Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Təştin qapağını açdığı zaman,

Dünyanı eylədi bu işə heyran.

Dedi: "Bəyəndiyin bu idi ancaq,

Ləzzət aldığına indi buyur, bax.

O gözəl bədəndə yalnız bu çirkin

Xılt idi, əzizim, sənin sevdiyin.

Mən həmin bu xıltı çıxartdığımdan,

Sən onu eybəcər adlandırırsan.

Qandan xılt çıxarsa, bax, belə olar.

Xıltlı qan sevməyin nə mənası var?

Gəl, tökmə üzünün suyunu nahaq,

Insan bu su ilə canlanar ancaq.

Üzdən bir damcı su getməzsə, inan.

Üzünün suyuyla şad yaşar insan.

Əl çək hər kənizə könül verməkdən,

Bunlarla ömrünü bada vermə sən.

Sənə bircə dilbər edər kifayət,

Tək qalar çox arvad alan, nəhayət.

Ruzgar ona görə dəyişir hər an:

Törəyib dörd ana yeddi atadan[91].

Oğlunu bir rəngdə görmək istəsən,

Ürəktək bir ata-analı ol sən".

Arşimides rumlu alimin mumdan

Balı çəkdiyini gördüyü zaman[92]

Ondan üzr istədi, gəldi həvəsə,

Əvvəlki şövq ilə başladı dərsə.

Ancaq kənizdəydi ürəyi yenə,

Çünki məftun idi gözəlliyinə.

Uca sərv bir daha yarpaq açaraq

Dikəldi, yenə də atdı qol-budaq[93].

Bənövşə yenidən ətirlər saçdı,

Nərgiz xumar-xumar gözünü açdı.

Çinli türk gözəli açıldı gültək,

Meyxana yolunu süpürdü külək.

Yenə Arşimides gələrək cuşa,

Bənzədi gül görmüş uçan bir quşa.

Tərk etdi yolunu elm ilə dərsin,

Açdı qapısını eyşin, həvəsin.

O pəri qızıyla yaşadı pünhan,

Xoşbəxtdir pərilə xəlvətdə olan.

Görərək eşqində belə bir səbat,

Onu danlamaqdan əl çəkdi ustad.

Keçdi bir-iki il o gündən bəri,

Soldu Çin qızının ahu gözləri.

Torpağa səpildi solğun qızıl gül,

Yox oldu bağçadan o şeyda bülbül.

Necə ki, pərilər içər badəni,

Torpaq da uddu o pərizadəni.

Mənimlə xoş rəftar edərkən fələk

Vermişdi ondan da gözəl bir mələk.

O da sevimliydi, əziz canandı,

Ağıllı qadındı, iş bacarandı.

Rüxü qoymuş idi Ayı piyada,

"Atı" mat qoymuşdu "şahı" dünyada[94],

Qanımla bəslənmiş bir güldü, göyçək.

O da təkcə məni sevirdi cantək.

Gözümə nur idi mənim o mələk,

Yaman göz ayırdı rəhm etməyərək.

Fələk ayrı saldı o şux gözəldən,

yox imiş dünyada sanki əzəldən.

Nə qədər razıydım mən ondan, eyvah!..

Ondan razı olsun, görüm ki, allah!

Bir qüdrət bəxş edib taleyim sözdən

Köhnə dastanları təzələyəm mən,

Qənd-şəkər paylanar bayram gələndə,

Dedim ki, bir gəlin bəzəyim mən də.

"Şirin"in halvasın qurtaranda mən

Bir halvaçalanım getdi evimdən[95].

"Leyli" xəznəsinə çəkərkən hasar,

Orda da bir Gövhər eylədim nisar.

Bu toyu çatdırıb mən nəhayətə.

Təzə bir gəlin də verdim cənnətə[96].

Neçə gözəl dərdi sinəmdə ikən,

Rum-rus dastanını necə yazım mən?[97]

O qəmli çağları niyə yad edim?

Bu xoş dastanımla könlü şad edim.

 

 

 

QİBTLİ MARİYƏNİN HEKAYƏSİ

VƏ ONUN KİMYAGƏRLİYİ

 

Müğənni, gəl, qədim dövrü yada sal,

Müğlartək müğani xoş bir hava çal!

Yazığam, əzizlə, dərdimi dinlə,

Qızışdır canımı nəğmələrinlə!

Qoca bir filosof üzündən sözün

Pərdəni açaraq, nəql etdi bir gün:

"Mariyə adlı bir qibtli vardı,

Bir əmir qızıydı, Şamda yaşardı.

Bir çox qalaları varmış ki, düşmən

Alıbmış onları bir-bir əlindən.

Yağı dadanmışdı onun yurduna,

Şikəstlik vermişdi bu dünya ona.

Düşmənin zülmündən təngə gələrək

Gedib İskəndərdən istədi kömək.

Əgər eləsəydi şah ona imdad,

Öz abad yurduna qayıdardı şad.

Şahın vəzirinə pənah apardı,

Kömək almaq üçün ona yalvardı,

Gördü ki, ağıllı, kamallı vəzir

Əyləşib bir dəstə gəncə dərs verir.

Əl çəkdi əvvəlki iddiasından,

Ona elm oxumaq göründü asan.

Gördü ki, dava bir cəncəlli işdi,

Həvəslə, səy ilə elmə girişdi.

Alimə ürəkdən eyləyib xidmət,

Onun hüzurunda göstərdi hörmət.

Kənizlər içində alimə məhrəm

Yoxdu ondan başqa yaxın bir həmdəm.

Ustadın pak, təmiz xisləti vardı,

Qız üzün açanda, o, göz yumardı.

Zərif əllərilə su tökəndə qız

O, tökülən suya baxardı yalnız.

Qadın ustadını öz ağ kafurtək

Gözəl bədəninə meylsiz görcək,

O da kişilərə olan həvəsdən

Çəkinib, özünü saxladı qəsdən.

Təkcə təlim oldu fikri, məqsədi,

Məqsədə biliklə çatmaq istədi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info