Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

[200] Naqə - dişi dəvə.

 

[201]                    Qaldırdı balıqdan Aya bayrağı.

İskəndər bayrağını qaldırıb yola düşdü.

 

[202]                    Yunanlar Okyanos deyərdi ona.

Nizami Okyanos sözünü bilavasitə yunancadan götürmüşdür.

 

[203] Müəyyəb - eybəcər. Müəlləq - asılı, asılmış.

 

[204]                    Örtüyə bürünər bir az gedərək,

Çunki yer altından keçsin o gərək.

Guya Günəş əvvəl dənizdən keçdiyi üçün onun ipək sularına bürünər, sonar da yerin altından keçdiyi üçün yerin örtüyünü örtər.

 

[205]                    Alim cavab verdi: "Həmin İsti su

Çoxunun abrını tökmüş, doğrusu".

Bu sirri çox adamlar gəzib axtarmış, tapa bilmədikləri üçün biabır olmuşlar.

 

[206] Qəssasə - bir cins mifik, dəhşətli dəniz nəhəngi.

 

[207]                    O çıxsın, ətəkdə qoysun oğlanı,

Balası zəncirtək saxlar aslanı.

Aslan üçün balası zəncir kimidir: balası harada olsa, özü də orada olmalıdır. Burada atanın öz övladına məhəbbətinin qüdrətindən söhbət gedir.

 

[208] Ziyəhat - diri, yaşayan.

 

[209]                    Ulduzlu gecənin od tutub canı,

Sanki əqrəb çalıb xallı ilanı

Nizami yay gecəsindəki səmanı xallı ilana, ulduzların sayrışmasını isə əqrəb vurmuş ilanın hərarətdən çırpınmasına oxşadır.

 

[210]                    Gecənin camına gün axıb doldu

Gün batıb axşam oldu.

 

[211]                    Bu yeddi xalvarlıq təbli çaldıran

Xoruza əmr edib verdirəndə ban...

Yeddi xalvarlıq təbli çaldıran - yeddi təbəqəli göyləri işıqlandıran günəş deməkdir.

Beytin mənası: səhər olub Günəş doğanda, xoruzlar banlayanda...

 

[212]                    Tutiyə dönübsən, ey şad könül, sən,

Yadına Hindistan düşüb deyəsən...

Tutuquşu əsasən isti ölkələrdə, xüsusən, Hindistanda yaşayır. Oradan başqa

ölkələrə aparılan tutuquşu daima öz vətənini arzularmış. Bu beytdə şair öz qəlbini tutuquşuna, eşq və gənclik dövrünü Hindistana bənzədir.

Beytin mənası: tutuquşu Hindistana uçmaq istədiyi kimi, könlüm də gəncləşmək, sevinmək istəyir.

 

[213]                    Yolları cəhənnəm istisi sardı,

Gündən balığın da beli qızardı.

Hava Günəşdən o qədər qızmışdı ki, istilikdən (məlum əfsanəyə görə) yerin altında olan balıq da qızardı.

 

[214]                    Padişah buyurdu: o gözəl dilbər

Yaqut sandığından saçsın saf gövhər.

İskəndər əmr etdi ki, o gözəl qız yaqut kimi qırmızı dodaqlarını (ağzmı) açıb

gövhər kimi sözlər söyləsin.

 

[215]                    Nur alır gözümüz gündən, gündüzdən,

Rəvamı gözləri gün ala bizdən?

Bütün gözlər Günəşdən nur aldığı halda Günəş (yəni İskəndər) necə bizim gözümüzü bizdən uzaqlaşdırar? Burada gözümüzü sözü, haqqında söhbət gedən bütün, heykəlin üzündəki iki parlaq gövhəri bildirir.

 

[216]                    Sabah öz möhrünü göstərən zaman

Atəşpərəst oldu hindli Qaraxan.

İkinci gün günəş çıxanda hindli Qaraxan atəşpərəst oldu - gecənin gündüzlə əvəz olunmasına işarədir.

 

[217]                    Beytlər yayılır bəhrdən çölə,

Heç kəs bu bəhrdə yazmayıb hələ.

Burada birinci misrada bəhr sözü dənizi, ikinci misrada əruz vəzninin bəhrini bildirir.

Yəni bu dənizdən sahilə elə xoş nəğmələr yayılır ki, bunlan heç bir şair heç bir bəhrdə (vəzndə) deməmişdir.

 

[218]                    Bəzədi göyləri ağ Çin ipəyi,

Yer açdı üzündən qara örpəyi.

Ağ Çin ipəyi – bur da Günəşin işığı, qara örpək - gecənin zülməti mənasında işlənmişdir.

Beytin mənası: Günəş çıxdı, yerin üstündən qaranlıq çəkildi.

 

[219]                    Kim görüb ki, dəniz gəmiyə minə!

Burada dəniz (dərya) sözü gəmiyə minib gedən İskəndərə işarədir.

 

[220]                    Dəniz dünyasında bir dünya getdi.

Bu misrada ikinci dünya sözü İskəndəri bildirir.

 

[221]                    Gecənin hindusu bu göy çadırdan

Yeddi rud boyunca ip çəkən zaman...

Rud - nəhr, böyük çay; yeddi rud - yeddi iqlim-dünya, aləm... Hindu - qaranlıq; çadır - səma. Burada çay dünya çadırının ipinə bənzədilir.

 

[222]                    İp üstə oynadı şah bir hindlitək...

Şah ip kimi incə və təhlükəli bir yol ilə getdi.

 

[223] Qlavuz - yol göstərən, bələdçi.

 

[224]               Qırmızı pərdəni göy yığan zaman

Düşdü qızıl teşti uca damından.

Günəş özü teştə, işığı isə qırmızı pərdəyə oxşadılır.

Beytin mənası: axşam olanda Günəş qızıl teşt kimi göydən enir.

 

[225]                    Onların səsləri dəhşətlər saçdı,

Xoruzun boynundan zəngləri açdı.

Xoruzun boynundan zəngləri açdı - xoruzun banlamasına son verdi. Səhər açılarkən təbil səsləri xoruzların səsini batırdı.

 

[226]                    Dəccahın təbliydi sanki çalman.

Dəccal - xristiyanlarda İsanın düşməni, müsəlmanlarda Məhəmmədin düşməni; yalançı Mehdi; guya qiyamətdə təbilini çalıb zühur edəcək.

 

[227]                    Günəş öz evinə edəndə şitab

İstidən aslanlar oldular kabab.

Günəşin evi - astronomiyada Aslan bürcü (Əsəd bürcü) deməkdir. Beytin mənası: Günəş Aslan bürcünə girəndə - yayın ən isti vaxtı gələndə meşədəki aslanlar da istidən bişdilər.

 

[228]                    Günəşi göylərdə dolanan zaman

Sancıb saraltmadı əqrəbtək xəzan,

Tüstülənən bir teşt vardı əlində,

Gəzib od saçırdı o, Zəngdə, Çində.

Yırtırdı aslantək iti çaynağı

Gah öküz sağrısı, gah gur dırnağı.

Əqrəb sözü burada Əqrəb bürcü mənasındadır. Astronomiyaya görə, Günəş Əqrəb bürcünə girəndə havalar soyumağa, qış yaxpınlaşmağa başlayır. Aslan sözü də Aslan bürcünü bildirir. Günəş bu bürcə girəndə havalar çox isti olur. Zəng və Çin sözləri burada ekvatora yaxın isti ölkələri bildirir. Sancıb saraltmadı əqrəbtək xəzan - yəni hələ payız girməmişdi.

Bəytlərin mənası: yay fəsli idi, günəş çox yandırıcı idi, hər çıxanda yerə od saçırdı, hərarəti ilə öküzlərin sağrısını və dağ eşşəyinin (gurun) dırnaqlarını yandırdı.

 

[229]                    Bu yeddi budaqlı, altı cəhətli,

Dövrəsi, meydanı, yeri vüsətli

Sərvdən ucaldı qaibanə səs:

"Daha fatehlikdən əl çək, bəsdir, bəs!"

Burada sərv - dünya, maddi aləm deməkdir; altı cəhət - sağ, sol, ön, arxa, üst, alt - aləmin altı cəhəti; yeddi budaq isə - yeddi fələk, yeddi qat asiman deməkdir.

 

[230]                    İskəndər sözünü yazanda katib

Yalnız beşcə hərflə ifadə edib

Beş hərfə müvafiq etdin beş səfər...



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info