Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bu cürə yarandı təmiz, şirin su.

Xılt saldı su daim sakit duraraq,

O xıltdan törədi gördüyün torpaq.

Dörd ünsür yaratdı o pərvərdigar,

Hərə öz yerində oldu bərqərar.

Qatdı bir-birinə onları həyat,

Yaratdı bunlardan bitki, nəbatat.

Bitki də başqa cür artdı, dirçəldi,

Cürbəcür heyvanlar vücuda gəldi.

Bu qədər dərk edir ağıl hikməti,

Uzağa getməyə yoxdur qüdrəti!"

 

 

 

VALİSİN DEDİKLƏRİ

 

Alim Valis dedi: "Padşah hər zaman

Bu qoca dünyada yaşasın cavan!

Bilik təlimində bəxti yar olsun,

Elm yollarında daim var olsun!

Şahlar şahı özü verdi ki, fərman:

Hər kəs bildiyini eyləsin bəyan.

Mən də ərz eləyim: dünyaya təməl,

Məncə, su olmuşdur hər şeydən əvvəl.

Qızğın hərəkətdən və çaxnaşmadan

O yerə çatdı ki, od oldu əyan.

İldırım buxardan ayırdı odu,

Bundan rütubətli hava doğuldu.

Suyun qatılığı getdikcə artdı,

Həmin qatılıq da yeri yaratdı.

Cövhərlər yerbəyer olduğu zaman,

Təbiət qoynunda yarandı cahan.

Ən saf və ən lətif cüzündən onun

Yaranıb hərəkət elədi gərdun.

"Sudan bu kainat yarana bilməz".

Deyə inkar etmək istəsə hər kəs,

Nütfəni bir anlıq qoy salsın yada,

Sözümə sübutdur, dəlildir o da!"

 

 

 

BƏLİNASIN DEDİKLƏRİ

 

Bilici Bəlinas təzim elədi,

Torpağı öpərək hörmətlə dedi:

"Ey şahım, görüm ki, dünya durduqca

Allahın yanında olasan uca!

Yar olsun əqlinə hər bilik, hər sirr,

Gözü nur, nuru göz ziynətləndirir.

Şah gizli sirləri soruşdu bizdən.

Fikrimi hüzura ərz eləyim mən:

Ilkin tilsim kimi yaranmış torpaq.

Qalan tərkiblər də ondandır ancaq.

Hərəkət qüvvəsi ona etdi kar,

Atəşi söndükcə yarandı buxar.

Onun da ən parlaq zərrələrindən

Ulduzlar yaranmış, - fikrindəyəm mən.

Buxarda vəzncə ağır olanlar

Hərə bir mərkəzdə tuturdu qərar.

Onlardan birinci - işıqlı oddur,

Dünyanın ən yüksək tağı da odur.

İkinci - havadır, hərəkətdədir,

Hərəkət etməzsə, bilinməz nədir.

Üçüncü - sudur ki, təravət verər.

Hər şeyə təzəlik, lətafət verər.

Dördüncü - torpaqdır, tapdayır əyyam.

Tapdanan köksündən toz qalxır müdam."

 

 

 

SOKRATIN DEDİKLƏRİ

 

Sokratın növbəti yetişən zaman

Sanki xurma yağdı yerə ağacdan,

Dedi ki: "Padişah, şadlıqla ömr et.

Din-bilik yolunda daim öndə get!

Sənə şikar olsun bütün arzular,

Sirrlər qarşısında daim aşikar.

Şahın sorduğunu kim deyə bilər?

Çünki çox gizlindir sorduğu sirlər!

Kim necə bacarır fikir söyləsin.

Varını hüzura təqdim eyləsin.

Xilqət səhifəsi açılmamışdan

Bircə vücud varmış, o da yaradan.

Bir bulud yaratmış əzmi, cəlalı,

Şimşəyi, yağışı olmuş faydalı

Onun yağışından yaranmış göylər.

Ildırımından da günəş, ay, ülkər.

Maddələr çökdürüb ondakı buxar,

Bu yeri yaradıb etmiş bərqərar!"

Bələdçi getmədi bundan o yana,

Artıq danışmaqda görmədi məna.

 

 

 

FƏRFURYUSUN DEDİKLƏRİ

 

Alim Fərfuryus da təzim eylədi.

Torpağı öpərək belə söylədi:

"Ey şah, ömr edəsən durduqca dövran,

Bütün dövranların şahı olasan!

Dünya boş qalmasın ədalətindən,

Çünki zülmü, qəhri qəhr eləyənsən.

Haqsevən padşaha cavab olaraq,

Ərz edim fikrimi mən də bu sayaq:

Hələ bu dünyalar yaranmamışdan

Bir cövhər yaratdı böyük yaradan.

Tanrının feyziylə yetirdiyi bu.

Cövhər bir müddətdən dönüb oldu su.

Ikiyə bölündü sonra bu su da,

Yarı üzdə qaldı, yarısı altda,

Bunlar andırırdı müşkü, kafuru,

Yarısı mayedi, yarısı quru[150].

Maye olan hissə etdi hərəkət,

Quru olan isə tapdı sükunət.

Hərəkət eləyən - göy oldu, parlaq.

Sükunətdə qalan - bu yer, bu torpaq.

Mənim də bildiyim bunlardır ki, var,

Düşüncəm çıxmayır bu həddən kənar".

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info