Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Qılınca atardı əlini dərhal

Qılınc etməsəydi bu işə çara,

İşi tapşırardı əfsunçulara.

Bir iş görməsəydi onlar da əgər,

Köməyə gələrdi onda natiqlər.

Söz də etməsəydi düşmənə təsir,

Alimlər yığışıb görərdi tədbir.

Onlar da qalsaydı tədbirdə naçar,

Zahidlər allaha yalvarardılar.

Bu da verməsəydi əgər səmərə,

Həvalə edərdi peyğəmbərlərə.

İşə gəlməsəydi heç biri hərgah.

Haqqa gətirərdi axırda pənah.

Bəxti yar olardı o şaha müdam,

İşinə verərdi xeyr ilə əncam.

Keçdiyi yollara edərdi diqqət,

Gördüyü şeylərdən alardı ibrət.

Kefdən, əyləncədən ovçuluğadək

Heç şeyə baxmazdı bir oyuncaqtək..

Şah içki məclisi düzəltdi bir gün,

Şadlığa qərq etdi dünyanı bütün.

Müğənnilər gəldi, çalanlar gəldi,

Ucsuz-bucaqsız bir məclis düzəldi.

Məclisdə bir gözəl oxuyan vardı,

Şah ona daima nəzər salardı:

Libası yeddi rəng zərif ipəkdən.

Ərişi, arğacı güldən, çiçəkdən,

O qəşəng paltara edib tamaşa,

Heyran qalmış idi xanəndəyə şah.

Paltar günəş kimi par-par yanırdı,

Ancaq ki, xam bezdən astarı vardı.

O paltar sahibi bir xeyli müddət

Ömr etdi, hər yanda qazandı şöhrət.

Soldurdu, toz-torpaq vermədi aman.

O zərif paltarı köhnəltdi zaman.

Tikişlər sökülüb, bəndlər boşaldı,

Xanəndə oxuyub çalmaqdan qaldı.

Gördü çox köhnədir əynində paltar.

Astarı üz etdi, üzü də astar.

Bu bədrəng paltarı şah görən zaman

Ona acıqlanıb dedi: "Anadan,

Atıb qızılgülün ləçəklərini,

Bəzədin tikanla ətəklərini,

Niyə palaz oldu geydiyin ipək?

Gövhərşünaslara şəvə nə gərək?"

Xanəndə baş əyib təzim eylədi,

Başına, canına and içib dedi:

"Haman o libasdır bu, ey hökmüdar,

Diqqətlə nəzər sal, özüdür ki, var.

Dəyişməyib ovda, inan ki, heç nə,

Astarı çevrilib ancaq üzünə.

Üzü köhnəlmişdi, gizlətdim mən də,

Çünki utanardım şahım görəndə..."

Bu sözlər o şaha eylədi əsər.

Heyrətlə dayanıb baxdı bir qədər.

Şaha xoş göründü ondakı xislət,

Ona bəxş elədi hədiyyə-xələt.

Söylədi, təsirdən qəhərlənərək:

"Sirrimiz gizlində saxlansın gərək!

Bizim iç-üzümüz açılsa əgər,

Dünyanı üfunət basar, bürüyər!

Madam ki, o rumi ipək bir rəngmiş.

Içdən belə çirkin, üzdən qəşəngmiş,

Gümüş məcməidə gərək biz nahaq

Bir qara ud kimi coşub daşmayaq[81].

Ud, söyüd külüylə yoxsa gözəllər

Dişini ağardıb bizə gülərlər..."[82].

 

 

İSKƏNDƏRİN BAŞQIRXAN

QUL İLƏ ƏHVALATI

 

Ey müğənni, çal bir könül nəğməsi,

Titrətsin göyləri ərğənun səsi.

Elə bir hava ki, ürəyi açsın,

Qaranlıq gecəyə şəfəqlər saçsın!

Gözəl söz nəqqaşı məharət ilə

İskəndər adını nəqş etmiş belə:

"İki qərn sahibi" qoymuş namını,

Çünki Şərqdən, Qərbdən almış kamını[83].

Deyirlər ki, qoşa hörüyü varmış,

Onu kürəyinə daim atarmış[84].

Deyirlər, görübmüş bir belə röya,

Gündən iki qərni alıbmış guya[85].

Başqa rəvayətdə deyirlər yenə:

İskəndər yaşamış iki qərinə[86].

Dünya filosofu Əbu Məşər də

"Üluf" ad qoyduğu məşhur əsərdə

Yazır ki: "İskəndər öldüyü zaman.

Bu böyük itkidən çox qəmgin olan

Yunanlar onu çox sevdiklərindən,

Çəkdilər kağıza şəklini həmən.

Onun surətini nəqş edən rəssam

Şəkli layiqiylə eyləyib tamam,

Çəkibmiş yanında bir cüt də heykəl.

Sağ yanda bir gözəl, solda bir gözəl.

Heykəlin başında bir cüt də qəşəng

Buynuzlar çəkibmiş rəssam rəngbərəng.

Bunları görərək bir heyətşünas,

Bir cüt mələk ilə edibmiş qiyas.

Vücud xəlq edəndə çünki allah da

Mələklər oturdar iki yanında.

Ay üzlü İskəndər gözəlmiş əslən,

Daha gözəlləşmiş bu şəkillərdən.

Paylanmış bu şəkil bütün ellərə,

Onun şöhrətini yaymış hər yerə.

Bu şəkli seyr edən hər el, hər diyar

Rumlu ustadları alqışlamışlar.

Ərəblər bu şəkli seyr eləyərkən

Dəyişik salmışlar onları səhvən.

İskəndər bilmişlər o gündən bəri

Buynuzlu çəkilmiş məlakələri.

Odur ki, şübhəyə düşmüş ərəblər,

"Zülqərneyn" ləqəbi almış İskəndər"[87].

Başqa bir bilici deyir ki, onun

Qulaqları varmış həddindən uzun.

Dürdən taca bənzər qınları varmış.

İki qulağına o qın taxarmış[88].

Onları xəzinə kimi güdərək,

Möhkəm gizlədərmiş bir xəzinətək.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info