Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

 

 

 

KİTABIN BAŞLANMASI

 

Yunanlı filosof, zəkada nadir,

Çıxartdı mədəndən belə cəvahir:

Bir dəfə dünyanı səyahət edən

İskəndər keçərək neçə ölkədən,

Gəlib öz yerinə, yurduna çatdı,

Doğma vətənini nurla parlatdı.

Ağıl hər bir sirrə yol tapsın deyə.

O verdi fikrini elmə, biliyə,

Xəyalı göyləri gəzdi, dolaşdı,

Bağlı qapıların sirrini açdı.

Bəyəndi pəhləvi, yunan və dəri

Dilində yazılmış bir çox əsəri.

Bir də fars dilində şahanə dəftər

Olmuşdu dilində su kimi əzbər,

Istər Rum elində, istər Yunanda,

Dünya dillərində nə var cahanda.

Buyurdu tərcümə edilsin bütün

Bilik xəznəsini doldurmaq üçün.

Dürr yığdı elm üçün bir-bir hər yandan.

Bunlardan yaratdı böyük bir ümman.

Onun yaratdığı birinci əsər

Dünyaşünaslıqdan verirdi xəbər.

O biri - ruhani sirlərə açar,

Onunla yunanlar əbədi yaşar.

Bir də "İskəndərin qeydləri"dir,

Mum kimi yumşalar bununla dəmir.

Kin, qəzəb, mərhəmət nədir - bilərlər,

Fələyin sirrindən tutarlar xəbər.

O gövhər kanını yox edib ruzgar,

Bircə "Intiyaxis" qalıb yadigar[78].

Neçə əql övladı nur yaya yaya,

O şahın rəyilə gəldi dünyaya.

O böyük, ağıllı, ayıq hökmüdar

Öz şahlıq taxtında tutarkən qərar,

Əmr etdi, verildi belə bir fərman:

"Alimdir gözümdə ən əziz insan!

Elmlə, hünərlə! - Başqa cür heç kəs

Heç kəsə üstünlük eləyə bilməz!

Rütbələr içində seçilir biri -

Hamıdan ucadır alimin yeri!"

Belə qərar verdi: yanında ancaq

Hər kəs öz elmiylə bir yer tutacaq.

Hamı elmə, fənnə elədi rəğbət.

Çünki elmə təşviq edirdi dövlət.

Elmə qiymət qoydu böyük hökmüran.

Elm ilə ucaldı dünyada Yunan.

Onun tacü təxti indi yoxsa da,

Elm ilə məşhurdur bütün dünyada.

Qəsrinin bürcləri göyə dəyərdi,

Haqqın cəlalına o, baş əyərdi.

Hücrəsi ziynətsiz, bərsiz-bəzəksiz,

Bir dəri üstündə o, çökərdi diz.

Söyüddən qurulmuş sadə bir otaq,

Yerliyi ağappaq, tərtəmiz torpaq.

Könlü bu dünyadan doyduğu zaman

İbadətxanaya olardı rəvan.

Tacını götürüb, bir xeyli müddət

Elərdi ürəkdən haqqa ibadət.

Üzünü sürtərək təmiz torpağa

Başlardı tanrıya o yalvarmağa.

Keçmiş günlər üçün şükr eləyərək,

Gələcək işlərə dilərdi kömək.

Bütün qazandığı qalibiyyəti

Sanardı allahın bir inayəti.

Allaha şahanə dua edərdi,

Özü də duaya layiq bir ərdi.

Könüldən gəlməyən dua, yaxşı bil,

Mənasız bir işdir, ibadət deyil.

Sidq ilə ibadət eləsə insan

Naümid qayıtmaz haqq dərgahından.

İskəndər belə bir düz yolla getdi,

Odur ki, cahanı tamam fəth etdi.

Qafil şahlar kimi keyfə dalaraq,

Yaxşını, yamanı gözündən iraq

Qoymazdı... O, zülmə verməzdi imkan,

Saxlardı dünyada daim bir mizan.

Qocalar, cavanlar, uşaqlar üçün

Açıqdı qapısı onun bütün gün.

Özünə düzlüyü eləyib şüar,

O, yeddi ölkəyə oldu hökmüdar.

Tədbir soruşardı iş bilənlərdən.

Odur ki, olmuşdu özü işbilən.

Yoxsa rum papaqlı bir türk nə sayaq

Çinə, Hindistana basardı ayaq?[79]

Deyirlər, getsəydi o bir yer üstə,

Yanında hazırdı bu altı dəstə:

Minlərcə ən möhkəm, mərd qılıncvuran

Durardı əmrində onun hər zaman,

Əfsunda Harutu vurub keçənlər,

Neçə əfsun quran, neçə cadugər[80],

Elə nitqlər ki, dilləri atəş,

Heyrandı onlara səmada günəş.

Alim, uzaqgörən hikmətşünaslar,

Saysız, hesabsızdı qiymətşünaslar,

Qoca zahidlər də vardı bir qədər,

Dua elərdilər onlar gecələr.

Peyğəmbərlərə də gətirib pənah.

Almışdı orduya onlardan da şah.

Bir işi düyünə düşsə, hər zaman

Kömək istəyərdi daim bunlardan.

Bu altı dəstədən məclis qurardı,

Onlardan iş üçün tədbir sorardı.

Hər kəs bildiyini açıb deyərək,

Ona öz işində edərdi kömək.

Bu qədər köməkçi edib məsləhət.

Düyünü açardı onlar, nəhayət.

Yaşlı kişilərin məsləhətilə,

Xoştale ulduzun hərəkətilə

Gördüyü tədbirlər düz çıxan zaman,

Çatardı məqsədə qadir hökmüran.

Ona rast gələndə bir qatı düşmən,

Vuruşda işləri bərkə düşərkən,

Qızılı salardı işə ən əvvəl,

Qızıltək eylərdi işi təmiz həll.

Qızıl iş görməsə, iş olsa mahal,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info