Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Hindli bir söz atdı yenə ortaya,

Soruşdu ondan ki: "Bəs nədir röya?

İnsan yatan zaman yuxu görərkən

Nədir xəyalına qol-qanad verən?

Dağları, daşları gəzir röyada,

Min cür sərgüzəştlər görür dünyada.

Əgər orda isə röya görən kəs,

Yerində sərilib yatan kimdir bəs?"

Acıqla söylədi ona hökmüdar:

"Röya bir xəyaldır, bədəndən doğar.

Bütün röyaların kökü bədəndir,

Yad deyil, hamısı bu bədəndəndir.

Yuxuda gördüyün canlı, ya cansız,

Sənin öz şamının odudur yalnız[142].

Sənə öz düşüncən göstərir yuxu,

Sənin öz arzundur onların çoxu.

Bilmək istəsən ki, neçin arzular

Yatmış bir adama görünür aşkar?

Hər qeyddən asudə olanda xəyal,

Ona gizlin qalmaz artıq heç bir hal.

Riyazət çəkənlər, bilmirsən məgər,

Ayıqkən ən gizlin sirləri bilər.

O sirr ki, başqası görər röyada

Onlar ayıq ikən görər dünyada".

Hindli yenə şahdan sual elədi,

Gövhəri almazla deşərək dedi:[143]

"Pis gözdən sən uzaq olasan, ey şah,

Gəl elə bir məni pis gözdən agah.

Necə bir qüvvədir, söylə, bəd nəzər

Ki, öz sevdiyini gözə gətirər?

Təcrübə sahibi, müdrik bir insan

Ondan daha pis şey görməyib, inan!

Bəyənilən şeyi görsə xoşnəzər,

Ona gözəl şeylər əlavə edər.

Hər şeyi bəyənsə bədnəzər, ancaq

Onu tələf edər, qoymaz qala sağ.

Biz hansı peşəni etdiksə tədqiq.

Görmədik bir sözü, əməli dəqiq.

Bircə o bəd nəzər oxunu atan

Dümdüz nişanəyə vurur hər zaman.

De görək bir, nədir ondakı qüvvət,

Neçin üzərriklə dəf olur afət?

Nə bilim, birinə rast gəlsəm əgər,

O qəlbitəmizdir, yoxsa bədnəzər?"

Şah dedi: "Düşünüb alimlər incə.

Bundan çıxarıblar belə nəticə:

Şübhəsiz, hər şeyə düşərsə nəzər,

Havadan keçərək eləyər əsər.

Bu zaman havayla birləşir, yəqin,

Odur ki, təsiri artır nəzərin.

Dəydiyi nöqtəyə göz salar bir iz,

Hava da o yerə bir yol tapar tez.

Əgər sağlam olsa hava bu zaman,

Dəydiyi şeylərə yetirməz ziyan.

Yox, əgər olarsa havada zəhər,

Dəydiyi hər şeyi yəqin məhv edər.

Göz, dəyən hər şeyə tək özü deyil,

Havayla birlikdə zərər verir, bil.

Zənnimcə, burda bir başqa sirr də var.

O hələ bizlərə deyildir aşkar:

Bədnəzər tək özü eləməz təsir,

Səbəbkar - qarşıda cilvələnəndir.

Bədnəzər, önündə gözəl şey görcək,

Ona nəzər salıb cəza verəcək.

Gözəl şey olmalı ondan uzaqda,

Yolundan gözündən daim iraqda.

Gözünə görünsə bir gözəl surət,

Əz çirkin işinə başlar o əlbət.

Hər kim xoş görünsə gözünə onun

Tez tələf edər ki, olmasın məftun.

Birinə bəd nəzər dəyərsə əgər,

Dəyişər əhvalı, tez-tez əsnəyər.

Bədnəzər olarsa əgər bir insan

Alnı hərarətdən tərlər çox zaman.

Bu iki əlamət aydın göstərər:

Kimdir gözə gələn, kimdir bədnəzər.

Üzərrik yaxarlar göz dəyən üçün,

Od yaxıb-yandırar dərdi büsbütün.

Başqa alim isə belə şərh edir:

Üzərrik yananda tüstüsü gedir,

Qara pərdə kimi tutur havanı,

Qaytarır, rəf edir gələn bəlanı."

Rumipərəst hindli doymaq bilmədi.

Öz hind qılıncını çəkərək dedi:[144]

"Yaxşını, yamanı, deyin, nə təhər

Verir qabaqcadan münəccim xəbər?

Bir əməl ki, üzə çıxmayıb hələ,

Xoşluğu, bədliyi gələrmi dilə?"

Diqqətlə yetirib hindliyə nəzər

Ilahi kəlamla dedi İskəndər:

"Dünyada nə varsa - yaman və yaxşı.

Göylərin tağına çəkilib naxşı.

Münəccim rəmlini atdığı zaman,

Taleyin naxşını oxuyur ordan.

Zəmiyə səpilmiş toxumun bir-bir

Necə bitməsini bilir, bildirir.

Bizə üz verəndə bir gün ehtiyac,

Eldir dərdimizə yaradan əlac.

Baxıb arzumuza, istəyimizə,

Açır qədərincə sirləri bizə,

Göndərir bir mələk, əlində açar,

Edir gizli sirri bizlərə aşkar".

Hindli bu şərabdan məst olub qaldı[145],

Nəhayət, qılıncı əlindən saldı.

Sordu ki: "Zənciylə çinli nə sayaq

Biri qara olmuş, o birisi ağ?

Bu küpdə olan rəng yalnız bircədir[146],

Bəs bu ikiliyin səbəbi nədir?"

Şah dedi: "Hərlənən bu kürə, əslən

Özü ikirəngdir, birrəng bilmə sən.

Güzgütək iki üz vardır günəşdə,

Bir üzü Çindədir, biri Həbəşdə.

Bir üzü eləyər üzü aypara,

Bir üzü eləyər kömürtək qara!"

Hindli sualların cavablarından

Qalmışdı şahdakı biliyə heyran.

Ona təslim olub diz çökdü yerə,

Şahın da ucaldı başı göylərə.

Çox şükür eləyib böyük Allaha,

- Afərin! - dedilər alimlər şaha.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info