Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Mən bir-bir soruşum, sən də ver cavab,

Ancaq ki, xoşluqla etgilən xitab".

Şah dedi: "Bəhanə axtarma nahaq,

Aç sirri, sual ver, biz qulaq asaq!"

Hindli təzim ilə yeri öpərək,

Sıyırdı dilini hind qılıncıtək.

Şahı layiqincə tərif elədi,

Dünya işlərindən söz açıb dedi:

"De, nə cür ayrılsın ruh bədənimdən,

Qovuşum allaha hansı yolla mən?

Bilirəm, yaradan birdir dünyanı,

Harda tapmaq olar bəs yaradanı?

Özü gizlindədir, nişanı aşkar[135],

O bağlı qapını mənə kim açar?

Mənalar sahibi olan o vücud

Hardadır, yerdəmi, göydəmi mövcud?

Təsəvvür etməkmi, görməkmi olar?

Hardadır, nə deyim, əgər sorsalar?

Yerdəmi, göydəmi, hardadır, deyin.

Onun varlığını isbat eyləyin!"

Şah dedi: "Cavabı belədir bunun:

Bu söz həm qısadır, həm də çox uzun.

Özündən üzünü çevirən zaman

Allahın yolunu tapmış olarsan!

Ona yer axtarmaq doğru sayılmaz,

Yeri yaradanın öz yeri olmaz.

Heç kəs aça bilməz onun sirrini,

Tapmaz düşüncə də əsla yerini.

Düşüncə göz ilə görülə bilən

Şeylərə yol tapar, belədir əslən!

Allahı xəyalda olmaz axtarmaq,

Xəyaldan doğan şey divlərdir ancaq[136].

Bir şeyin əslinə çatarsa xəyal,

Onun yaranması deyildir mahal.

O şey ki, sığmayır insan ağlına,

Dünyanı yaradan deyirik ona.

Bu yolu qəflətlə getmək yaramaz,

Bulud örtər Ayı, göz yumsan bir az.

Haqqı tanımaqçın bəsdir bir nişan.

Bura yetişdinmi, daha dur, dayan![137]

Haqqı tanımaqçın bunlar deyil az,

Allahı tanıyan bu həddi aşmaz.

Bu sirli pərdəyə nə lazım daha

Axtarmaq ibtida və ya intəha?"

Şahın cavabını hindli dinlədi,

Yenidən suallar verərək dedi:

"Bu yerdə, bu göydə nə varsa, əlbət,

Bütün mövcudata var bir nəhayət.

Bəs bu kainatdan, de görüm, kənar

Başqa bir aləmə gedən yolmu var?

Var isə, nə üçün bilmir heç bir kəs?

Yox isə yoxluğa heç bir yol getməz".

Şah dedi: "Köhnədir bu məsələlər.

Təzə bir söz söylə, varınsa əgər.

Bu yerdən, bu göydən kənar çıxma sən,

Yoxsa səriştəni lap itirərsən[138].

Bizə yeddi hüdud çəkmişdir fələk,

Onlardan kənara çıxmayaq gərək[139].

Bundan çıxma kənar, həddini tanı,

Qılınc, teşt gözləyir kənar çıxanı[140].

Bu uca barigah – uca bir hasar,

İçində əsirdir bütün xəyallar[141].

Aşa bilməz ikən onu fikirlər,

O yandan nə cürə gətirər xəbər?

Bunu həll etməkçin var bircə düstur:

Əqildə görünməz şeyə yer yoxdur!

Görünməz bir şeyi düşünsən əgər.

Hər səyin, zəhmətin gedəcək hədər.

Bir çox adamları gözlə görmədən

Təsəvvür elədim xəyalımda mən.

Ancaq həqiqətdə rastlaşan zaman

Gördüm ki, başqadır tamam o insan.

Üstüörtülü bir başqa cahan var,

Orda mümkün olar bu axtarışlar."

Hindli yenə sordu o hökmdardan:

"Nə üçün ikiyə bölünmüş cahan?

Bu cürə bəzəkli bir dünya varkən,

Bir də başqa dünya axtarmaq nədən?

Yaşamaq olursa burada mümkün,

Başqa bir dünyaya köçmək nə üçün?

Əgər orda isə bizim yerimiz,

Əvvəlcə bəs bura neçün gəldik biz?"

Əqilli şah dedi: "Bil, ey sadədil,

Öyrən, könlündəki o tozları sil!

Düzdür, iki dünya yaratmış xuda.

Xəzinə ordadır, açarı burda.

Çalışıb nə əksən bu dünyada sən,

Onun məhsulunu orda biçərsən.

Burda bütün şeylər dəyişir hər an.

Orda əbədidir hər şey, hər zaman.

Yaradan çəkmişdir iki cür pərgar:

Burda zəhmət çəkən orda əcr alar.

Bura bir körpüdür, keçmək gərəkdir,

Sel axıb dənizə töküləcəkdir.

Dağlardan süzülüb axan hər bulaq

Dənizə qovuşar axırda ancaq."

Qoca hindli yenə soruşdu ondan:

"Nədir bu bədənə həyat verən can?

Onu atəş kimi zənn edirəm mən,

Oddan bir şərarə almış hər bədən.

Can da ölüb gedir, sönür atəştək,

Buna şəkk-şübhə olmaya gərək?"

Bu sözdən od tutdu sanki İskəndər,

Saldı o hindliyə odlu bir nəzər,

Dedi: "Əhrimənlik sənin şanındır,

Oddan törənən can sənin canındır.

Yoxsa bilmirsənmi, can etsə səfər,

O yenə gəldiyi məkana dönər?

Atəşdən olsaydı insanın canı.

Cəhənnəm olardı onun məkanı.

Deyirsən: can dəxi çıraqtək sönər.

Qələtdir tamamən dediyin sözlər.

Uca bir aləmdən gəlmiş bizə can,

Yenə ora dönər, ölməz heç zaman!

Canını tapşıran adam üçün, bil,

"Can verdi" deyərlər, "can öldü" deyil.

Əlbəttə, bu sözdə vardır həqiqət,

"Verməklə" "ölməyin" fərqi var, əlbət.

Keç ondan, o qüdsi bir işıqdır, pak.

Allahın nurudur, nə sudur, nə xak!"



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info