Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Başını qırxan bir qulundan qeyri

Kimsənin bu sirdən yoxmuş xəbəri.

Ancaq ki, həmin qul öldüyü zaman

İskəndər tapdı bir özgə başqırxan.

Şahın hüzurunda təzim edərək,

Başladı saçını qırxmağa dəllək.

Xəlvətdə saçını qırxıb qurtarcaq,

Şah ona yavaşdan dedi: "Bura bax.

Bilsəm, qulaqların sirrini əgər

Eşidib dünyada səndən bir nəfər,

Bir qulaqburması gələrəm sənə,

Daha sirr açmazsan bir özgəsinə".

Bunu qulağında o sırğa etdi,

Yaxın dostlardan da sirri gizlətdi.

Bu sözü kimsəyə əsla açmadan,

Saxladı küfrtək könlündə pünhan.

Bu sirrin dərdindən saraldı ancaq,

Çünki çox çətindir sirri saxlamaq.

Bir gün bərk darıxdı, çölə üz qoydu,

Gördü ki, çöldə var dərin bir quyu.

Dərdini quyuya eylədi izhar:

"İskəndərin uzun qulaqları var!"

Qəlbinin o yanar atəşi söndü,

Ürəyi dincəldi, evinə döndü.

Yenə də sirrini saxladı möhkəm,

Ağzının möhrünü açmadı bir dəm.

Bu işdən keçmədi o qədər zaman,

Bir qamış göyərdi həmin quyudan.

Bu qamış böyüdü, xeyli boy atdı,

Əlini o gizlin sirrə uzatdı.

Bir gün də bir çoban ordan keçəndə,

Gördü o qamışı quyu içində.

Əyilib qamışı kəsərək çoban,

Doğrayıb bir tütək qayırdı ondan.

Qəm-qüssə bilmədən onu çalırdı,

Tütəyi çaldıqca ləzzət alırdı.

Bir gün o səhraya çıxdı padişah,

Uzaqda bir çoban göründü nagah,

Çobanın çaldığı neyi eşitdi,

Çölləri üstünə qalxmış zənn etdi.

Çünki neyin səsi deyirdi aşkar:

"İskəndərin uzun qulaqları var!.."

O, neyin səsindən od tutub yandı,

Muma döndərərdi hirsi poladı.

Toxtayıb yerində durdu bir qədər.

Sonra səsə sarı getdi İskəndər.

Çağırıb çobanı soruşdu ondan,

Tütəyin sirrini danışdı çoban:

"Gördüm ki, bitib bu qamış quyuda,

Şəkər qamışıtək, şirin bir suda.

Mən kəsib doğradım öz əlim ilə,

Kəsilməsəydi o, gəlməzdi dilə.

Cansızdır, onunla qızır bədənim.

Dilsizdir, ancaq ki, dilimdir mənim..."

Şahı çox heyrətə saldı bu dastan,

Dönüb vətəninə qayıtdı ordan.

Xəlvətdə oturub o, fərman verdi,

Dəlləyin dalınca adam göndərdi.

Söylədi ona ki: "Tez elə bəyan,

De görüm, bu sirri kimə açıbsan?

De görüm, nə cürə eləyib hünər

Bu sirri özgəyə veribsən xəbər?

Səni bağışlaram düzünü desən,

Boynunu vurdurram yalan söyləsən!.."

Şahın sözlərini eşidib dəllək,

Gördü ki, düzünü söyləsin gərək.

Əvvəl yeri öpüb səcdə eylədi,

Sonra padişaha belə söylədi:

"Doğrudur, şah mənə vermişdi fərman,

Saxlayım hamıdan bu sirri pünhan.

Ancaq davam edə bilmədiyimdən.

Təkcə bir quyuya açdım sirri mən.

Başqa heç kimsəyə demədim, ey şah,

Yalansa, qənimim olsun qoy allah!.."

Şah gördü ki, dəllək doğru söz dedi.

O düzlük istədi, bu da düz dedi.

Qullardan birinə buyurdu bu an,

Bir qamış gətirtdi həmin quyudan,

Təzə tütəyə də dəyəndə nəfəs,

Şahın qulağına gəldi həmin səs.

Bildi ki, heç sirri saxlamaz nihan,

Hamının sirrini açar bu cahan!

Allahı xeyr ilə eyləyərək yad

Dəlləyi qılıncdan elədi azad.

Üzünü örtməsin qönçə, nahaqdır,

Gec-tez ləl yanağı açılacaqdır.

Qara daş içində gizlənən buxar

Axır ki, olacaq bir gün aşikar.

 

 

 

İSKƏNDƏR İLƏ ÇOBAN

DASTANI

 

Müğənni, dayanma, sübh açılarkən,

Püxtə bir mizrab vur o xam rudə sən.

Könlümə ruh versin gözəl nəğməsi,

Bu qafil sevdanı oyatsın səsi.

Həkimlər içində misilsiz olan

Bir qoca bu sayaq eyləyir bəyan:

O, rumi kəmərli, o Çin taclı şah

Təxtdə oturmuşdu yenə bir sabah,

Qaşını çatmışdı onun qüssə, qəm.

Gözündə deyildi əsla cami-Cəm.

Yarının çöhrəsi günəşdi, aydı,

O qızı qızdırma yandırmadaydı.

Qəlbində qalmışdı arzusu, kamı,

Əfsus ki, müşküldü onun əncamı.

Şahın da köksündə sevdalı ürək

Qəmli, qüssəliydi həmin xəstətək.

Əmr etdi, nə qədər Rumda həkim var,

Hansı bir ölkədə, harda olsalar

Gəlsinlər, etsinlər çarə birtəhər.

Şahın ürəyindən silinsin kədər.

İşdən başı çıxan həkimlər gəldi.

Sarayda məşvərət - məclis düzəldi.

Min cür çarə etdi hərə bir yandan,

Ancaq o gözələ olmadı dərman.

Yanırdı almatək qızın yanağı,

Şahın açılmırdı qaşı, qabağı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info