Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Onun taxtı idi bütün bu əflak,

Başının müqəddəs tacıydı "lövlak"[6].

Mələk simalıydı, allahtanıyan,

Bizə də allahı o verdi nişan.

Bizləri cənnətə odur aparan,

Cəhənnəm odundan odur qurtaran.

Parlayıb nur saçdı bu kainatda,

Bənzərdi Zülmatda abi-həyata[7].

Uca qalxmasaydı ərşin tağından,

Kimdi kainatın sirrini açan?[8]

Mənəvi bir töhfə o verib bizə,

Ərşin sovqatını göndərib bizə.

Yolunun torpağı olan başımız

Dəyməz başındakı bir tükə yalnız.

Bizim halımıza qəlbdən yanaraq

Gündüz günəş oldu, gecələr çıraq.

Hər sınıq ürəyin odur pənahı,

Odur bağışladan hər bir günahı.

Dahidir, böyükdür o dahilərdən,

Üstündür, yüksəkdir hər peyğəmbərdən.

Cənnətdən torpağa gəldisə edəm,

O qoydu torpaqdan cənnətə qədəm[9].

Aytək çıxdı Yusif quyudan əgər,

Nur saçdı quyudan o, aya qədər[10].

Xızra abi-həyat oldusa qismət,

Həyat çeşməsindən keçdi Məhəmməd[11].

Yunisi uddusa balıq bir zaman,

Ona səcdə etdi balıqla ilan[12].

Davuddan yadigar tək bir zireh var,

Məhəmməd yüz zireh qoyub yadigar[13].

Süleymanın taxtı getdisə bada,

Məhəmməd əbədi qaldı dünyada.

Isanın beşiyi göyə qovuşdu,

Məhəmmədsə özü göylərə uçdu[14].

Tur dağı Musaya oldusa eyvan,

Məhəmmədin qəsri yarandı nurdan[15].

Şəminin önündə durub çıraqlar,

Səndən işıq istər, səndən pay umar.

Şəffaf bir çeşməsən, təmiz bir bulaq

Özünü suyunla yuyub bu torpaq.

Bu quru torpağın sədası sənsən,

Bu xəstə dünyanın şəfası sənsən.

Həkimsən, aydındır düşüncən, zəkan,

Əlində allahın hökmü bir dərman.

Məxluqun gözünə sən işıq verdin,

Göydə mələklərə yaraşıq verdin.

Adın möhür kimi sözə ziynətdir,

Camından hər qətrə əbədiyyətdir.

Ondan bircə udum içərsə hər kəs,

Dünyada dərd bilməz, əziyyət bilməz.

Elə et ki, olsun o dadlı şərbət

Bu yazıq bəndəyə - mənə də qismət.

 

 

 

KİTABIN YAZILMASININ SƏBƏBİ

 

Dolanıb döndükcə qoca ruzigar,

Özünə bir yeni müəllim arar.

Köhnə havaları dəyişər tamam,

O yeni nəğmələr bəstələr müdam.

Dövran oyunbaztək oynar bir müddət,

Çıxarar pərdədən bir təzə surət.

Edib füsunkarlıq bu surət ilə,

Xalqı əyləndirər bir zaman belə.

Onu da qocaldıb dövran itirər,

Səhnəyə yeni bir surət gətirər.

Təzə şairlər də təzə xətt ilə

Köhnə tarixləri təzələr belə.

Hər dövrün olar bir usta bağbanı,

Bəsləyib böyüdər körpə fidanı.

Bir gövhər hüsnünü itirsə əgər,

Daşdan baş qaldırar başqa bir gövhər.

Gəlinimdə olan şuxluq, təravət

Peykərşünaslara eylər kifayət[16].

Təzə olmasaydı bu əsər, yəqin

Təzə bir söz demək olardı çətin.

Bir harın at idim bir zaman mən də,

Zəhmətlə, zillətlə düşdüm kəməndə.

Hər bir xəzinədə var məndən nişan,

Ancaq, heyf olsun ki, deyiləm cavan!

Gənclik - təzə nallı, harın, köhlən at,

Qocaldın - nal qızır, düşür əldən at.

Kürədən çıxanda güzgü bərq vurar,

Fəqət sınan zaman zirehə yarar[17].

Söz, sənət eşqilə çırpınan ürək

Alır sirdaş kimi ilhamdan kömək.

Düşüncəm beynimin qızıl qanından

Incitək incə söz alardı hər an.

Çünki gizlində bir ilhamçım vardı,

Mənimlə örtülü söz danışardı.

Susmuşdur sirdaşım xeyli zamandır,

Mən də söz tapmıram, halım yamandır.

Bir də ki, sözümü dinləyib duyan

Bizi tərk eləyib, gedib dünyadan.

Şah Arslan torpaqda, qəbirdə ikən,

Necə söz söyləyim, şer yazım mən?

Şah əgər lütf ilə etsə mərhəmət,

Yeni söz deməyə eylərəm cür ət.

Bu dar keçidlərdə dərd məni aldı,

Bədənim sustaldı, rəngim saraldı,

Yolumu tufantək tutdu fikirlər,

Gözümdə qalmadı yuxudan əsər.

Gecə, dar qəlblərdən qara bir gecə,

Yollar baş tükündən daha da incə!

Belə bir gecədə mümkünmü səfər?

Heç belə bir yolda quyu seçilər?

Zülmətə bürünmüş keşikçixana,

Həmlə eləmişdir fil pasibana[18].

Bir ahu balası doğmuşdur çəmən,

Müşk-ənbər saçmada öz göbəyindən[19].

Nə pərvanə şamdan uzaq dayanır,

Nə də ki, şam ondan uzaqda yanır.

Bir belə gecədə oturmuşam tək,

Kağızda yazılar qara gecətək.

Dürr üçün qəvvastək suya batırdım,

Gah seçib götürür, gah da atırdım...[20]

Gecədən bir qədər keçmiş olardı,

Hələ qaranlıqda, sübhə çox vardı,

Fələyin köhləni olub təngnəfəs[21],



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info