Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Qadından, şərabdan çəkmişdilər əl,

Guya bunlar əqlə gətirər xələl.

O yerə çatdı ki, belə bir adət

Onların nəslini kəsdi nəhayət. -

Qadından uzaqda yaşamaq üçün

Qurudan dənizə köçdülər bütün.

Ayırdı qadını kişidən onlar,

Ayrı bir gəmidə qaldı qadınlar.

Kişilər qan alıb damarlarından

Uzaq yaşadılar daim qadından.

Bu qayda düzgün bir qayda deyildi,

Odur ki, onların nəsli kəsildi."

Şahın əmri ilə yenə bir səhər

Toplaşıb məclisə gəldi alimlər.

Saray ağasına şah verdi fərman:

"Heç kəsi yanıma bu gün qoymazsan!

Bir də ki, xəbər ver qoy gəlsin Sokrat,

Tərkibdə, ixlatda o böyük ustad!"[115].

Xidmətçi fərmana əməl eylədi,

Sokratı taparaq ona söylədi:

"Dəyiş paltarını, bəzəkli geyin,

Şahın hüzuruna gəl gedək, yeyin!"

Dünyagörmüş alim buna uymadı,

Onun təklifinə məhəl qoymadı.

Dedi: "İskəndərə get eylə bəyan:

Bir şey tapmayacaq əsla bu yoldan.

Çünki indi başqa aləmdəyəm mən,

Yalnız xəyalımdır burda görünən.

Haqsevər adamsa məni axtaran,

Tapa bilər ancaq haqq dərgahından..."

Qasid qulaq asdı həmin sözlərə

Gəlib xəbər verdi tez İskəndərə.

Şaha günəş kimi oldu aşikar,

Sokrat bir şamdır ki, xəlvətdə yanar.

Aytək gecə oyaq olmasa hər kəs

Axtarıb o şama yol tapa bilməz.

İskəndər hərçənd ki, sahib-tac idi,

Biliyə, hikmətə çox möhtac idi.

Ən gözəl gövhəri seçib hər zaman

Aqillər yollardı şaha ərməğan.

Ona alimlərdən hər bəxşişindən -

Kəlamı, söhbəti, hər bir işindən

Daha xoş gələrdi Sokratın sözü,

Fikri aydın idi, açıqdı gözü.

Şahın bilik sevən könlü o gün də

İstədi Sokratı görsün önündə.

Dedilər: "Xəlvətə çəkilib daim,

Xalq ilə get-gəli kəsib o alim.

Elə üz döndərib dünya işindən.

Gorda dürr tapıbdır qoca, deyəsən.

Qohumdan, qardaşdan üz döndərərək

Yaşayır kənarda, bir bucaqda tək.

Candan xidmət etsə bu cahan ona,

O yenə üz tutmaz əsla cahana.

Tərgidib tamamən o, ət yeməyi,

Palaza bürünüb, atıb ipəyi.

O hər cür yeməyə edir qənaət,

Bir az qovut eylər ona kifayət.

İbadət eləyir tənha, kimsəsiz,

Tapmayır yanına bir kimsə yol, iz.

Əql ilə dost olub Nizami təkin,

Ondan dərs alıbdır Nizami yəqin...

Şaha təsir etdi verilən xəbər,

Sokratı daha çox sevdi İskəndər.

İnsanın belə bir xasiyyəti var:

İraq gəzənləri çox yada salar[116].

İnsandan qaçana, - belədir adət,-

İnsan daha da çox göstərər rəğbət.

Sokrat da eldən üz döndərdiyindən

Hamı onu görmək istərdi hökmən.

Şah onu nə qədər dəvət etdisə,

O məhəl qoymadı əsla məclisə.

Çox rica elədi ondan hökmüdar,

Onun ürəyinə etmədi bu kar.

Alimin gözəltək naz etməsinə

Naz çəkən hökmüdar dözürdü yenə.

Özünə ən məhrəm olan bir nəfər

Çağırdı yanına bir gün İskəndər,

Göndərib alimin tək hüzuruna,

Dedi ki, gizlicə söyləsin ona:

"Səni dəfələrlə mən dəvət etdim,

Var idi səninlə məhrəm söhbətim.

Bilmirəm nə üçün rədd elədin sən,

Hörmətin qədrini niyə bilmirsən?

Mənim dərgahımdan nədir bu həzər?

Buyur gəl, ya da ki, bir səbəb göstər.

Üzrünü isbat et ya açıq-aşkar,

Ya söylə, başqa bir məramınmı var?"

Qasid bu fərmana əməl eylədi,

Şahın sözlərini Sokrata dedi.

Dünyagörmüş alim, o alicənab

Qasidə söylədi belə bir cavab:

"Doğrudur, çağırıb məni hökmüdar,

Mənim də, pis-yaxşı, öz düşüncəm var.

Düşüncəm getməyi görmür məsləhət,

Çünki şahda yoxdur mənə məhəbbət.

Getməmək üçün də vardır çox dəlil,

Hara oynamağa gedib Cəbrail?[117]

Saraya getməyə edərdim rəğbət,

Görsəydim dəvətdə bir səmimiyyət.

Bilinər nafə müşk bağlasa əgər,

Çünki o bu zaman xoş qoxu verər.

Dostluq iddiası edən bir ürək

Sözdən başqa çox şey bildirə gərək.

Bir könül məhəbbət elərsə izhar.

Çox şeylə seçilər ondakı rəftar.

Şahın məclisinin o məhrəmləri,

Onun həmsöhbəti və həmdəmləri

Yolumu bataqlıq ediblər mənim,

De, necə oradan keçsin köhlənim.

Yəqin ki, məclisdə söhbət edərkən

İskəndər yaxşı söz deməyib məndən.

Odur ki, padşahın yaxın dostları

Dostluqla baxmırlar heç mənə sarı.

Şahın ürəyini adamtanıyan

Qiyas ilə bilər adamlarından:

Şahın adamları danışsa yumşaq,

Onda olar şaha ümid bağlamaq.

Kobud danışsalar səninlə yəqin,

Bil ki, şah bəsləyir sənə qarşı kin.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info