Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Sonra da gətirib gəldi içəri

Əjdaha ağzından çıxan qəməri.

Üzündən pərdəni açıb, nəhayət,

Elədi min cürə nəvaziş, hörmət.

Şahzadə nə gördü? Məclis düzəlib,

Sevgili yarı da məclisə gəlib...

Qorxunc cəhənnəmdən, dardan qurtuldu.

Həm cənnət, həm huri sahibi oldu.

Nə deyim, nə qədər sevindi o şah!

Daha nə şərh edim, artıqdır izah..."

İskəndər dinlədi dedikcə çoban,

Elə bil ayıldı pis bir yuxudan.

Dincəldi, yox oldu çəkdiyi əzab,

O yetkin qocadan aldı xam şərab.

Şah burda çobanla söhbət edərkən:

"Sağaldı!...Sağaldı!.." - Eşitdi birdən.

Padşah da sevindi, oldu bəxtiyar.

Bircə asqırmaqla sağalmışdı yar...

Çobanı görərək belə xeyirxah,

Onunla şahanə rəftar etdi şah.

Hər kəsin zatı pak olarsa əgər,

Ondan çox yazılar belə əsərlər.

Ay daim nur saçar, Müştəri parlar,

Hünərli şəxsin də hünəri parlar.

Itirmiş olmasa əqlini sərraf,

Tez seçib ayırar, deməz qəlpə saf.

Səninlə biri xoş danışsa əgər.

Könüldən dinlə ki, bir xeyri dəyər.

Nalayiq söz ilə etsələr xitab.

Sən gərək sükutla verəsən cavab.

 

 

 

ARŞİMİDES İLƏ ÇİNLİ

KƏNİZİN HEKAYƏSİ

 

Müğənni, yubanma, götür rudu sən,

Dumanlar çulğayıb beynimi qəmdən.

Elə nəğmə de ki, sənin xoş səsin

Beynimi başımda sakin eyləsin!

Yenə də o yurdun qocalarından

Rumlu bir filosof elədi bəyan:

"Vardı Arşimides adlı bir həkim,

Padşaha ən yaxın olan bu nədim

Kübar nəsildəndi Yunanıstanda,

Mərdlikdə heç misli yoxdu cahanda.

Yaxşılıq edəndi, varı da çoxdu,

Ondan yaxşı adam Yunanda yoxdu.

Əqli, düşüncəsi, idrakı vardı,

Təlimə diqqətlə qulaq asardı.

Ərəstu da ona atalıq etdi,

Təlim vermək üçün bir ev düzəltdi.

İskəndər divanı tapşırdı ona,

Əmindi məzluma yar olduğuna.

Ruslarla vuruşdan qayıdan xaqan

Bir kəniz vermişdi şaha ərməğan.

Alimin qəlbini oxşasın deyə,

Şah ona bu qızı etdi hədiyyə.

Elə bil ovçuya çatdı bir ceyran,

Doymadı o şirin, əmlik quzudan.

Sevdi çinli türkü, könlü şad oldu,

Qəmlər hindusundan o, azad oldu[89].

Onunla söhbətə-işrətə daldı,

Belə ki, bir müddət dərsdən də qaldı.

Dərs verən ustadı aldı əndişə,

Onun bu halından düşdü təşvişə.

Onu dərsdən qoyan nədir görəsən?

O saf düşüncəsi pozuldu nədən?

Yüz nəfər şagirdə dərs öyrədirdi,

Yaxşını, yamanı təlim edirdi.

Ancaq Arşimides olmasa dərsdə,

Qalan doxsan doqquz şagird gəlsə də,

Dərs deyə bilməzdi həvəslə ustad,

Çünki vardı onda böyük istedad.

Ancaq o təkcə də gəlsə, müəllim

Həvəslə edərdi dərsini təlim.

Əlbəttə, ağıllı bir qulaq asan

Yaxşıdır həmişə yüz şüursuzdan.

Ustad bir gün sordu Arşimidesdən:

"Nə olub, bizləri unutmusan sən"

Nə işdir, de, səni dərsindən qoyan?

Elmsiz yaşaya bilərmi insan?"

Arşimides dedi: "Bir təşnə əgər

Bir bulaq taparsa, söylə, neyləyər?

Şah mənə göstərib xeyli nəvaziş,

Gözəl bir çinli qız hədiyyə etmiş.

Özün gənc olasan, yanında gözəl,

Mümkünmü çəkəsən məhəbbətdən əl?

Bununçün mən dərsdən soyudum, əfv et,

Mümkünmü bir qəlbdə iki məhəbbət?"

Müəllim gördü ki, Arşimidesi

Yaman çulğamışdır şəhvət həvəsi,

Dedi ki: "Çox yaxşı, mümkünsə əgər,

O gülü bir mənim yanıma göndər...

Bir görüm neyləyib sənə o gözəl

Ki, dərsə, biliyə qoymursan məhəl?"

Baş əyib ustadın bu fərmanına,

O bütü göndərdi pirin yanına.

Ərəstu tapmışdı bir yeni dərman,

Xıltı ayırırdı onunla qandan.

O xılt ki, bədənə faydası vardı,

Qanı saflaşdırar və artırardı.

Bu dərman gözəllik məğzini aldı,

Dik sərvi əyərək taqətdən saldı[90].

Ustad o gözəldən aldığı xıltı

Bir təştin içinə yığıb saxladı.

Təşt onun tökdüyü xılt ilə doldu,

Gözəl çirkinləşdi, saraldı, soldu.

Söndü üzündə nur, dəyişdi halı,

Soldu, xəzəl oldu o gül camalı.

Çağırıb şagirdi bir gün müəllim,

Ona öz yarını eylədi təqdim,

Dedi: "Al, bu sənin çox sevdiyin yar,

Nazlayıb sevinclə evinə apar!"

Gənc baxıb sənəmə, sordu ustaddan:

"Kimdir bu eybəcər qadın, ay aman!

Bəs mənim o gözəl gövhərim hanı?

Ürəkdən sevdiyim dilbərim hanı?"

Onun cavabında alim əmr etdi.

O ağzı örtülü təşti gətirtdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info