Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Ayın şüasını ip bilən naşı

Oğrunun, əlbət ki, əzilər başı.

Göl ilə sərabı tanımayanlar

Yolda susuzluqdan taqətsiz qalar.

Ayı göydə fətir eyləyib güman

Çoxları quyuya düşüblər, inan[67].

Mələyə bənzəyər divlər kənardan,

Div zülmətdən törər, mələksə nurdan[68].

Allahtanıyandır bizim hökmdar,

Mehr, vəfa ilə dolu qəlbi var.

Tək məni salmayıb müşkülə bu iş,

Kim ona layiqli mədhiyyə demiş?

Neçün Bişgin demiş ona bu dövran?

O ki mehribandır bütün şahlardan.

Bişgin kəlməsini dürüst yazsalar,

Ona layiq bir ad Keypişin olar[69].

Keypişin desələr, layiqdir, əlbət,

Həm Key nişanlıdır, həm Keyxasiyyət.

O, abad eləmiş dünya yurdunu,

Xeyrini görənlər bilirlər bunu.

Qopdu bir zəlzələ, göyü oynatdı,

Şəhərlər dağılıb yerlərə batdı[70].

Dağ-daş sarsılaraq, qopub uçanda

Fələk toz altında qaldı bir anda.

Ruzgarın etdiyi oyunbazlıqdan

Sanki alt-üst oldu torpaq, asiman. .

Surun gur səsindən balıq qorxaraq

Atıldı öküzdən bir xeyli uzaq[71].

Fələk zəncirinin həlqələritək

Yerin də bəndləri ayrıldı tək-tək.

Azdı yollarını gur axan sular.

Dağlar çarpışmaqdan bitab oldular.

Yusiflər gözünə sanki batdı mil,

Sanki aşıb-daşıb Misri basdı Nil[72].

Heç bir göz salamat qalmadı, inan,

Matəm sürməsinə qərq oldu cahan.

Nə qədər xəzinə batdı o gecə,

O şənbə gecəsi yox oldu Gəncə.

Hamı: kişi, qadın, qoca ya cavan

Qopardı dəhşətli fəryadla fəğan.

Bircə sap gövhəri sağ gördü səhər,

O düzdü yenidən saplara gövhər[73].

Bu gövhər kanının baxtı yar oldu,

O bəla ölkədən tez kənar oldu.

Az zaman içində bu viran ölkə

Keçdi abadlıqda Rumu da bəlkə.

Baxmayın zəlzələ qoparıb tufan,

Ölkəni bir anda elədi viran,-

Görün ki, nə sayaq qadir hökmüdar

Pozulmuş cəlalı etdi bərqərar!

Palçıq barıları tamam sökdürdü,

Yerində qızıldan divar hördürdü.

Xəzinə sərf edib, verdi təmtəraq,

Səyilə ölkədən dərd oldu uzaq.

Bağçalar salındı, evlər dikəldi,

Hər evdən yüz çıraq işığı gəldi.

O ki, bu torpağı eylədi abad,

Dərgahı heç zaman olmasın bərbad.

 

 

TƏZİM XİTABƏSİ

 

Nə gözəl günəşsən, ta uzaqlardan

Edirsən bizimçin hər şeyi əyan.

Işıq cinsindəndir hərçənd ki, çıraq,

Işıqsız çıraq da görünməz ancaq.

Əsil tacidarlıq, düşün, yaxşı bil,

Yüzlərcə tac yığıb saxlamaq deyil.

Hökmüdar odur ki, hər başa müdam

Mərhəmət göstərib, tac edə ənam.

İnsanı azdıran xəyalları sən

Başlardan qılıncla rədd eləmisən.

Ucalsa bir şahın fikri, bayrağı,

Şad olar ordusu, yurdu, torpağı.

Sənin bayrağına bəzəkdir zəfər,

Gücünlə yox oldu dərdlər, sitəmlər.

Kəyanlar köçüblər indi dünyadan,

Yerləri boş deyil, sənsən hökmüran.

Ölkədə bu xalqa rəhbər oldun sən,

Fitrətin gözəldir sənin əzəldən.

Indi bu dünyada sənsən tacidar,

Əlinlə tac qoyar başına şahlar.

Çatmaz ədalətdə sənə Pişdad,

Keyxosrov, Keykavus, nə də Keyqubad!

Yeddi firuzəli bu qəsrdə sən

Haqqa, ədalətə vüsət vermisən[74].

Bir qədəh mey verir sənə Nizami,

Gərək nuş edəsən Keykavus kimi.

Bu tusi qədəhlə Mahmuda bildir

"Şahnamə"nin qədri-qiyməti nədir![75]

İki xəzinənin varisi, hökmən,

Səxavətdə sənsən, söz deməkdə mən[76].

Borc əgər vaxtında ödənilməsə,

Qaydadır: varisdən çatar varisə[77].

Mən elə söz dedim - deməmiş heç kəs,

Bir iş gör - olmasın ona heç əvəz.

Mənə əqlim çatıb bu işdə dada,

Müvəffəq olasan sən oxumaqda.

yar etsək bu iki gözəl niyyəti,

Birə on artacaq sözün qiyməti!

Bağımda reyhandır mənim bu əsər,

Sənin eyvanını qəndiltək bəzər.

Məclis qur, bu meylə doldur kasanı,

Şöləsi, nəşəsi durultsun qanı.

Sən mey iç, gətirmə heç bir bəhanə,

Ağzım möhürlüdür üz vurma mənə.

Damağın çağ olsun, bəxtin də cavan,

Cahanda olasan Cahan pəhləvan.

Bu dünya, bu dövran sənə yar olsun,

Ruzgarın həmişə xoş ruzgar olsun!

Göylər ülviyyətdən düşməz heç zaman,

Sən də göylər kimi uca olasan.

Qılıncın kəskindir gün şöləsindən,

Göyü də yer kimi sən ram edibsən.

Parlaq qılıncından məhv olsun yağı,

Səndən qüdrət alsın Kəyan bayrağı.

Böyük bir iş üçün, bil, ey hökmüdar,

Göndərdim, doğrudur, mən bir yadigar,

Sən özün əbədi bir yadigar qal,

Dediyim bu sözü daim yada sal!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info