Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Əflatun yaradıb bir elə pərdə

Ki, onu bir bilən yoxdur heç yerdə.

Onun qurduğu saz elə səslənir

Ki, fələk o səsə yerlərə enir.

Müəyyən pərdədə bir hava çalır

Ki, bütün heyvanlar yuxuya dalır.

Başqa bir pərdədə çaldığı zaman

Yatanlar hamısı durur yuxudan.

Şahın sarayına çatdı bu xəbər

Ki, Zöhrə Harutla bəhsə giriblər[111].

Ərəstu bildi ki, o böyük ustad

Qəribə bir alət eləyib icad.

Xəcalət çəkəntək düşməndən düşmən

Utandı alimin bu hünərindən.

Sarayda bir küncdə xəyala daldı,

Onun dar qəlbini bərk həsəd aldı.

O zərif sənətin, o xəzinənin

Sirrini bilməkçin düşündü dərin.

Xəyala gedərək bir xeyli müddət,

Gecəli-gündüzlü çəkdi əziyyət.

Axır, əzab çəkib aylar uzunu,

Bu sirli kələfin tapdı ucunu.

Öz iti əqlinin köməyi ilə

Bildi ki, saz necə gəlirmiş dilə.

O səslər qulağa nə sayaq çatır

Ki, bəzən yatırdır, bəzən oyadır.

Bildi ki, o sazda necədir nisbət,

Düzəltdi belə saz o da, nəhayət,

Səhraya gedərək sazını aldı,

Bihuşluq gətirən havanı çaldı,

Heyvanlar eşidib, getdilər huşdan.

O, başqa bir hava çaldı bu zaman,

Bu dəfə olmadı ona bəxti yar,

Huşsuzlar yuxudan oyanmadılar.

Nə qədər çaldısa, bəlkə birtəhər

Yatmışlar ayılıb huşa gəlsinlər,

Olmadı...Köklədi sazı hər sayaq,

Özü də bu işə mat qaldı ancaq..

Aciz qaldığını özü görəndə

Axtardı əlacı müəllimində.

Gedib özü oldu ustada təslim,

Başladı almağa həvəslə təlim.

Soruşdu: "Huşsuzu huşa gətirən

O hansı havadır, bilməyirəm mən.

Hansı pərdələrdən çıxır o avaz?

Nə cürə köklənsin onda gərək saz?"

Əflatun gördü ki, o böyük insan

Yalvarıb öyrənmək istəyir ondan.

Çöldə bir xətt çəkib, sazını aldı,

Kökləyib, bildiyi havanı çaldı.

Nə qədər şir və gur var biyabanda

Yığılıb gəldilər səsə bir anda.

Birinci havanı çalanda, yenə

Baş qoyub yatdılar Məndəl xəttinə[112].

Başqa bir hava da çaldı o ustad.

Ərəstu özü də yatdı o saat.

Əflatun bir hava çaldı bu zaman,

Heyvanlar ayıldı yenə yuxudan.

Başqa bir hava da çaldı yenidən.

Ərəstu sıçrayıb qalxdı yerindən.

Mat-məbhut yerində durub dayandı,

Bilmədi heyvanlar necə oyandı.

Nə oldu onları huşa gətirən,

Nə oldu onlara hərəkət verən?

Bildi ki, o alim, o sahibhünər

Sirri gizlətmişdir ondan bu təhər.

Ondan üzr istəyib, çox dua etdi,

O da gizlin-sirri buna öyrətdi.

Öyrənib bunları yazdı Ərəstu,

Özü yazdığını dəftərdən pozdu.

Ustadın hünərin eləyib iqrar,

Ehtiram göstərdi ona o ki var.

Şah bildi kimdəymiş əsil istedad,

Rumda Əflatundur elmə baş ustad.

O da rütbəsini artırdı onun,

Sarayda uca yer tutdu Əflatun.

 

 

 

ƏFLATUNUN KEÇMİŞDƏN HEKAYƏ

SÖYLƏMƏSİ

 

Müğənni, çəngini yenə saz elə,

Xoş sözçün səsini xoşavaz elə.

Könlünü şad elə sən o çəng ilə,

Gəl nəvaziş eylə xoş ahəng ilə!

Güldü ertəsi gün üfüq zəfərlə,

Gecə vidalaşdı qızıl səhərlə.

Səma çəmənində günəş gül açdı,

Ay da balıq kimi sulara qaçdı.

Öz qızıl təxtinə çıxdı İskəndər

Belində gövhərlə bəzəkli kəmər.

Yenə alimlərdən bir məclis qurdu,

Əflatun hamıdan başda oturdu.

Əsrarlı sazına şah qalıb heyran,

Təəccüb içində soruşdu ondan:

"Ey hikmətli qoca, ey nurani pir,

Sizin əqlinizə əyandır hər sirr.

Bilik qıfılına sizsiniz açar,

Bilik sayənizdə olubdur aşkar.

Keçmiş alimlərdən verin bir xəbər,

Olubmu sizdən çox bilən bir nəfər?

Sizdən əvvəlkilər elə bir xəyal

Edibmi ki, ola sizinçün mahal?"

Əflatun padşaha dua edərək,

Dedi ki: "Firuzə rəngli bu fələk

Cürbəcür əfsunlar edib ixtira

Ki, bizim əqlimiz yetməz onlara.

Keçmişdə alimlər görüb çox işlər.

Çox əfsun, çox hiylə icad etmişlər.

Doğrusu, onların indiki zaman

yüzdə birini də yoxdur anlayan!

Şah izn verərsə, o sirlərin mən

Deyərəm onda yox, yüzdə birindən."

Bu işə razılıq verdi İskəndər,

Danışsın onlardan alim bir qədər.

Əflatun söylədi: "Var ol, hökmüdar,

Sənin elmə, fənnə məhəbbətin var...

Deyirlər buxarla alov əl-ələ

Verib bu dünyaya saldı zəlzələ,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info