Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Əttar soruşdu ki: "Bunlar nədir bəs?"

Dedi: "Təbərrikdir, bilməsin heç kəs!"

Əttarın yanından dönüb geriyə,

Başladı əfsunla kimyagərliyə.

Darülxilafətə[99] yaydı bir xəbər

Ki, gəlib bir nəfər usta kimyagər,

Deyir ki: "Kimyada baş ustayam mən,

Yoxdur mənim kimi bu sirri bilən.

Istəsəm iksirlə edərəm, yəqin,

Biri - on, onu - yüz, yüzü də ki - min.

Yüz dinar pul verin siz əvvəlcədən,

Min dinar eləyim yüz dinarı mən.

Qoyun üstümdə də mənim bir nəfər

İşbilən, yetirsin işimə nəzər.

Əgər hünərimi təsdiq eləsə,

Daha söz deməsin mənə bir kimsə.

Yox, əgər görsəniz yalançıyam mən,

Baş məndən, təşt ilə qılınc da sizdən"[100].

Xəlifə eşidib, bərk tamahlandı,

Guya qızıl verib, qızıl qazandı.

Qurd özün bir tülkü cildinə saldı,

Xam şərab içirib, saf qızıl aldı.

Vur-tut on qızılı qalanda onun,

Düşünüb o, qurdu başqa bir oyun:

Zərgər qaydasıyla bir kürə qurdu,

Bir qaba cürbəcür dərman doldurdu.

Şəhərdə hər yana adam salaraq,

Təbərrik axtardı, tapmadı ancaq.

Müştərilər gəzib dükan-bazarı,

Axır ki, tapdılar həmin əttarı.

O qızıllı gilə verib zər dinar,

Gətirib ustaya çatdırdı onlar.

Mahir xorasanlı göstərib tədbir,

Həmin möhrələri doğradı bir-bir,

Sonra da alovlu kürəyə saldı,

Gil yanıb töküldü, saf qızıl qaldı.

Ərimiş qızılı qalıba tökdü,

Dibinə yaquttək saf qızıl çökdü.

Xəlifə tez xəbər tutdu bu işdən:

Təzə qızıl verir o köhnə mədən.

Gördü ki, qızılı o mahir ustad

Sehrlə, əfsunla artırır on qat.

Gövhər xəzinəsi qazansın deyə,

Hədsiz hörmət etdi həmin kişiyə.

Aldanıb hərifin bu oyununa,

On min misri qızıl göndərdi ona.

Tapşırdı: "Bunları tez işə sal sən,

Ey usta, çıxaram xəcalətindən.

Daha gözətçilər səndən əl çəkər,

Məlumdur səndəki sədaqət, hünər.

Düz çıxdın işinlə sən bu sınaqdan.

Təmiz olduğunu göstərdi mizan".

Alıb qızılları naz eyləyərək,

Qurdu hindu kimi yenə bir kələk.

Tədbirlə iş görüb xəlvət, gizlicə

İçdi qafillərlə bir neçə gecə.

Hamısı məst olub düşdü torpağa.-

Zirək xorasanlı qalxdı ayağa,

Bir neçə qul tapdı o,dayanmadan,

Atları yükləyib çıxdı aradan.

Gizlin bir yol ilə ordan birtəhər

Əkildi, görmədi onu bir nəfər.

Xəlifə bu işdən xəbər tutanda,

Onun qaçdığını bilcək, bir anda

Təbərrik söhbəti düşdü yadına,

O biri söhbətlər puç gəldi ona.

Danışdı sirləri təbərrik satan,

Güldü bu hiyləni eşidən zaman.

Bir təbərrik yazıb versə kim sənə.

Aç, oxu, məna tap, uyma cildinə.

Bir əfsun eşitsən bir əfsungərdən.

Ayıq ol, əfsuna düşməyəsən sən.

Dünyada görmədim elə kimyagər

Kimya oyunundan çəkməsin zərər.

İskəndər bir xəbər aldı Yunandan:

Olub xəzinəyə Mariyə ilan[101].

Şaha dedilər ki: "O dişi aslan

Bir şikar fikrinə düşəcək, inan!

İşbilən qadındır, dünyada heç kəs

Onun dövlətinin sayını bilməz.

Xəzinə sirrindən olub xəbərdar.

Onun dünya qədər xəzinəsi var.

Əfsunla daşları saf qızıl eylər,

Sədəfdən çıxarar zərif incilər.

O qədər qızıl var, dövlət var onda,

Qarunun dövləti heçdir yanında.

Şah onun başını kəsməsə əgər,

Çox çəkməz, dünyanı o əldə edər.

Düşmənə qoşundur verən əziyyət,

Qoşun da qızılla düzələr, əlbət.

Şah yandı qəzəbdən odlu günəştək,

Düşündü: Mən onu məhv edəm gərək.

Onu yox etməkçin bu pak torpaqdan,

Tədbir görülməli vermədən aman."

Artdı, alovlandı şahın qəzəbi,

Müdrik vəziri də bildi mətləbi.

Şahın hüzurunda baş əyib vəzir,

Ona ehtiramla göstərdi tədbir.

Dedi ki: "Gövhərtək safdır o qadın,

Kiçik bir kənizdir yanında şahın.

Şamda hökmüdara eyləyir xidmət,

Kənizin olmağa çəkir o minnət.

Bir müddət olmuşdur mənə xidmətkar,

Yaxşı fərasəti, yaxşı elmi var.

Onu elmə, fənnə məftun etmişəm,

Mən ona gizli bir sirr öyrətmişəm:

Qazanar nə qədər dövlət istəsə,

Dünyada o möhtac olmaz heç kəsə.

Bacarıq sahibi görərək onu

Öyrətdim xəzinə tapmaq yolunu.

O sənət yoluyla heç kəs dünyada

Əldə edə bilməz bircə arpa da.

Xoşbəxt Mariyədən başqa bir insan

Belə xəzinəyə olmadı ilan.

Kifayət qədər pul yığdı əlinə,

Gedib hakim oldu doğma elinə."

Vəzirin rəyini eşidən zaman

Əl çəkdi İskəndər həmin qovğadan.

Padşahın könlündən tozu siləntək,

Vəzir Mariyəyə xəbər verərək,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info