Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Səhnənin günbəzi düz olsa əgər,

Köklənməmiş tel də gözəl səslənər[118].

Günbəzin bir yeri olarsa xarab,

Xoş səsli adam da alar pis cavab.

Evdən çıxan pislik, yaxşılıq, yəqin,

Əslini göstərər ev yiyəsinin.

Doğrudur, sən özün "Gəl, gəl!" deyirsən,

Dostlarından "Get, get!" eşidirəm mən.

Onlar coşub-daşır coşğun dəniztək,

Belə vurhavurda mümkünmü gəlmək?

Bu ona bənzər ki, dərin bir dərya:

"Məndə dürr-gövhər var!" deyə, çağıra.

Ancaq ağzı açıq dura nəhənglər,

Ora dürr dalınca, söylə, kim gedər"

Qapında: "Uzaq ol!" deyənlər varkən,

Orada nə cürə şəfəq saçım mən?

Məni şah yanında pis göstərənlər

Mənə yox, özünə yamanlıq eylər.

Tək olan tanrıya pənah gətirən

Bir qul heç qorxarmı dünya əhlindən?

Mən bu qulluğumla ağayam sənə,

Gəlsəm hüzuruna, qul ollam yenə!

Baxsan bu məqama ağlın gözüylə

Bilərsən nə üçün ucadır belə".

Şahın xidmətçisi qayıdıb geri.

Ərz etdi hüzura bütün sözləri.

O, dürr süfrəsindən örtüyü açdı,

Şahın ətəyinə dürr-gövhər saçdı[119].

Gövhər bəxş etməkdən bezmədi mədən,

Şah isə yoruldu gövhər seçməkdən.

Düzdür, sərt olsa da Sokratın sözü,

Bəyəndi onları İskəndər özü.

Bildi, onu ancaq xəlvətdə görər,

Piyada yollandı ora İskəndər.

Gördü ki, yaşayır çox pərişan, tək,

Xərabə guşədə bir xəzinətək.

Dünya gərdişinə yumub gözünü,

Hücrəyə çəkmişdi Sokrat özünü.

Şahın ürəyini bu hal qanatdı,

Tərpədib ayaqla onu oyatdı.

Dedi: "Qalx ayağa, mənə qulaq as,

Eyləyim dünyada səni biniyaz."

Alim gülüb dedi: "Bu qüdrətin var,

Məni yox, get, başqa bir adam axtar.

Kim qane olarsa bir ovuc dənə,

Dönməz dəyirmantək sənin dövrənə!

Arpa çörəyinə edib qənaət,

Buğda çörəyinə çəkmərəm minnət.

Evdə bir arpası olmayan bir kəs

Yarım arpa qədər minnət götürməz.

Bir saman çöpündən yoruluram mən,

Dağ boyda yük alım çiynimə nədən?"

Şah dedi dübarə: "Ey nəcib insan,

Mal-dövlət, nə desən, eylərəm ehsan!"

Alim verdi şaha qürurla cavab:

"Gəl, məntək adama vermə sən əzab,

Mən qat-qat varlıyam hümmətdə səndən,

Mən bir azyeyənəm, sənsə çoxyeyən.

Bu geniş dünyaya maliksən özün,

Ancaq bu süfrədən doymayır gözün[120].

Mənsə, qorxmasaydım isti-soyuqdan,

Bax, bu şəltəni də atardım çoxdan.

Bu qədər ağır yük altındaykən sən,

Mənim tələbimi necə ödərsən?"

Hökmüdar söylədi: "Ver görüm cavab,

Sən kimsən, məni kim edirsən hesab?"

Belə cavab aldı padşah qocadan:

"Mən fərman verənəm, sən fərman alan!"

Şaha acıq gəldi, söylədi ona:

"Bu örtülü sözdən de, nədir məna?"

Yenə cavab verdi ağıllı Sokrat:

"Dinlə, mənasını deyim bu saat:

Mənim həvəs adlı bir nökərim var,

O daim önümdə fərmanla durar.

Həmin on nökərin nökərisən sən,

Mənə qul olana qulluq edənsən!"

Padşah bu sözlərdən dərsini aldı,

Utanıb, başını aşağı saldı.

Şah ona dedi ki: "Üzümdəki nur

Mənim pak fikrimə aydın sübutdur.

Sən paksan, paklardan düşmə uzağa,

Diriykən boş yerə girmə torpağa!"

Sokrat verdi ona gümüştək cavab:

Dedi ki: "Qulağa tökülməz simab![121]

Səndə ki pak olmaq idiası var,

Bəs niyə heyvantək edirsən rəftar?

Əlbəttə, tələsən bir heyvan ancaq

Oyadar insanı təpik vuraraq.

Mən yatmış, sən oyaq olan zamanda,

Təpik niyə vurdun bəs oyadanda?

Oyatdın hirslənib çox yatmağımdan,

Halbuki sən özün çoxdan yatıbsan!

Yatıb dovşan kimi, coşub pələngtək,

Gəl, ayıq aslanla qovğadan əl çək.

Özünə ov axtar, get, dolan bir az,

Mənimtək aslandan sənə ov olmaz!"

Bu qızğın danışıq təsir edərək

Şahın ürəyini yumşaltdı mumtək.

Sonra o, alimə eləyib minnət,

Istədi bir qədər öyüd-nəsihət.

Pərhizkar qocanın hiddəti getdi,

Şirin bir dil ilə o söhbət etdi.

Şahı nəsihətlə qane eylədi,

Ona öyüd verib belə söylədi:

"Əlində yumşalsa dəmir, bunu bil,

Tədbirlə yumşalar, hiddətlə deyil!

Qəlbi də, istəsən, bu sayaqla sən

Parladıb aynatək edə bilərsən.

Dəmiri aynatək parladan insan

Pası silməlidir öz vicdanından[122].

O qədər saf qəlbli, pak vicdanlı ol,

Mənəvi sirləri edəsən qəbul.

Pis olan şəxslərə vur qara damğa,

Çalış öz qəlbini saflaşdırmağa.

Qəlbiqara kəsin dili düz deyil.

Olmaz hər zəncidən bir Xacə Müqbil[123].

Zəncinin zahiri qaradır, ancaq,

Sən ağzından çıxan saf sözlərə bax.

Qara olsan əgər, söyüd kimi yan,

Zəncinin dişini odur ağardan[124].



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info