Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

 

 

HÜRMÜZÜN DEDİKLƏRİ

 

Hürmüz də əl atdı qıfıla sarı,

Zənciri çeynədi əqlin açarı[151].

Düyünü açmadan əvvəl sidq ilə

Şaha dua edib başladı belə:

"Açıla biləcək hər düyünə sən,

Görüm ki, əql ilə üstün gələsən!

Fələk istəyincə eləsin rəftar.

Şadlığın əbədi olsun payidar!

Padşah hər budağın söz bəhərindən

Lütf edib bir meyvə istəyirsə, mən.

Əlbəttə, çıxmaram belə fərmandan,

Mən də öz fikrimi eləyim bəyan:

Düşüncə yoluna düşəndən bəri

Seyr etdim firuzə rəngli göyləri.

Zənnimcə, bu dərya şövkətli göylər

Dağ başına çökən tüstüyə bənzər.

Bu qorxunc tüstünün üstündə ancaq

Bir elə nur var ki, pak, təmiz, parlaq.

Örtmüşdür o nuru tüstü pərdəsi,

Şan-şan görünmədə tutqun çöhrəsi.

Pərdəyə nəqş olan pəncərələrdən

Işıqlar süzülür cahana hərdən.

Bizim gördüyümüz Gün, Ay, ulduzlar

Həmin işıqdandır bütün hər nə var.

Vardır bu xilqəti yaradan, fəqət,

Bilmirəm nə sayaq olmuş ilk xilqət.."

 

 

 

ƏFLATUNUN DEDİKLƏRİ

 

Əflatun, o ustad, qəlbini açdı,

Dəniztək gövhərlər, dürrlər saçdı:

"Aydın düşüncəli dünya şahından

Dünyada heç bir sirr qalmasın nihan.

Bəxti hər bir işdə ona yar olsun,

Qurtuluş yolunda daim var olsun!

Şahın sorduğunu deyərik şəksiz,

Amma idrakından çəkinirik biz.

Heç yoxdur qorxumuz yanlış sözlərdən.

Çünki bəhs edirik naməlum yerdən.

Düşünüb mən belə verirəm qərar

Ki, yoxdan yaranmış bütün varlıqlar!

Vardan yaratsaydı varı yaradan.

Əbədi qalardı mayə hər zaman.

Mayədən doğurmaq - yaratmaq deyil.

Kəndxuda başqadır, xuda başqa, bil!

Bir kəs ki, əql ona ad verib: Qadır,

Özü bildiyini özü xəlq edir[152].

Ayrıca yaradıb o, hər gövhəri,

Vasitə olmayıb burda digəri.

Hər gövhər bəzənib kəmala yetdi,

Ortadan ixtilaf, ziddiyyət getdi.

Bu zidd qüvvələri bir yerə qatdı,

Ağıllı, hünərli insan yaratdı[153].

Bircə qarışqanın qanadında sən

Tanrı qüdrətini görə bilərsən!"

 

 

 

İSKƏNDƏRİN DEDİKLƏRİ

 

Məclisi xətm etmək məqamı çatdı,

Şah sözün qədrini Aya ucaltdı.

Aləmə günəşdir böyük İskəndər,

Sinəsi nur dolu bir bağa bənzər.

Dövrəyə alaraq şah İskəndəri,

Işığa gəlmişdi nur aşiqləri,

Müdrik olar isə, əlbət, hökmüdar,

Onun ölkəsində müdrik çox olar.

Alimlər deyəni bir-bir eşitdi,

Hər camı ayrıca alıb nuş etdi[154].

Həmin alimlərə əvvəl İskəndər

Allahdan dilədi çox afərinlər,

Sonra söylədi ki: "Ey alimlər, mən

Kainat sirrini xeyli dərindən

Düşündüm, boş, əbəs deyil bu surət,

Əzəldən onu bir çəkən var, əlbət!

Bilirəm, gizli bir rəssam var, ancaq

Bilmirəm bunları çəkmiş nə sayaq?

Bilsəydim bunları necə xəlq etmiş,

Mənim də əlimdən gələrdi bu iş.

Düşüncə qavrasa bir şeyi əgər,

Şübhəsiz, özü də onu düzəldər.

Xilqətin sirrini kəşf etməmiş biz

Tədqiqə çatarmı heç qüdrətimiz?

Göylərə: yazılı vərəq dediniz,

Ayrı cür oxudu fəqət hərəniz.

Dünyanın nəqşini bir nəqş edən var,

Bundan artıq demək mənasız olar!"

 

 

 

NIZAMİNİN DEDİKLƏRİ

 

Nizami, bu qapı açar götürməz,

İlk nəqş bağlananda görməyib heç kəs[155].

Böyük yaradıcı, nə olsa, ancaq,

Hər nə yaratdısa hündür ya alçaq,

Ən əvvəl, şübhəsiz, əqli yaratdı,

Onu öz nuruyla o, aydınlatdı.

Hər nəqşə çəkdisə qadir yaradan,

Əqlin nəzərindən etmədi nihan!

Yalnız ilk nəqşəni gizli nəqş etdi,

Əqlin gözündən də onu gizlətdi.

Ilk xilqət nəqşini qurtarıb, qəsdən

Açdı o pərdəni əqlin gözündən.

Sonra nə xəzinə oldusa aşkar,

Açmaqçın bəxş etdi əqlə bir açar.

Yalnız o ilk hesab qaldı gizlində,

Onda pərdə vardı əqlin gözümdə,

Əqlə aşkar oldu başqa hər nə var,

Nə zaman istəsə, ora yol tapar.

Əqlə bağlı olan o yoldan amma

Danışma, əqildən o yolu sorma.

Əql ancaq elə bir-yerə yol tapar



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info