə,

Meyl edib çəkildi yenə xəlvətə.

Kimsənin qəlbinə heç toxunmadan

Yeddi filosofu seçdi bu zaman:

Ərəstu - tədbirli bir vəzir idi,

Bəlinas - cavanmərd, Sokrat - pir idi.

Valislə Əflatun, bir də Fərfuryus -

Heyrandı bunlara o rühulqüdüs[147].

Yeddinci Hürmüzdü, bilir ki, hamı

Yeddinci göydədir onun məqamı.

Yığışdı dövrəyə bu yeddi pərgar,

Nöqtətək mərkəzdə şah tutdu qərar.

Gözəl bir məclisdi, fikirlər parlaq,

Quru təkəbbürdən, badədən uzaq.

Bu məhrəm məclisdə alnıaçıq şah

Fikrindən onları eylədi agah.

Dedi alimlərə sirri açaraq:

"Sirrimiz nə qədər gizlin qalacaq?

Çox gecə keçirdik biz kef edərək,

Gəlin, bir günü də elmə sərf edək!

Bircə gün baxaraq Günəşə, Aya,

Fələyin sirrini qoyaq ortaya.

Bilək ki, bu öküz belitək çadır

Bu möhkəm yer üstdə necə dayanır?

Əvvəli necəymiş bu göyün, yerin,

Bu haqda fikrini hamı söyləsin!

Ağıla, idraka bir vəzifədir,

Bilsin ki, dünyada ilk tərkib nədir.

Bu yeni əskiltmə və artırmalar

Yoxluqdan nə cürə olmuş aşikar?

Əzəldən nə olmuş xilqətə bais?

Bunu ulduzlardan tədqiq edək biz.

Belə elmi məclis yığılar az-az,

Daha bir də belə məclis yığılmaz.

Görək bu yollarda kim yeyin gedər?

Görək xəzinəni kim tez kəşf edər?

Hərə öz fikrini atsın ortaya,

Necə yaranmışdır, desin, bu dünya?

Onda ki, hökm etmiş uca yaradan,

Əvvəl yer yaranmış, yoxsa asiman?

Qoy açsın bu sirri ağlın açarı:

Necə çiçəklənmiş yerin baharı?[148]

Necə qoyulmuşdur bina əzəldən?

Necə səslənmişdir ilk mahnı teldən?"

Padişah beləcə dürrlər saçdı,

Bağlı xəzinənin ağzını açdı[149].

Sonra da buyurdu: "Cəsarət edən

Danışsın varlığın ilk tarixindən".

Sarsıtdı onları şahın sualı,

Dedilər: "Cavabı layiq olmalı".

Bir səslə dedilər qərar verərək:

"Ilk sözə Ərəstu başlasın gərək!"

 

 

 

ƏRƏSTUNUN DEDİKLƏRİ

 

Aydın düşüncəli alim Ərəstu.

Böyük tacidara səna oxudu,

Dedi ki: "Elm axtar həmişə, ey şah.

Örtülü sirlərdən ol daim agah.

Haqqın köməyilə şad keçsin ömrün.

Olmasın səninçin açılmaz düyün.

Padşahın əmrinə əməl eləyim.

Ilk xilqət haqqında fikrimi deyim:

Əvvəl vardı ancaq tək bir hərəkət,

Onu iki yerə ayırdı sür ət.

Bu iki hərəkət gəlib bir yerə.

Yeni bir hərəkət doğurdu hərə.

Əvvəlki hərəkət ayrıldı yenə.

Bu üçü qoşuldu biri-birinə.

Üç xətt zahir oldu üç hərəkətdən,

Üç dövrə yarandı ondakı xətdən.

Mərkəzdən ayrıldı həmin dövrələr.

Yaranıb ortaya çıxdı bir cövhər.

Cövhər keşməkeşdən doğub parladı,

"Hərəkət eləyən cism" oldu adı.

Həmin cism qərar tutmayıb bir an

Dönür, hərlənirdi əsla durmadan.

Bu cismin parlayan saf parçaları

Həmişə qaçırdı mərkəzə sarı

Yüksəyə uçanlar etdi hərəkət,

Aşağı enənlər tapdı sükunət.

Parlaq cism hərəkət etdikcə belə,

Ondan parlaq göylər gəldi əmələ.

Göydə meyl edərək öz mərkəzinə

Onun ətrafında hərləndi yenə.

Əvvəlki meylinə bağlı qalaraq.

O, daim hərəkət etdi bu sayaq.

İlk pərgar hərlənib dövr edən zaman

Bu uca göylər də yarandı ondan.

Göyün gərdişindən od oldu aşkar,

Od hərəkət edən qüvvədən doğar.

Odun qüvvəsindən hava yarandı.

Hava istilikdən od kimi yandı.

Havada rütubət bol idi əslən.

Rütubət hərəkət etmədiyindən,

Onun zərrələri çöküb su oldu,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info