Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Zənci dəmir kimi qara, parlaqdır,

Üzü qaradırsa, ürəyi ağdır!

Dirilik suyunu Zülmatda sanan

Alimlər o hökmü çıxarıb burdan[125].

Xıltdan ayrılmağı öyrən gümüşdən,

Çalış, gümüş kimi saf, təmiz ol sən!

Bir idrak nurani olarsa əgər.

Bu tutqun günbəzə qalxıb yüksələr[126].

Ləkəsiz, tərtəmiz saf səhər çağı

Allah sirlərinin olar ocağı.

Açsan pəncərədən sən pərdələri,

Onda işıq salar günəş içəri.

Günəşə göz yumub, yandırsan çıraq,

Külək söndürəcək onu, bil ancaq.

Günəşin nuruna yedəkçi ol sən,

Səni tərk etsə də, düşmə ümiddən[127].

Süpürüb təmizlə qapı-bacanı,

Heç qonaq çağırma sonra sultanı.

Ova gedən zaman sataşar gözü

Qapına-bacana, tez gələr özü.

O gəlsə yanına qonaq qalmağa,

Bizdən salam söylə sən o qonağa.

Bu qapıya gəldin, məğrur olma sən,

Əl çək boş, mənasız mənsəb güdməkdən.

O xas məclisini qəbul et candan,

Yoxsa qoymaz səni içəri dərban.

Palçıqlı başmaqla o təxtə sarı

Getmə, yolda çıxar sən başmaqları.

Şah ilə həmsüfrə olmaq istəsən,

Dırnaqlarını tut, əlini yu sən.

Şiri-nər olsa da, heç kimsə, əlbət.

Təxt üstə çıxmağa etməz cəsarət.

Təxtə nəqş edilmiş o bir cüt aslan

Dönmüşdür taxtaya təxt qorxusundan.

Sənin dərgahına gələn bir nəfər

Yolunu azarsa, bol sillə yeyər.

Indi sən bir düşün nə dərgahdasan

Gör necə, hansı bir seyrəngahdasan?[128]

Bu qapı önündə olmalısan qul,

Yolun bura düşsə, gəl, ədəbli ol!

Özünü sayırsan əgər hökmüdar,

Itlə, gözətçiylə, de, nə işin var?

Düzdür, tünd danışdım səninlə, amma

Budur xasiyyətim, məni qınama!

Bu yanar ürəyim o zaman göyə

Getmişdi, seyr edib sirr öyrənməyə.

Indi qayıtmışdır, gətirdiyi sirr

Bunlardır, söylədim mən sənə bir-bir.."

Qoca bu saf, təmiz sözləri dedi,

Bu sözlər şaha çox əsər elədi.

Üzü günəş kimi işıqlı, parlaq,

Tələsdi saraya ordan çıxaraq.

Əmr etdi katibə, o da diqqətlə

Yazdı bu sözləri zərli bir xətlə.

 

 

 

HİNDLİ HƏKİMİN İSKƏNDƏRLƏ

SÖHBƏTİ

 

Müğənni, çal, oxu, dilə gəlsin saz!

Bülbüllər bağlarda sakit dayanmaz.

Qızışsın ürəyim sənin nəğmənlə,

Mənim də lal könlüm qoy gəlsin dilə!

Həmin dünyagörmüş filosof dedi:

"Bu hikmət şaha çox təsir elədi.

Şadlığı mənasız görüb dünyada.

O, meyi, məzəni salmadı yada.

Açıldı səhərin zərrin pərdəsi,

Göründü günəşin gülər çöhrəsi.

Bilik ayinilə İskəndər yenə

Çıxdı öz möhtəşəm şahlıq təxtinə[129].

Bir xadim təzimlə gətirdi xəbər

Ki, gəlib hüzura Hinddən bir nəfər.

"Şaha deyilməli sözüm var", deyir,

Şahın hüzuruna izin istəyir.

Eşitcək, buyurdu ona İskəndər

Ki, muğu Günəşə tez yetirsinlər[130].

Şahın əmri ilə göstərib hörmət,

Elçini saraya etdilər dəvət.

Ədəblə, ərkanla, o muğ əyildi,

Atəşin önünə təzimlə gəldi[131].

O parlaq günəşi təxt üstə görcək

Ona səcdə etdi atəşpərəsttək:

Şahın fərmanıyla xidmətçilər də

Onu oturtdular layiqli yerdə.

Məclisdə yerdən ta göylərə qədər

Hər şeydən çox şirin söhbət etdilər.

Hər kəs bacardıqca ürək sözünü

Deyib göstərirdi orda özünü.

Növbə o hindliyə yetişən vaxtda

Təzə gül açıldı köhnə budaqda[132].

Elə sirli sözlər dedi məclisə

Ki, məlum deyildi onlar heç kəsə.

Nurdan bəzək vurdu fələk bağına,

Dürdən sırğa asdı yer qulağına[133].

Elə səna etdi o müğ padşaha,

Sanki işıq saçdı bütün bargaha.

Hindli sənasını tamam elədi,

Sözün pərdəsini açaraq dedi:

"Pərvanə zülmətdə yanan çırağa

Uçantək, gəlmişəm mən də bu bağa[134].

Bəlkə çıraq mənə dostluq göstərə,

Bu tutqun könlümə bir işıq verə.

Mənəm hindlilərə rəhbər, pasiban,

Bədəncə qocayam, fikircə cavan.

Mənim başıbağlı çox sözlərim var,

Onları şərh edən az-az tapılar.

Deyirlər: dünyada hər elmi bilən,

Bilik dövranının başçısı sənsən.

Bir sapa düzülmüş gövhərdir əqlin,

Müşkül düyünlərə açardır dilin.

Həm təxt sahibisən, ucadır təxtin,

Həm bilik vermişdir sənə öz bəxtin.

Sorğuma düz cavab alarsam səndən,

Günə sitayişdən əl çəkərəm mən.

Yox, cavab almasam suallarıma,

yollanıb gedərəm öz diyarıma.

Bircə şərtim vardır, ərz edim sizə,

Heç kəs qarışmasın söhbətimizə.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info