Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Oğlumun bəxtindən könlüm şad oldu,

Çünki xəzinəylə birgə doğuldu.

Oldum o gecədən varlı, bəxtiyar,

Çünki həm xəzinə tapdım, həm açar"

Bütün sərgüzəşti burada bitdi,

Sözünü qurtarıb o, sükut etdi.

Şah sordu: "Hansı gün doğulub oğlan?

Arvadın hamilə olub nə zaman?"

Çörəkçi tez gedib evinə dəydi,

Gətirdi padşaha etdiyi qeydi.

Həmin vərəqəni alıb şah isə

Göndərib tapşırdı alim Valisə:

"Uşağın bəxtini ulduzlardan sən,

Çalış, tədqiq elə, tezliklə öyrən.

Onun yaxşı-yaman bəxtini axtar.

Öyrəndikdən sonra de mənə aşkar."

Valis bu fərmanı alıb, bir müddət

Göydə ulduzlara eylədi diqqət.

Görüb ulduzların göydə seyrini,

Gizlin əhvalatın bildi sirrini.

Yazdı İskəndərə öz gördüyünü.

Qulaq deyəni yox, göz gördüyünü.

Valisdən məktubu aldığı zaman

Yazdığı şeylərə şah qaldı heyran.

Pərdə ardındakı o nəqşələrdən

Belə danışırdı tale göstərən:

"Bu, bir çörəkçidən olmuş uşaqdır

Ki, dövlət nuruyla parlayacaqdır.

O körpə anadan lüt doğulsa da,

Var-dövlət sahibi olmuş dünyada.

Atası oğlunun xoşbəxtliyindən

Varlanıb dövlətli olacaq birdən.

Taleyi belədir, uşaq doğulcaq

Xəzinə üstünə basacaq ayaq".

Şahı sarsıtmışdı bu söz, bu söhbət,

O gövhər satana etdi mərhəmət[104].

Onu əzizləyib elə o gündən.

Elədi ən yaxın nədimlərimdən.

 

 

 

ALİMLƏRİN HÜRMÜZÜ İNKAR ETMƏLƏRİ VƏ

HƏLAK OLMALARININ HEKAYƏTİ

 

Müğənni, sazını ələ alsana,

Xoşahəng nəğməndən bizə çalsana!

Dar pərdə dinləmək istəmirik biz,

Genişdir, yüksəkdir öz ahəngimiz.

Rumlu filosoflar sözləşib hərdən,

Yığılıb gələrdi hərə bir yerdən.

Onlar hər elmdən söhbət açardı,

Hikmətli sözləri şəfəq saçardı.

Kim yaxşı etsəydi sözünü isbat,

Başlılar başçısı olardı o zat.

Hürmüz adlı alim haqq danışmaqda

Gedərdi hamıdan daim qabaqda.

Çox möhkəm olardı onun dəlili,

Qane eləyərdi hamını dili.

Bir çox ruhanini faş etdiyindən,

Oldu yunanlılar onunla düşmən.

Bir gün yetmiş alim çıxardı qərar,

Onun hər sözünü etsinlər inkar:

"Hürmüz nə söyləsə, razı olmayaq,

Doğru sözlərinə asmayaq qulaq.

Onu yerli-dibli eyləyək inkar..."

Inkarla haqq sözü danmaqmı olar?

Hamısı söz qoyub əhd elədilər,

Hürmüz çıxardıqca mədəndən gövhər,

Qiymətdən salsınlar söz dənizini,

Torpaqla örtsünlər xəzinəsini.

Hər doğru sözünə yalan desinlər,

Onun haqq sözünü eşitməsinlər...

Hürmüz söz bəhrindən gövhər saçanda,

Elmi-ilahidən söhbət açanda,

Hər sözə dəlillər gətirib ustad,

Hər şeyi aydınca etdikcə isbat,

Gördü ki, onlara heç etmir bu kar,

Hər şeyi hay-küylə edirlər inkar.

Başqa bir xəzinə çıxartdı üzə,

Yeni dəlillərlə başladı sözə.

Gətirdiyi dəlil, dediyi fikir

Qəlbə yox, daşa da edərdi təsir.

Yenə də sözünü təsirsiz görcək,

Bildi ki, burda var yəqin, bir kələk.

Üçüncü dəfə də müşküllər açan

Diliylə haqq sözü eylədi bəyan.

Qəlbə fərəh verən gözəl sözlərdən

Onlara söylədi nə qədər desən.

Bu qədər çaldığı zəngin səsinə

Heç biri etina etmədi yenə.

Daha danışmaqdan taqətsiz oldu,

Boğazı qurudu, dili tutuldu.

Bildi ki, həriflər tərs davranırlar.

Aydın dəlilləri qəsdən danırlar.

Görməyib onlarda heç bir hərəkət,

Üzünü döndərib elədi nifrət.

Qışqırdı onlara hiddətlənərək:

"Qalın yerinizdə qiyamətədək!"

Bir anın içində o yetmiş nəfər

Qalıb hərəkətdən buza döndülər.

Başları su kimi ayağa düşdü,

Donmuş bədənləri torpağa düşdü.

Düz pərdədə əyri çaldıqlarından

Pərdənin dalında oldular nihan[105].

Həmin əhvalatdan tutanda xəbər

Ulduztək parladı orda İskəndər.

O sərv meşəsində gördü ki, ancaq

Yetmişi quruyub, biri qalıb sağ[106].

Hürmüzdən soruşdu, o etdi bəyan:

"Hümmətim kəşf etdi, - dedi, - asiman!

İskəndər "afərin" söyləyib ona,

Ordan tez qayıtdı öz dərgahına.,

Hər kəsə, xəlvətdə, düşəndə fürsət,

Ona bu dastandan edərdi söhbət:

"Yetmişlər başladı tufan salmağa,

Özləri çöp oldu, Hürmüzsə dalğa."

Haqqı eşitməsə hər kəs dünyada

Ömrünü kül edib verəcək bada.

Ustadın dərsini kim etsə inkar,

Onlartək kəfənə tutacaq ruzgar.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info