Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Rumun qalasını necə fəth edər?

Xəzinə kəşf etmək istəsə biri.

Gərək unutmasın çətinlikləri!

Xəzinə kəşf etmək istəsən əgər,

Hər bir çətinliyə tab et, sinə gər!

Məsəl var, deyərlər, eşit, qulaq as:

"Viranə ocaqdan heç tüstü çıxmaz!"

Yuxu var, əvvəlcə çox qorxunc olur,

Gün doğur, ürəyin fərəhlə dolur.

Qəlbə qorxu salan çox şeylər üçün

İnsan şükr eləyir axırda bir gün.

Nə çoxdur şairlik iddia edən, -

Qorxuram meydanda qan tökülməkdən.

Yayın ortasında çox yağsa yağış,

Elə soyuq düşər, sanki dönüb qış.

Havaya yağışdan nəm çöksə əgər,

Günəş o çirkləri silib məhv edər.

Payız yetişdikdə, bilir ki, hər kəs,

Daha lətif külək, incə meh əsməz.

Artıq rütubətdən törəyər vəba,

Tənəffüs çətindir belə havada.

Bundan qurtarmaqçün qalayarlar od,

Tökərlər bu oda səndəl, gül və ud.

Təbimlə şaha ud yandıraram mən,

Daha başqa bir iş gəlməz əlimdən.

Allah məni ona bəndə xəlq etmiş.

Itaətdən başqa bilmərəm bir iş.

Dünyagörmüş adam, - yaxşı ya yaman,-

Şikayət eyləməz öz ruzgarından.

Bu dünya heç kəslə deyil həmavaz,

Sazəndələr kimi bir hava çalmaz

O, sazda görərsə ipək bir teli,

Qırıb atmaq üçün uzanar əli.

Ipək yetirməkdə iki cür qurd var,

Ziddir odla sutək həmişə onlar.

Biri baramanı toxuyur bir-bir,

O biri karvanla ipək məhv edir.

Pətəkdə iki cür arı var müdam,

Necə ki, aldadar pərvanəni şam,-

Biri yem daşıyar hey axşam-səhər,

O biri gizlincə o yemdən yeyər.

Bal verən arının bircəsi, yəqin,

Yüzündən yaxşıdır bal yeyənlərin.

Hələ can almamış əcəl, turactək:

"Dad, məni tutdular!" - çığırıb dad çək[46].

Tamahkar dünyadan nə ummaq olar.

Ya səni yandırar, ya da çiy saxlar,

Qaynayıb coşarsan, yanarsan dərddən,

Qaynayıb coşmasan, çiy qalarsan sən.

Fələk - yeddibaşlı qorxunc əjdaha,

Bircə zərbə vursa, məhv oldun daha[47].

Xəlbirə bənzəyən teştdir asiman,

Sən bir xəlbir torpaq, o da bir teşt qan[48].

O, teştdən su töksə başına nahaq,

Sən ələ xəlbirtək üstünə torpaq.

Torpaq da, çeşmə də olan bir yerdə

Lazımdır, əlbət ki, teşt də, xəlbir də.

Bu göy rəngli küpün çox hiyləsi var,

Içindən görərsən yüz cür rəng çıxar[49].

Küpə bir cadugər minər, deyərlər,

Bu küpə minmişdir yüz min cadugər[50].

Fələk hesabını gəl etmə nahaq,

Alçağı yüksəkdir, yüksəyi alçaq.

O gah altda olur, gah üstdə olur,

Ona alt-üst demək daha doğrudur.

Əbəsdir fələklə bəhsə girişmək,

Heç kəslə həmahəng olmayıb fələk.

Atdığı hər addım fənddir, kələkdir,

Işləri büsbütün oyundur, rəngdir!

Birini göylərə ucaldır bəzən,

Bəzən də qul edir onu görürsən.

Tülkütək geydirər qırmızı papaq,

Sonra qara itə yedirdər ancaq[51].

Nədir dörd yol üstə məskən düzəltmək?[52]

Nədir qarın güdmək dördayaqlıtək?

Dörd balış qeydindən qurtaranda biz,

Asudə yatarıq səssiz-səmirsiz[53].

Yolüstü mənzildir bu köhnə torpaq,

Ikicə qapısı var onun ancaq:

Giriş qapısından girərsə hər kəs.

Çıxış qapısından çıxmaya bilməz.

Bədbəxtdir bu dərin quyuda qalan,

Qar kimi düşərək donub buz olan.

Xoşbəxtdir şimşəktək yalnız bir anda

Parlayıb sönənlər fani cahanda.

Nə lazım dünyada fərsiz bir şamtək

Gecələr uzunu can verib sönmək?

Etibar etməyən öz gəmisinə

Gərək əvvəlcədən üzmək öyrənə.

Tələsən adama köhlən at gərək,

Yabıyla nə qədər o yol gedəcək?

Hiylədən pozulub, korlanıb dünya,

Nə qəlbdə qan qoymuş, nə üzdə həya.

Fələk o fələkdir: dağ çəkib hədər,

Bizi gah saraldar, gah da göyərdər.

Hər pərdədə yalnız o adam çalar

Ki, ola pərdədən yaxşı xəbərdar[54].

Düz yolu yaxşı bir rəhbər göstərər,

Mən yola çıxıram, bəs hanı rəhbər?

Elə bir pis vaxtda gələcək ölüm

Ki, bezmiş olacaq dünyadan könlüm.

Qəflət qoşun çəkib gələcək birdən,

Yatağa baş qoyub yatacağam mən.

Xəyal dünyasına edib tamaşa

Ömrü yuxu kimi vururam başa.

Belə qol-qanadla olarmı uçmaq?

Hara çatdıracaq belə əl-ayaq?

Belə dörd müxalif yol a ayrıcından

Çıxmaram, ya qoca olum, ya cavan[55].

Qocalıq ədası göstərsəm əgər,

Məndən bu cavanlar üz döndərərlər.

Cavanlıq eləsəm bu bədənlə mən

Gərək başqasından borc alam bədən.

Yaxşısı budur ki, olam hər zaman

Qoca ilə qoca, cavanla cavan.

Açam bu düyünü bəlkə birtəhər,

Məndən dost-aşnalar inciməyələr.

 

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info