Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Alim Ərəstu da o gözəl üçün

Bilik xəzinəsi açdı büsbütün.

O saf-təmiz dürrə çox dürlər saçdı,

Ona deyilməmiş çox sirlər açdı.

Elmin sirlərini açdı qadına,

Bir-bir təlim edib öyrətdi ona.

Hər elmin önündə qız səcdə qıldı,

Sinə lövhəsinə nələr yazıldı?!

Istədi vətənə qayıdıb ordan

Əz baba yurdunda olsun hökmüran.

Yox idi qüdrəti, varı, dövləti,

Dirildə yenidən o səltənəti.

Ərəstu bu-işdən olub xəbərdar,

Düşündü: xəznəsiz olmaz şəhriyar,

Qızıl iksirini ona öyrətdi,

Qadını elmiylə iksirçi etdi.

Mariyə ucaldı o kimiyadan,

Iksir alimitək qazandı ad-san.

Ərəstu öz bilik xəzinəsindən

Ona sirr öyrədib etdi işbilən.

Şahın izni ilə ordu, xəzinə

Verib, yola saldı öz ölkəsinə.

Mariyə yetişcək doğma yurduna

Davasız, qovğasız şah oldu ona.

O qədər varlandı qazancdan, bacdan

Ki, azad elədi yurdu xəracdan.

Sehirli kimyada olub işbilən,

Qızıl qayırırdı o xam gümüşdən.

Nəhayət qızılla doldu xəzinə,

Açdı xəzinəni elin üzünə.

Ölçüsüz bol qızıl qazansa hər kəs

Ona daş, ya qızıl, təfavüt etməz.

Qoşunda nə qədər süvari vardı.

Atının nalları qızıl nallardı.

Çoxu bu sarayda yeyib gəzərdi,

Hətta eşşəyin də palanı zərdi.

Qızıl bəzəklərin yox idi həddi,

İtin də zənciri qızıldan idi.

Elm-fənn aşiqi bir dəstə insan

Fəqirdi, yoxsuldu, dardaydı yaman.

Onlar xəzinədən tutdular xəbər,

Şahın hüzuruna gəlib, birtəhər,

O dövlət kanına etdilər minnət,

Dedilər: "Yoxsuluq, çəkirik zillət.

Başqa adamlartək yoxdur peşəmiz,

Yalnız düşünməklə ömr edirik biz

Çünki güdməmişik dünyada qazanc,

Bir günlük çörəyə qalmışıq möhtac.

Rəhmdil məlikə edib mərhəmət,

Açar xəzinəni bizə də, əlbət.

Yəqin ki, mərhəmət edərsə əgər,

İksirdən bizə də bir şey öyrədər.

Gövhər xəznəsiylə zəngindir dünya,

Nə qədər paylansa çatar hamıya.

Nə olar, bizlər də bir parça çörək

Qazanıb, heç kəsdən minnət çəkməyək?!...

Işbilən, saf qəlbli, kəmallı gözəl

Onların sözünə eylədi əməl.

Ölkədə bir guşə şux laləzardı,

"Səngi-əzəm" adlı bir qaya vardı.

Mariyə oraya çıxdı, qəmərtək

Başında buluddan qara bir örpək,

Müşkin zülflərinə nərgizə bənzər

Parlaq gövhərlərdən düzüb bir qədər,

Qara saçlarını kəmənd etmişdi,

Hörüb xaç şəklində o bənd etmişdi.

Dedi alimlərə: "Gəlin bir yaxın,

Qaşımın tağında bu bəndə baxın.

O gizlin iksiri, diqqət etsəniz,

Səhərtək alnımda görərsiniz siz".

Bunu eşidəndə, düşünüb hərə

Bir cür məna verdi həmin sözlərə.

Biri söylədi ki, Zöhrətək parlaq

Alnına işarə etdi o, ancaq.

Saçlarda aradı sirri bir nəfər,

Saçlar içindəydi çünki o gövhər.

Hərə bir yol tapdı həmin sənətə,

Düşdü hər birisi bir cür niyyətə,

Hərə o qissədən aldı bir hissə,

Alimin sirrini tapmadı kimsə.

Bir gün də yığışıb gəldilər onlar,

Dedilər: şərh etsin bu sirri təkrar.

Qoyub aşağıda o gələnləri,

Çıxdı eyvanına vüqarla pəri.

Həmin xəzinədən söhbət edərək,

Sehirli sözlərə vurdu min bəzək:

"O laləzar dağlar, sirli nəbatat,

O sehirli sözlər, o rəmz, o büsat,

O qızıl mədəni - o "Səngi-əzəm" -

Nağıldır... Kimyasa başqa bir aləm!.."

Hökmdar sirli bir xəznə göstərdi,

Dəmir qıfıl vurdu, zər açar verdi.

Ariflər bu sözdən tapdı xəzinə,

Nadanlar dərd, əzab çəkdilər yenə.

Bitkidə kimyanın varsa əsəri.

Qələmdir əslində onun cövhəri!

Bu qədər var ikən elmdə imkan.

Əfsus, pay almamış hamı kimyadan.

Kim əsil kimyaya verərsə ürək,

O, saxta kimyaya uymasın gərək!"

Deyirlər: Bağdada etmişdi səfər

Zirək xorasanlı, kasıb bir nəfər.

O, xeyli dolanıb çəkdi əziyyət,

Özünə bir peşə tapdı nəhayət.

Hamıya məlumdur, əhli-Xorasan

Bağdadda fənd ilə yaşayar asan[98].

Min misri qızılı vardı onun, saf,

Rumda da tapmazdı bunları sərraf.

Qızılı yeyəylə ovub sürtərək,

Sarı palçıq qatıb, etdi xəmirtək.

Bundan neçə möhrə qayırdı qoçaq,

Indi gəl qurduğu oyuna bir bax!

Gəlib bir əttarın yanında sayıb,

Bir-bir möhürləyib, əmanət qoyub

Söylədi: "Bunları saxla sən bir az.

(Əcəb möhrələrdir, əcəb möhrəbaz!)

Satıram bunları bir dinara mən,

Çox pul qazanarsan sən bu alverdən.

Vaxt olar, qayıdıb bu möhrələri

Birə on qiymətə alaram geri."



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info