Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

İskəndər sözü ərəb əlifbası beş hərflə yazılır. Beş səfər dedikdə, Nizami İskəndərin Misir, İran, Hindistan, Rus və Çin səfərlərinə işarə edir.

 

[231]                    Əmanət aldığı mayəni yenə

Gərək qaytaraydı tələb edənə.

Maye burada dörd ünsür mənasındadır. Yəni vücudunu müvəqqəti təşkil edən ünsürləri geri qaytarmalısan - torpağı torpağa, odu oda suyu suya, havanı havaya tapşırmalısan.

 

[232]                    Ayı yəhərləyən həmin İskəndər

Ölüm yatağına baş əyib inlər.

Ayı yəhərləyən - şöhrəti göylərdə gəzən. Yəni: şan-şövkəti bütün dünyaya yayılmış İskəndər başını yerə qoyub ölüm yatağında can verirdi.

 

[233]                    Nədənsə gecikib quşların səsi,

Çal, suğdi quşunun gəlsin naləsi.

Suğd - qədimdə Səmərqəndin yaxınlığında bir şəhər olmuş ki, orada yaxşı musiqi aləti qayırarlarmış. Suğdi quşu - məcazi mənada simli musiqi alətini - rübabı bildirir.

Beytin mənası: səhər quşunun, xoruzun səsi gəlmir. Müğənni, sən suğdi quşunu - rübabı çal, kədərli nəğmə yayılsın. 

 

[234]                    Nəbzi, qarurəsi olundu təhlil.

Qarurə - sidiyi təhlil etmək üçün işlənən qab, cihaz. Yəni xəstəliyinin səbəbi axtarıldı, öyrənildi.

 

[235] Bəhri-Qülzüm – Qırmızı dəniz.

 

[236]                    Qünnücdən Qülzüma oldum hökmüran,

Şimşək qılıncımı gördü Qiyrəvan.

Qünnüc - Hindistanda ən qədim şəhərlərdən biridir ki, vaxtilə bir hind dövlətinin mərkəzi olmuşdur. Qülzüm - Qırmızı dəniz sahilində Suveyş kanalının yaxınlığında şəhər. Qiyrəvan - Afrikada Tunis məmləkətində məşhur bir şəhər olmuşdur.

Beytin mənası: Şərqdən qərbə qədər bütün ölkələri fəth etmişdim.

 

[237]                    Yudum məcusluğu dünya üzündən,

Rus dənizində də od qaladım mən.

Məcusluq - atəşpərəstlik, zərdüştilik. Tarixdən məlumdur ki, İskəndər zərdüştiliyə düşmən olmuş, atəşkədələri yıxıb məhv etmişdir. İkinci misrada Nizami İskəndərin ruslarla müharibələrini nəzərə alır ki, bu müharibələri o, "Şərəfnamə"də təsvir etmişdir.

 

[238]                    Hətta Sərəndibə gedib çıxaraq

Adəmin izinə basdım mən ayaq.

Sərəndib - Seylon adasının hindcədə adıdır. Əfsanəyə görə, guya Adəm cənnətdən qovulduqda Sərəndib adasına atılmışdır.

 

[239]                    Ölüm girdabına düşməmiş, gərək

Suya qalxan tutam ləngiməyərək.

Günəş batanda onun qürsü su üzərində qalxana bənzəyir, batarkən bu qalxan suyun üstündə işıq kimi yayılır. İskəndər burada - girdaba düşməmişdən qabaq qalxam suyun üstünə tutmalıyam, yəni ölüm yaxınlaşanda təslim olub tərk-silah etməliyəm, - deyir.

 

[240]                    Nifrətə layiqdir bu qozbel dayə.

Qozbel dayə - burada qoca dünya deməkdir.

 

[241]                    Susuza eyləməz cəhənnəm əlac,

Sən o dörd çeşməli behiştdən söz aç.

Dini etiqada görə, cənnətdə kövsər, səlsəbil, təhur və təslim adında dörd bulaq və ya arx var. Nizami onlara işarə edir.

 

[242]                    Sanki ərimişdi şah səhərədək

İyirmi yeddinci gecəki aytək.

Hicri tarixlə ayın iyirmi yeddisində Ay qaralmağa və görünməməyə başlayır. Nizami burada İskəndərin ömrünün sonunu yavaş-yavaş incələn və sönən Ayla müqayisə edir.

 

[243]                    Vərəqə əbiri yaydıqca qəşəng,

Kağız dönüb oldu müşkin bir ipək.

Əbir - ənbərin ikinci adıdır; balinaya bənzəyən və Hind okeanı sahillərinə yaxın yerlərdə olan bir balığın qanından çıxan ətirli maddədir; xoş qoxusu mühafizə olunsun deyə onu ipəyə büküb saxlarlar. Burada İskəndərin anasına yazdığı sözlər ənbərə, o sözlərin yazıldığı kağız isə ipəyə bənzədilir.

 

[244]                    Məndən - İskəndərdən bu namə getsin,

Dörd yox, bircə olan anama yetsin.

Burada dörd ana - dörd ünsür (su, od, torpaq, hava) deməkdir ki, qədim təsəvvürə görə insan vücudu da bunlardan ibarətdir.

Beytin mənası: məktubum təbiət hadisələrinə məruz qalmayıb öz doğma anama yetişsin.

 

[245]                    Şəbdizim sıçradı çaydan o taya,

Məndən salam olsun dosta, aşnaya.

Yəni ömrüm bitdi, dostlara əlvida!

 

[246]                    Gecə öz təxtini yüklədi filə,

Yer saldı donunu göylərək nilə.

Fil - zülmət mənasını verir. Birinci misranın mənası: gecə tamamilə qaranlıqlaşdı.

Nil - Hindistanda və Yəməndə bitən bir bitkidən əldə edilən tünd mavi boyadır. İkinci misranın mənası: dünya İskəndərin ölümü ilə matəmə batdı.

 

[247]                    Zənəbin ağzından alaraq zəhər,

Ayın boğazına onu tökdülər.

Zənəb - quyruqlu ulduz. Astrologiyaya görə, Ay Zənəb üqdəsində uğursuzluğa düçardır. Buna görə Zənəb üqdəsi ayın boğazında zəhərdir.

Beytin mənası: ay Zənəb nöqtəsinə çatanda artıq gözə görünmür, batır.

 

[248]                    Çatdı Cudi dağa səxa dalğası.

Cudi - Mesopotamiyada yüksək bir dağın adıdır.

 

[249]                    İpək karxanası bil bu dünyanı,

Bir yanı sudursa, oddur bir yanı.

İpək karxanasında barama qozasını ocaq üstündəki suda həll edib ipək qayırırlar.

Mənası: dünya od ilə su arasındadır, ziddiyyətlərlə doludur.

 

 

[250]                    Örtdü qara qanad Rumu sərasər,

Bürüdü ölkəni sanki zəncilər.

Ədəbiyyatda məcazi mənada rum - ağ, zəng və zənci - qara deməkdir.

Beytin mənası: İskəndərin ölümü münasibətilə bütün məmləkət yasa batdı. Sanki qara

ağa hücum elədi, ağ adamlar qara geyindi.

 

[251]                    Baxdıqca oğlunun bu məktubuna,

Tumartək qıvrılıb açıldı ana.

Tumar - qədim zamanlarda burulub bağlanan məktub və ümumiyyətlə, yazılı uzun kağızlardır.

Beytin mənası: İskəndərin anası oğlunun son məktubunu oxuyarkən iztirabdan tumar kimi açılıb büküldü.

[252] “Cahanmədxəl” - Ərəstunun əsərinin adıdır.  

 

[253]                    Xatircəm olmayın, - deyirəm ki, mən

Qara zınqırovlu yeddi hindlidən.

Qədimdə şahlar hindlilərdən gecə damda zınqırovlu keşikçi qoyarlarmış. Burada Nizami fələyin yeddi damında (göy təbəqələrində) Günəş sistemini təşkil edən yeddi ulduzu yeddi hindliyə bənzədir. Mənası: taleyin uğurlu olmasına bel bağlamayın.

 

[254]                    Pərgarı nəqşədən üzüldu bu dəm

Onun da ömrünə çəkildi qələm.

Pərgar sözü burada dil, nəqşə - dildən çıxan sözlər mənasında işlənmişdir.

Beytin mənası: Fərfuriyus sözlərini deyib qurtaranda onun da ömrü tamam oldu.

 

[255] “Ramişi-can” - İran klassik musiqi havalarından birisinin adı.

 

[256]                    Odur yeddi ulduz sirini açan,

Odur səkkizinci qərana sultan.

Qəran - min il deməkdir. Səkkizinci qəran - səkkizinci minillik. Köhnə tarixçilər tarixi Adəmdən başlayırdılar. Nizaminin dövründə guya Adəmin cənnətdən yerə atılmasından səkkiz min il keçirmiş. Nizami burada "İqbalnamə"ni ithaf etdiyi İzzəddin Məsudit tərif edib deyir ki, Günəş sisteminin yeddi ulduzunun sirrini bilən və səkkizinci minilliyin şahı olan odur.

 

[257]                    Dəryamdan iki dürr olubdur əyan.

İki dürr sözləri ilə "İqbalnamə" poeması və Nizaminin oğlu Məhəmməd nəzərdə tutulur.

 

[258]                    Müqbil, İqbal adlı iki hindli qul

Göndərdim hüzura, olaydı məqbul.

İqbal - "İqbalnamə" əsərinə, Müqbil - Nizaminin oğlu Məhəmmədə işarədir. Eyni zamanda iqbal - bəxt, müqbil - xoşbəxt deməkdir. Lakin müqbü sözü həm də qul mənasında işlənir. Beləliklə, burada "İqbalnamə"nin Məhəmməd vasitəsi ilə şaha göndərilməsi ifadə olunur.

 

[259]                    Qızını mehrlə köçürər ana,

Qardaş duvaq salar onun başına.

Qız - "İqbalnamə"ni, qardaş isə - əsəri şaha aparan Məhəmmədi bildirir. Yəni ana qızını təmiz, bakirə olaraq köçürür və belə qızın da duvağını özgələr yox, məhz qardaşı başına saldığı kimi, mən də əsərimi başqası ilə yox, öz oğlumla yollayıram.

 

[260]                    Hüzura göndərdim bu gəlini mən,

Qardaşı tutmuşdur onun əlindən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info