Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Ki, bilsin nə qədər məsafəsi var.

Qeyb yolu əqldən hədsiz uzaqdır,

Əql ora nə sayaq yol tapacaqdır?

Əqilli adamdır dünyada o kəs -

Gözü görməyəni qəbul eləməz!

Sənət sənətkarı nişan verəndə,

Bağlama sən ona başqa bir pərdə.

Sözə bax, mindiyi çolaq heyvanla

Uçrumdan, gör, necə çıxıbdır yola.

Yalçın qayaları dağıdıb əzən,

Lacivərd göylərin qoynunda süzən

Xızr adlı o hatif birdən səsləndi,

Salam verib göydən yanıma endi.

Mülayim bir səslə söhbət eylədi,

Beynimə sözlərlə nur saçıb dedi:

"Bu gizli sözləri, fikirləri sən

Neçin lal dillərə isnad edirsən?[156]

Sən neçün bu sərvi becərib belə,

O filosoflara verirsən, söylə?

Bu incə sözlərin sahibi sənsən,

Quru sümüklərə verirsən nədən?

Yemə çörəyini yad süfrələrdə,

Öz süfrən üstünə gəl çəkmə pərdə"[157].

Dövrün kişiləri nakişidirlər,

Elmə yox, nücuma həvəs edirlər.

Mərhəmət umarlar qara torpaqdan,

Torpaqdan yaxşıdır ancaq sağ insan[158].

Hoqqabaz torpaqda sehirbazlıq var,

Həm möhrə oğurlar, həm də oynadar[159].

Ovcunda gizlədər möhrəni, birdən,

Sonra da ağzından çıxar görərsən.

Zərnixi, görərsən, udar sapsarı,

Göy-yaşıl rəngində çıxar dişarı.

Qupquru ud yeyər torpaq xəzanda,

Ətirli müşk verər bahar olanda.

Insan bədənini udanda ancaq,

Bilmirəm nə sayaq o qaytaracaq?

Torpaqda çürüyən bədənlərimiz

Dağıdır, dəyişir, yox olmur təmiz.

Yerində qalarsa o dağıntılar

Bir yerə yığanda yenə canlanar.

Torpağa tökülən şeylər tamamən

Torpaqdan dirçəlib qalxar yenidən.

Qızıl toz halına gələrsə əgər,

Civəylə onları cəm edər zərgər.

Dağınıq qızılı mahir sənətkar,

Madam ki, civəylə bir yerə yığar,

Bizim də əczamız dağılsa bir gün,

Onu da cəm etmək mümkündür, mümkün!

 

 

 

İSKƏNDƏRİN PEYĞƏMBƏRLİYƏ

YETİŞMƏSİ

 

Müğənni, çal rudu, çal səhər erkən,

Mərdlik nəğməsini gətir yada sən!

Oyandır məndə də nəğmə həvəsi,

Duymayım bihudə, biməna səsi.

Yenə bir filosof dərinə getdi.

Rumun tarixindən belə nəql etdi:

O dünya padşahı - böyük İskəndər,

Uca ulduzlara o uca rəhbər

Elmdə o qədər oldu ki, pərgar

Əqli hər müşkülə saldı bir açar.

Bir çox viranənin örtdü üstünü,

Açdı neçə-neçə bağlı düyünü.

Sirli elmləri İskəndər qədər

Yoxdu bu dünyada bilən bir nəfər.

O, Rumun, Yunanın alimlərindən

Hər elmi öyrəndi möhkəm, dərindən.

Daha ulduzları göydə güdmədi,

Tamam başqalaşdı onun məqsədi.

Başından lovğalıq tacını atdı,

Öz başı allahın tacına çatdı.

Bir də yaranışı araşdırmadan,

Axtardı, bilsin ki, kimdir yaradan.

Istədi çalışıb sirləri örtən

Yeddi qat sürməni silsin tamamən[160].

Onu olduğutək görmək istədi,

Əlçatmaz arzuya irmək istədi.

Gecəli-gündüzlü bir xeyli müddət

Düşündü, parladı bəxti nəhayət.

Bir mələk göndərib bir gecə Allah

Etdi o bihuşu özündən agah.

Ətrafa nur saçan parlaq günəştək

Yalan vəsvəsədən uzaq bir mələk

Parlaq gövhər saçdı şah hüzuruna,

Allahın vəhyini yetirdi ona:

"Bu saysız dağlarcan, coşğun çaylarcan

Alqışlar göndərdi sənə yaradan!

O səni dünyada şahlıqla birgə

Ləyaqətli bildi peyğəmbərliyə.

Sən allah əmriylə şah olduğundan,

Indi də belədir allahdan fərman:

Haqqın dərgahına baş əyim, deyə,

Söylə ki, son qoydum asudəliyə.

Fələktək dünyanın başına hərlən.

Azğını, vəhşini əhliləşdir sən.

Xalqı pis yollardan et haqqa dəvət,

Onlar da allaha etsin itaət.

Təzələ kökündən köhnə binanı,

Təmizlə qəflətdən bütün dünyanı.

Cahanı divlərin zülmündən qurtar,

Dünyalar şahına ol itaətkar!

Bütün yatmışları yuxudan oyat,

Əqlin üzündəki o niqabı at!

Allah tərəfindən yoxsullara sən

Verilmiş mərhəmət xəzinəsisən.

Dünya pərgarını gəz diyar-diyar,

Səndən xeyir görsün bütün insanlar.

Bu dünya mülkünə özünsən ağa,

Çalış o dünyanı ələ almağa.

Bu yolda zəhməti qəbul edərək,

Allah rizası güd, xeyrindən əl çək!

Nə hörmətin varsa canlıya göstər,

Cansızçın vaxtını eyləmə hədər,

Canlıdan dəyərsə sənə bir ziyan,

Zəncirlə, məhv elə, heç vermə aman!"

İskəndər mələyə xitab eylədi:



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info