Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

 

[52]                     Nədir dörd yol üstə məskən düzəltmək?

Dörd yol - dörd ünsürdən, yəni su, od, torpaq və havadan ibarət dünya deməkdir. Mənası: nə vaxta qədər bu kəşməkeşli dünyada yaşayacağı?

 

[53]                     Dörd balış qeydindən qurtaranda biz,

Asudə yatanq səssiz-səmirsiz.

Dörd balış - yenə də dörd ünsürdən ibarət olan dünya deməkdir. Yəni yalnız öləndən sonra asudə olmaq mümkündür.

 

[54]                     Hər pərdədə yalnız o adam çalar

Ki, ola pərdədən yaxşı xəbərdar.

Musiqidə işlənən pərdə sözü burada məcazi mənadadır. Beytdə deyilir ki, həyatın qanun-qaydalarını bilməyən, onlarla hesablaşmayan adam daim çətinliklərə rast gələr.

 

[55]                 Belə dörd müxtəlif yol ayrıcından,

Çıxmaram, ya qoca olum, ya cavan.

Dörd müxtəlif yol - sağa, sola, irəli, geri gedən yollar, dünyəvi həyatın yollarıdır. Yəni cavan da, qoca da olsam, bu bir-birinə zidd yollardan keçməyə məcburam.

 

[56]                     Dəniz dalğalanıb gələrsə feyzə,

Sədəfdən dürr alıb çıxardar üzə.

Padşahın səxavəti dəniz kimi hərəkətə gəlsə, mənim təbimdən de dürr kimi sözlər çıxar.

 

[57]                 Bir şəhər yaratsam, baxtım olsa yar,

Kim olsun bəs ona sonra şəhriyar?

Nizami əsərini bir şəhərə benzədib deyir ki, onu tikib qurtarsam, yəni "İqbalnamə"ni müvəffəqiyyətlə yazıb başa çatdırsam, ona sahib çıxan, onun "şəhriyarı" kim olar?

 

[58]                     Qoyma qoca şaha gənc üstün gələ,

Şiraye Pərvizi öldürdü belə.

Nizaminin "Xosrov və Şirin" poemasında Pərviz öz sağlığında şahlığı oğlu Şirayəyə vermiş, onu həddindən artıq yüksəltmişdir. Şiruyə də yolunu azıb atası Xorsov Pərvizi öldürmüşdür.

 

[59]                     Qocaman ağaca mişar çəkmə sən,

Zöhhak bunun üçün düşdü təxtindən.

Qocaman ağac sözlərinden Pişdadiyan sülaləsinin guya yeddi yüz il padşahlıq etmiş dördüncü şahı Cəmşid nəzərdə tutulur. Zöhhak onu taxtdan saldığı üçün öz taxt-tacını itirdi.

 

[60]                     Çoxları istədi "İqbalnamə"ni,

Tək ona həsr etdim mən bu nameni.

Namə sözü "İqbalnamə"yə, ona sözü isə İzzəddin Məsuda işarədir.

İzzəddin Məsud - Nurəddin Arslan şahın oğlu, Məsul atabəylərinin yeddinci hökmdarı olmuş, 1218-ci ilə qədər hakimiyyət sürmüşdür. Nizami "İskəndərnamə"də bir neçə dəfə İzzəddin Məsudun adını çəkmiş, "İqbalnamə"ni də ona ithaf etmiş və oğlu Məhəmməd vasitəsilə əsəri Məsula göndərmişdir. Onun hakimiyyətdə olduğu dövr (1214-1218) nəzərə alındıqda, görünür ki, Nizaminin vəfatı bizim qəbul etdiyimiz 1209-cu ildən sonra olmuşdur.

 

[61]                 Deyirlər o xoruz banlar hər səhər,

Yerdəki xoruzlar ona səs verər.

Nizami özünü guya göydə yaşayan və hər səhər ilk banlayan xoruza, o biri şairləri isə onu təqlid edərək, yerdə banlayan xoruzlara bənzədir.

 

[62]                 Bir ov vurubsansa, çıxar meydana,

Yəni: Bir əsər yazmısansa, ortaya qoy.

 

[63]                     Vurubsan qızıla şah sikkəsini.

Pulun üstündə şahın adı həkk edilən kimi sən də bu qızıl kimi əsərin ("İqbalnamə"nin) üstünə şahın adını yazmısan, əsəri ona ithaf etmisən.

 

[64]                     Almış fərmanını Mahmudilərdən,

Həsəbi, nəsəbi Davudilərdən.

Mahmud - Sultan Mahmud Qəznəvi və ya Səbuktəkin Qəznəvilər dövlətinin banisidir. 997-ci ildən 1030-cu ilə qədər hakimiyyət sürmüşdür. Mahmudilər - Mahmud nəsli, sülaləsi deməkdir. Davud - Selcuq hökmdarlarından Qılınc Arslanın böyük qardaşı idi. Məlikşah Səlcuqinin fərmanı ilə 20 il hakimiyyətdə olmuş, 1107-ci ildə ölmüşdür. Şair İzzəddin Məsudun Səlcuq sülaləsindən olan Qılınc Arslanın böyük qardaşı Davud ibn-Süleymanla əsil-nəsəbcə bağlı olduğunu göstərir.

 

[65]                     Tünd şərab qədəhə tökülsə əgər,

Ləl lacivərdə şəbxun eyləyər.

Ləl - qırmızı şərab, lacivərd isə tünd göy rəngli qədəh mənasında işlənmişdir. Ləl lacivərdə şəbxun (basqın) eyləyər - yəni qırmızı şərab göy qədəhin rəngini dəyişdirər.

 

[66]                     Fəzada uçarsa əgər üqabı..

Üqab - qaraquş, ulduz adı.

 

[67]                     Ayı göydə fətir eləyib güman,

Çoxları quyuya düşüblər, inan.

Şair Ayın quyu suyunda əks olunan şəklini fətirə, şahın çöhrəsini isə həmin şəkle oxşadır; şaha təmənna ilə yanaşanlar Ayın quyudakı şəklini fətir bilib ona can atanlar kimi özlərini fəlakətə salırlar.

 

[68]                     Mələyə bənzəyər divlər kənardan,

Div zülmətdən törər, mələksə nurdan.

Əsatirə görə, div qaranlıqdan, mələk isə nurdan yaranmışdır.

 

[69]                     Neçün Bişkin demiş ona bu dövran?

O ki, mehribandır bütün şahlardan.

Bişkin kəlməsini dürüst yazsalar,

Ona layiq bir ad Keypişin olar.

Bişkin - sözünün lüğəvi mənası çox kinli deməkdir. Nizami bu ləqəbin əsərdə mədh edilən şahın xasiyyətinə uyğun olmadığını bildirir və deyir ki, onun kini deyil, Əksinə, mehribanlığı bütün şahlardan artıqdır. Buna görə də şair Bişkin (yaxud Pişkin) sözünün hərflərinin yerini deyişməklə, onu Keypişin şəklinə salır və bu adı şaha daha layiq bilir; çünki Keypişin İranın əfsanəvi padşahı və Keylər sülaləsinin birinci şahı olan Keyqubadın oğlu Keykavusun adıdır.

 

[70]                     Qopdu bir zəlzələ, göyü oynatdı,

Şəhərlər dağılıb yerlərə batdı.

XII əsrdə Azərbaycanda və o cümlədən, Gəncədə bir neçə zəlzələ olmuşdur. Bunların ən böyüyü 1139-cu il zəlzələsidir ki, rəvayətə görə, bu vaxt Gəncədə 230 minə qədər adam həlak olmuşdur. Kəpəz dağı zirvəsinin çökməsi nəticəsində Göygölün əmələ gəlməsinə səbəb olan bu dəhşətli zəlzələni Nizami həyəcanla təsvir edir.

 

[71]                     Surun gur səsindən balıq qorxaraq

Atıldı öküzdən bir xeyli uzaq.

Sur - buynuzdan qayrılan iri çalğı borusudur. Əsatirə görə, güya yer öküzün, öküz də balığın üstündə durmuşdur. Beytin mənası: suran, yəni zəlzələ vaxtı qopan gurultunun səsi o qədər güclü oldu ki, yer kürəsini titrətdi, balıq öküzün altından sıçrayıb uzağa düşdü.

 

[72]                     Yusiflər gözünə sanki batdı mil,

Sanki aşıb-daşıb Misri basdı Nil.

Nizami burada Gəncəni əfsanəvi gözəl Yusifə və Misrə bənzədir. Mil Yusifin gözünü kor və Nil Misri viran etdiyi kimi zəlzələ də Gəncəni viran etmişdir.

 

[73]                     Bircə sap gövhəri sağ gördü səhər,

O düzdü yenidən saplara gövhər.

Gəncənin zəlzələdən sonra şah tərəfindən bərpasına işarədir.

 

[74]                     Yeddi firuzəli bu qəsrdə sən

Haqqa, ədalətə vüsət vermisən.

Yeddi firuzəli qəsr - yeddi göy təbəqəsini bildirir; məcazi mənada isə dünyaya işarədir. Yəni sən bu dar dünyanı hünərin və ədalətinlə genişləndirdin.

 

[75]                     Bir qədəh mey verir sənə Nizami,

Gərək nuş edəsən Keykavus kimi.

Bu tusi qədəhlə Mahmuda bildir

"Şahnamə"nin qədri, qiyməti nədir!

Bir qədəh mey dedikdə, "İqbalnamə" nəzərdə tutulur. Şair deyir ki, gərək bu qədəhdəki meyi nuş edib, ona qiymət vərəsən. Başqa sözlə, bu tusi qədəhlə, yeni Firdovsi Tusinin "Şahnamə"si qiymətində olan bu əsərə layiqli qiymət verməklə, Sultan Mahmuda bildirəsən ki, şairin qədrini necə bilərlər.

 

[76]                     İki xəzinənin varisi, hökmən,

Səxavətdə sənsən, söz deməkdə mən.

İki xəzinə - Sultan Mahmudun xəzinəsi ilə Firdovsinin "Şahnamə" əsərini bildirir. Nizami deyir ki, "Şahnamə" şairinin varisi mənəm, Mahmud xəzinəsinin varisi sən. Məndən böyük əsər yazmaq, səndən böyük səxavət göstərmək...

 

[77]                     Borc əgər vaxtında ödənilməsə.

Qaydadır: varisdən çatar varisə.

Rəvayətə görə, Sultan Mahmud Firdovsiyə "Şahnamə"ni yazdırmış, lakin vəd etdiyi mükafatı verməmişdir. Nizami şaha deyir ki, Firdovsinin varisi mənəm. Mahmud xəzinəsinin varisi sən. Qanun-qaydaya görə ödənilməmiş borcu bu varis o varisə verməlidir.

 

[78]                     O gövhər kanını yox edib ruzgar,

Bircə "İntiyaxis" qalıb yadigar.

"İntiyaxis" - İskəndərdən sonra İranda hakimiyyət sürmüş sultanlar nəslindən birinin adıdır. Bu söz eyni zamanda həmin hökmdarların adına yazılmış bir kitabdır ki, Nizami burada qalıb yadigar dedikdə, onu nəzərə alır.

 

[79]                     Yoxsa rum papaqlı bir türk nə sayaq

Çinə, Hindistana basardı ayaq?

Rum papaqlı türk sözləri ilə Hindistanı alıb, Çini özünə tabe etmiş olan İskəndər Zülqərneyn nəzərdə tutulur.

 

[80]                     Əfsunda Harutu vurub keçənlər,

Neçə əfsun quran, neçə cadugər.

İskəndər Zülqerneyn öz yanında Harutdan da mahir cadugərlər aparırdı.

 

[81]                     Madam ki, o rami ipək bir rəngmiş,

İçdən belə çirkin, üzdən qəşəngmiş,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info