Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Ona vermiş idi şah öz könlümü,

Qəmlə keçirirdi bütün gününü.

Qüssə gətirmişdi o şahı cana,

Təxtindən enərək çıxdı eyvana,

Eyvanda dayanıb qəmgin, mükəddər,

Ordan çölə, dağa salırdı nəzər.

Padişah çölləri seyr edən zaman

Göründü gözünə onun bir çoban.

Müdrik bir qocaydı, nurlu, zəkalı,

Kafurtək ağ idi saçı, saqqalı.

Sürü yayıldıqca çəmənə, çölə

Ürəyi fərəhdən gəlirdi dilə.

Şah bir az sevindi onu görərkən,

Çünki nur yağırdı gülər üzündən.

Tez adam göndərdi onun yanına.

Çağırtdı çobanı öz eyvanına.

Qulamlar baş əyib hökmünə yenə.

Piri gətirdilər şahın qəsrinə.

Çoban daxil olub uca saraya,

Bir qəsr gördü ki, ucalmış Aya.

Bilirdi, belə sədd İskəndərin var,

Xoşbəxtdir bu qəsrə daxil olanlar.

Ədəblə yer öpdü, çünki bir müddət

Başqa şahlara da etmişdi xidmət.

Şah onu yanına dəvət elədi,

Onunla söhbətə başlayıb dedi:

"Ay kişi, gəl, mənə dağdan, dərədən

Gözəl bir sərgüzəşt danış görüm sən.

Ürəyim kədərdən çəkilib dara,

Bəlkə söhbətinlə edəsən çara..."

Çoban söylədi ki: "Ey tacidar, sən

Özünsən aləmi abad eyləyən.

Taxtın işıq salsın ölkəyə hər an,

Pis göz uzaq olsun təxtü tacından.

Əvvəl söylə görüm, sən, ey hökmüdar,

Nə üçün tutmuşdur könlünü qubar?

Söylə ki, müsahib o yolla getsin,

Sözləri dərdinə bir çarə etsin."

Çobanın sözünü şah çox bəyəndi,

Gördü ki, söz bilən və iş biləndi.

Ağıllı danışır dinpərvər kimi,

Mənasız söz demir çöllülər kimi.

Şah onu dərdindən etdi xəbərdar...

Bu sirri biləndə çoban da təkrar

Torpağı öpərək yenə də şaha

Sidqlə, ürəkdən elədi dua.

Dedi: "Gəncliyimin xoş zamanında

Mən xidmət etmişəm şahlar yanında.

O xidmət etdiyim şahlar içində

Biri var, yadımdan çıxmaz bu gün də:

O bir şahzadəydi, Mərvdə yaşardı.

Uca qəd-qaməti, gül üzü vardı.

Boyuna sərvlər min həsrət çəkər,

Üzünün rəngindən sərxoşdu güllər.

Vardı bir gəlini - gözəl, mehriban,

Saray nur alardı ay kimi ondan.

Göz dəydi o qıza, üz verdi əzab,

Qızdırma əlindən oldu o, bitab.

Canını yandıran bu bəd azara,

Nə qədər etdilər, olmadı çara.

Uca sərv incəlib söyüdtək əsdi,

Hamı o gözəldən ümidi kəsdi.

Şahzadə ölümlə pəncə-pəncəyə

Görəndə gözəli: - Sağalmaz, - deyə.

Hələ o dilbəri almamış əcəl,

Biçarə gözəldən tamam üzdü əl.

Naümid olaraq, o birdən-birə

Dünyadan əl çəkib düşdü çöllərə.

Vardı həmin yerdə ucsuz-bucaqsız,

Qupquru bir səhra - meşəsiz, dağsız,

Hər tərəf xaraba mağaralardı,

İçində pələnglər, şirlər yatardı.

Nə bir ot, nə yarpaq - hər tərəf ölü,

Xalq ona deyirdi: Ölümlər çölü".

Hər kəs əl çəksəydi dünyada candan,

O möhnət çölündə olardı nihan.

Heç görən, eşidən yoxdu: bir nəfər

Ordan sağ qayıdıb gətirə xəbər.

Şahzadə dözülməz qəmdən, qüssədən

O çölü etmişdi özünə məskən.

Bir dostu vardı ki, o şahzadənin

Yolunda canından keçərdi yəqin.

Bildi ki, bu çöldə cavan şahzadə

Ömrünü verəcək boş yerə badə.

Quldurtək niqablı, əlində yaraq,

Getdi arxasınca, ona çataraq

Tanınmaz bir səslə qopardı nərə,

Tutub şahzadəni o sərdi yerə.

Şahzadə sərvtək yerə yıxılcaq,

Tez onun gözünü bağladı qoçaq.

Tərk etdi durmadan o qorxunc yeri,

Onu gözübağlı qaytardı geri.

Cavanın vardı bir gizlin otağı,

Aparıb oturtdu orda qonağı.

Yanında qoydu bir keşikçi - məhrəm,

Sirri şahzadədən saxladı möhkəm.

Çörəyə, suya da edib qənaət,

Başqa şey verməyə vermədi rüxsət.

O dustaq şahzadə, sinəsi dağlı,

Qəlbi, könlü tutqun, gözləri bağlı,

Özü öz işinə qalmışdı heyran:

Bu bəla hardandır, nədir bu zindan?

Dostusa, durmayıb cəhd edir yenə,

Çarə axtarırdı onun dərdinə.

Çalışıb gəlini sağaltdı əvvəl.

Yüz cürə şərbətlə dəf oldu əcəl.

Dərdbilən bir təbib elədi dəvət,

Saxladı yanında onu bir müddət.

Qurtardı gözəli verdiyi dərman,

Tərtəmiz sağaldı o, qızdırmadan.

Əvvəlki gözəllik gəldi yerinə,

Başladı şənliyə, çəmən seyrinə.

Dərmandan tapınca o gözəl şəfa.

Durdu axtarmağa könlünə dəva.

Cavansa, gözəli görəndə belə,

Duydu ki, ürəyi vurur eşq ilə.

Evində şahanə bir məclis açdı,

Udun xoş ətrini hər yana saçdı,

Düzdü hər tərəfə gülü, sünbülü,

Oturtdu bir yanda o qızıl gülü.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info