Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

SÖZÜN TƏRİFİ VƏ

PADŞAHLARA NƏSİHƏT

 

Dəniz dalğalanıb gələrsə feyzə,

Sədəfdən dürr alıb çıxardar üzə[56].

Yenidən dövlətim başımdan aşdı.

Dövlətli ürəyim sözlə dostlaşdı.

Qaranlıq çəkildi, doğdu gözəl gün,

Şux səhər açıldı şux bülbül üçün.

Oyandı yenidən, bəxtim oldu yar,

Gör indi şad könlüm nələr yaradar?

Tale birisinə verərsə açar,

O, qara daşdan da gövhər çıxarar.

Hər günə ruzigar dedik əzəldən.

Birində cələ var, o birində dən.

Varlıq pərgarının ulu rəhbəri

Mənə söz mülkünü verəndən bəri,

Xeyli düşündüm ki, bu ölkəni mən

Bəs kimə tapşırım özüm gedərkən?

Bir şəhər yaratsam, baxtım olsa yar,

Kim olsun bəs ona sonra şəhriyar?[57]

Əqlim söylədi ki: - Belə şəxs gərək

Tanınsın dünyada məruf insantək.

Elə lütfkar əl ola ki, onda,

Misli tapılmaya bütün cahanda.

Gərək qarışqaya azca yem verə,

Filə də fil payı seçib göndərə.

Olmaya sərsəri, xam adamlartək

Əlindən gəlməyə qələm də çərtmək.

Qarışqa yemiylə fili yemləyə,

Cəbrayıl rütbəsi verə milçəyə.

Bütün bəxti dönmüş şahların, əlbət,

Ölçü bilməzlikdən olub bəxti bəd.

Baş ilə ayağı pis fərq etmişlər,

Məst olub, tacı da qoyub getmişlər.

Kiçik çox pay almış, böyük az almış,

Böyüyün qiyməti belə azalmış!

Mənasız səxavət göstərsə hər kəs,

Yırtıq təbil kimi çıxaracaq səs.

Ölçü-biçi bilsən hər bir işdə sən,

Böyük hesabları düz həll edərsən-

Mətahı böləndə sən elə böl ki,

Aparanın ağır olmasın yükü.

Qoyma qoca şaha gənc üstün gələ,

Şiruyə Pərvizi öldürdü belə[58].

Qocaman ağaca mişar çəkmə sən.

Zöhhak bunun üçün düşdü təxtindən[59].

Hökmdar ölçüylə bəxş edə gərək

Odu da, suyu da, - güntək, buludtək.

Əliylə dürr saça o, dənizlərə,

Dağlarda torpağı lələ döndərə.

Harda bayrağını ucaltsa göyə

Kisədən paylaya bol-bol hədiyyə.

İdrak sahibidir, şükür allaha,

Naz da, nəvaziş də yaraşır şaha.

Dağlardan ta saman çöpünə qədər

Hər şeyin hər zaman qədrini bilər.

Hər kəsdə nə qədər varsa ləyaqət,

O qədər göstərər ona səxavət.

Odur ki, çox-çoxdur mədh edənləri,

Dünyada yox misli, yox bərabəri.

Çoxları istədi "İqbalnamə"ni,

Tək ona həsr etdim mən bu naməni[60].

Çünki tanıdığım bütün şahlardan

Tək odur əməyə düz qiymət qoyan.

Boşdur çox şahların ancaq başları,

Nahaq çox kəsdirmiş onlar başları.

Hay-küy çox, heç bir şey yoxdur süfrədə,

Dönüb bədənləri quru cəsədə.

Onlarda bir tacir təbiəti var,

Zəlitək qan sorub ləzzət alarlar.

Dəniztək düşüncəm, dürrtək sözlərim,

Ləl ilə doludur mənim əsərim.

Şah özü sərrafdır, qədrini bilər,

Sözümün rütbəsi qat-qat yüksələr.

 

 

 

PADŞAHIN TƏRİFİ

 

Deyirlər: göylərdə bir ağ xoruz var,

O, ərşin altında tutubdur qərar.

Deyirlər: o xoruz banlar hər səhər,

Yerdəki xoruzlar ona səs verər[61].

Bilin ki, göylərin o quşu mənəm,

Hər səhər oyadar quşları nəğməm.

Şəhərin quşları ötər hər səhər,

"Dünyanı dindirən odur" deyərlər.

Nizami, durma, gəl, xəzinəni aç,

Bəsdir bu Gəncədə qalıbsan möhtac.

Bir ov vurubsansa, çıxar meydana[62],

Bir xəzinən varsa, göstər cahana!

Belə xəzinəni bəxt verər ancaq,

Xəzinən dünyanı nurlandıracaq.

Vurubsan qızıla şah sikkəsini[63],

Xütbə de, vüqarla ucalt səsini.

O, elə şahdır ki, dövründə nə var,

Onun şöhrətiylə edər iftixar.

Ucadır, igiddir hər hökmdardan

Məlik Nüsrətəddin, o şanlı sultan.

Zəkada o, Mosul hökmranıdır,

Mərdlikdə şahların Qədərxanıdır.

Şövkətdə, zəkada Mahmud kimidir,

Polad yumşaltmaqda Davud kimidir.

Almış fərmanını Mahmudilərdən,

Həsəbi, nəsəbi Davudilərdən[64].

Meyvəli bahardır, sinəsində gül.

Söz qoşur şəninə qumru və bülbül.

Məclislər içində təzə bahartək

Dürr, dirhəm paylayar o, ətək-ətək.

Tünd şərab qədəhə tökülsə əgər,

Ləl lacivərdə şəbxun eyləyər[65].

Suya qılınc vurub, od saçan zaman

Buludlar günəşi qoruyar ondan.

Tərlanı ov üçün qalxarsa, yəqin

Tərlanı dad çəkər göydə fələyin.

Fəzada uçarsa əgər üqabı[66],

Ya Ayı ovlayar, ya afitabı.

Hanı bu dövranda elə bir insan,

Oğurlaya bilsin bir sifət ondan?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info