Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

İskəndərin başa sitayiş edənlər kəndinə yetişməsi

İskəndərin Qəndəhar bütxanəsinə yetişməsi

İskəndərin Şimala çatması və Yəcuc səddini bağlaması

İskəndərin Ruma qayıtması

İskəndərin vəsiyyəti

İskəndərin anasına məktub yazması

İskəndərin məktubunun anasına çatması

Atasının vəfatında İskəndərusun nale etməsi

Ərəstunun ruzgarının sonu

Hürmüzün ruzgarının sonu

Əflatunun ruzgarının sonu

Valisin ruzgarının sonu

Bəlinasın ruzgarının sonu

Ferfüryusun ruzgarının sonu

Sokratın ruzgarının sonu

Nizaminin ruzgarının sonu

Məlik İzzəddinin mədhi

Kitabın sonu

İzahlar

 


İZAHLAR

 

 



[1]                      Yeddi qat içində nə var binadan,

Min alqış ona ki, odur Yaradan.

Yeddi qat - Şərq əsatirində göyün yeddi təbəqədən ibarət olduğu təsəvvür edilir.

 

[2]                      Heç bir kəs torpağa dil verə bilməz,

Naxış vura bilməz suya da heç kəs.

Heç kim torpağı danışdıra bilməmiş və heç kim suya naxış sala bilməmişdir.

Təkcə Allah torpaqdan nitq sahibi olan insan yaratmış və bir damcı suya (nütfəyə) insanın surətini nəqş etmişdir.

 

[3]                      Səni ümid ilə hey axtarmaqda

Kimisi qarada, kimisi ağda.

Səni hər kəs qaranlıq gecədə, işıqlı gündüzdə, kimi yerdə, kimi göydə axtarıb tapmaq istəyir.

 

[4]                      Köhnə hekayəti çatdırdım sona,

Başlasın təzə söz indi cövlana.

Bundan əvvəlki hekayəni - "İskəndərnamə"nin birinci hissəsini - "Şərəfnamə"ni yazıb bitirdim, indi də onun ikinci hissəsini - "İqbalnamə"ni yazmağa başlamışam.

 

[5]                      Saldın ilk sözümü Sən dildən-dilə,

Bu son addımı da yetir mənzilə.

"Şərəfnamə"də müvəffəqiyyətimi və şöhrətimi təmin etdin, indi "İqbalnamə"ni də o cür başa çatdırmağa mənə yol göstər, yardım et.

 

[6]                      Onun taxtı idi bütün bu əflak,

Başının müqəddəs tacıydı "lövlak".

Həqiqətdə Məhəmməd peyğəmbərin taxt-tacı yox idisə də, mənən o həm taxt, həm tac sahibi idi. Quranda "Lövlökə ma xələqqü-1-əflak" ("Əgər sən olmasaydın, göyləri yaratmazdım") ayəsinin ixtisar edilmiş variantıdır. Güya bu sözləri Allah Məhəmməd peyğəmbərə müraciətlə demişdir.

 

[7]                      Parlayıb nur saçdı bu kainata,

Bənzərdi Zülmatda abi-heyata.

Məhəmməd peyğəmbər cəhalət qaranlığında olan dünyaya öz mərifəti ilə işıq saçdı. Onun dünyada varlığı əsatirə görə Zülmətda olan dirilik suyuna (abi-həyata) bənzədilir.

 

[8]                      Uca qalxmasaydı ərşin tağından,

Kimdi kainatın sirrini açan?

Ərşin tağı - burada Məhəmməd peyğəmbərin, dini əfsanədə deyildiyi kimi qalxdığı "merac"dır ki, göyün yeddinci təbəqəsi sayılır.

Beytin mənası: Məhəmməd peyğəmbər göylərin ən yüksək qatından uca qalxdığı üçün kainatın sirlərini açdı.

 

[9]                      Cənnətdən torpağa gəldisə Adəm,

O qoydu torpaqdan cənnətə qədəm.

Adəm peyğəmbər Allahın əmrindən çıxdığı üçün cənnətdən çıxarılıb dünyaya atılmışdı.

Beytin mənası: Məhəmməd peyğəmbər Adəm peyğəmbərdən də yüksəkdir. Adəm cənnətdən çıxarılıb yerə qovulduğu halda, Məhəmməd peyğəmbər yerdən cənnətə getmişdir. Burada Məhəmməd peyğəmbərin behişti görməsinə işarə edilir.

 

[10]                     Aytək çıxdı Yusif quyudan əgər,

Nur saçdı quyudan o, Aya qədər.

Yusif quyudan Ay kimi bayıra çıxdısa, Məhəmməd peyğəmbər merac gecəsi yerdən Ayın üstünə, ərşə çıxdı və hər yeri öz nuruna qərq etdi.

 

[11]                     Xızra abi-həyat oldusa qismət,

Həyat çeşməsindən keçdi Məhəmməd.

Əgər Xızır Zülmata gedib dirilik suyuna çatdısa, Məhəmməd peyğəmbər merac gecəsi daha yüksək məqama çatdı.

 

[12]                     Yunisi uddusa balıq bir zaman,

Ona səcdə etdi balıqla ilan.

Yunis - qədim yəhudilərin peyğəmbərlərindəndir.

Uydurduğu möcüzə yalan çıxdığı üçün qaçıb Dəclə kənarına gəlmiş, gəmiyə minmiş, günahkar olduğundan gəmi onu aparmamışdır; Yunisi suya atmışlar. Bir böyük balıq onu udmuş, o da balığın qanında tövbə və dua etmiş, Allah duasını qəbul etmiş, bir müddət sonra balıq onu kənara buraxmışdır.

İkinci misrada Nizami Məhəmməd peyğəmbərin möcüzələrindən birinə işarə edir.

Məhəmməd peyğəmbərin möcüzələrindən biri də güya heyvanları dilə gətirməsi olmuşdur. Guya balıq və ilan da ona ram olub dilə gəlmiş, onun peyğəmbərliyini təsdiq etmişdir.

 

[13]                     Davuddan yadigar tək bir zireh var,

Məhəmməd yüz zireh qoyub yadigar.

Davud peyğəmbər öləndən sonra ondan insanlara yadigar kimi zireh qayırmaq bacarığı qalmışdı. Məhəmmədin təlimi isə yüz zirehə bərabərdir.

 

[14]                     İsanın beşiyi göyə qovuşdu,

Məhəmmədsə özü göylərə uçdu.

Məhəmməd peyğəmbərin meracına işarədir.

 

[15]                     Tur dağı Musaya oldusa eyvan,

Məhəmmədin qəsri yarandı nurdan.

Musa Allahdan vəhy almaq üçün "Turi-Sina" dağına çıxmışdısa, Məhəmməd peyğəmbər nurdan yaranmış qəsrdə Allahla söhbət edirdi.

 

[16]                     Gəlinimdə olan şuxluq, təravət

Peykərşünaslara eylər kifayət.

Gəlinim - burada əsərim, yəni "İqbalnamə"ni, peykərşünas isə sənəti, gözəlliyi qiymətləndirən deməkdir.

 

[17]                     Kürədən çıxanda güzgü bərq vurar,

Fəqət sınan zaman zirehə yarar.

Qədimdə güzgünü pardaxlanmış dəmirdən qayırardılar. Güzgü qırıldıqda ondan zireh də düzəltmək olurdu.

Beytin mənası: gənclikdə insanın üzü güzgü kimi parlaq və saf olur, amma qocalanda üz qırışır, zireh kimi çin-çin olur.

 

[18]                     Zülmətə bürünmüş keşikçixana,

Həmlə eləmişdir fil pasibana.

Keşikçixana - dünya, fil - gecə, pasiban - Günəş mənasını verir. Yəni gecə gəlmiş, hər tərəfi qaranlıq basmışdır.

 

[19]                     Bir ahu balası doğmuşdur çəmən,

Müşk-ənbər saçmada öz göbəyindən.

Ahu - ulduz, çəmən - göy mənasındadır. Ahunun göbəyindən qara müşk düşən kimi göydən yerə qaranlıq çökməkdədir, yəni - gecədir.

 

[20]                     Dürr üçün qəvvastək suya batırdım,

Gah seçib götürür, gah da atırdım.

Nizami "İqbalnamə"ni yazarkən yeni surətlər, incə mənalar, gözəl ifadələr tapmasını qəvvasın dənizdən dürr çıxarmasına oxşadır.

 

[21]                     Fələyin köhləni olub təngnəfəs...

Vaxtın sürətlə keçməsinə işarədir.

 

[22]                     Daxmada gecənin hörüklərindən,

Yeddi rəng ipəklər toxuyuram mən.

Bu dar evimdə gecənin mənə verdiyi ilhamla rəngarəng surətlər, sözlər yaradıb, əsərimi yazıram.

 

[23]                     Bu lacivərd küpdən mən də İsatək

İplər çıxarıram hər an rəngbərəng.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info