Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Gümüş məcməyidə gərək biz nahaq,

Bir qara ud kimi coşub daşmayaq.

Rum çeşnili ipək - üzdən gözəl naxışlı, astardansa çirkin olur. Bu ipəyin astar tərəfini açıb eybini göstərmək lazım olmadığı kimi, biz də bu gümüş məcmeyidə, yəni bu göy altında (məcazi: bu dünyada) yaxşı qoxu verməyən qara ud kimi yanaraq eybimizi üzə çıxarmayaq (ud ağacı yanarkən xoş qoxu verir, amma qara ud, əksinə, yandıqda yaxşı iy vermir).

 

[82]                     "...Ud, söyüd külüylə yoxsa gözəllər

Dişini ağardıb bizə gülərlər..."

Keçmişdə ud və söyüd ağaclarını yandırıb külü ilə diş yuyarlarmış. Dişini ağardıb ifadəsi həm həqiqi mənada, həm də gülmək mənasında işlənmişdir. Nizami deyir ki, qara ud yananda külü ilə diş yuduqlan kimi, biz də coşubdaşsaq, eyblərimizi üzə çıxararıq və xalq gülüb bizə iztehza edər.

 

[83]                     "İki qərn sahibi" qoymuş namını,

Çünki Şərqdən, Qərbdən almış kamını.

Ərəb dilində qərn sözü Şərq ve Qərb mənasında da işlənir. İskəndər Zülqemeynə "İki qərn sahibi" ləqəbini ona görə vermişlər ki, o, Şərqi də, Qərbi də fəth etmişdir.

 

[84]                 Deyirlər ki, qoşa hörüyü varmış,

Onu kürəyinə daim atarmış.

Qərn - sözü saç mənasında da işlənir. Guya İskəndər saçını başının dalında iki dəstədə hörüb bururmuş, buna görə ona Zülqərneyn - iki hörüklü deyirmişlər.

 

[85]                     Deyirlər görübmüş bir belə röya,

Gündən iki qərni alıbmış guya.

İskəndər yuxuda görübmüş ki, Şərqi və Qərbi Günəşin əlindən almış, iki qərn sahibi olmuş, buna görə ona Zülqəmeyn adını vermişlər.

 

[86]                 Başqa rəvayətdə deyirlər yenə:

İskəndər yaşamış iki qərinə.

Qərinə - sözü həm əsr, həm də əsrin üçdə biri mənasında işlənir. İskəndərin yeni eradan qabaq 356-cı ilin payızında doğulduğu və 13 iyun 323-cü ildə, yəni otuz üç yaşında öldüyü məlumdur. Demək, bu rəvayət uydurmadır.

 

[87]                     İskəndər bilmişlər o gündən bəri

Buynuzlu çəkilmiş məlakələri,

Odur ki, şübhəyə düşmüş ərəblər,

"Zülqərneyn" ləqəbi almış İskəndər.

Əbu-Məşər – adı Ömər, atasının adı Məhəmməd Bəlxlidir. Ən məşhur münəccimlərdən olmuşdur. Riyaziyyat və astronomiya sahəsində əsrinin ən böyük alimi sayılır. 886-cı ildə ölmüşdür. “Üluf” onun məşhur əsərlərindən biridir. O, “Üluf” kitabında yazır ki, İskəndər öləndən sonra yunanlar onun surətini çəkmişlər. Həmin surətin sağ və solunda iki mələk şəkli də rəsm etmişlər. Surətin üstündə iki buynuz şəkli olmuşdur. Guya İskəndər Allah tərəfindən yaradılıb yerə göndərilmiş, bu mələklər də onun sağ-solunda qarovulçusudurlar. Sonra həmin şəkil ərəblərin əlinə keçmiş, onlar buynuzlu mələyi İskəndər bilib, ona "Zülqərneyn" (ikibuynuzlu) adını vermişlər. İskəndər sikkəsi üstündə buynuzlu büt şəklinin həkk edildiyi də məlumdur.

 

[88]                     Dürdən taca bənzər qınları varmış,

İki qulağına o qın taxarmış.

İskəndərin qulaqları çox uzun imiş, onları gizlətmək üçün o, tacının yanlarında buynuza oxşar iki balaca qın qayırtdırıbmış, tacını qoyanda qulaqlarını o qınların içinə salırmış.

 

[89]                     Sevdi çinli türkü, könlu şad oldu,

Qəmlər hindusundan o, azad oldu.

Türk - sözü gözəl mənasında da işlənir. Burada Çində yaşayan türk gözəli nəzərdə tutulur. Hindu sözü qaralıq, qəm, kədər rəmzi kimi alınır. Beytin mənası: Arşimed o ağ çinli türk gözəli ilə o qədər zövqə dalmışdı ki, qəmin, kədərin qaralığı onun qəlbini tərk etmişdi.

 

[90]                     Dik servi əyərək taqətdən saldı.

Qızı sağlamlıq, gənclik və gözəllikdən məhrum etdi.

 

[91]                     Rüzgar ona görə dəyişir hər an:

Törəyib dörd ana, yeddi atadan.

Dörd ana - maddi aləmin əsasını təşkil edən dörd ünsür (su, od, torpaq, hava), yaxud dörd cəhət (şərq, qərb, cənub, şimal); yeddi ata isə astrologiyaya görə göyün yeddi təbəqəsi deməkdir.

Beytin mənası: dünya və insanın həyatı ona görə durmadan dəyişilir ki, birbirinə zidd müxtəlif maddə və qüvvələrdən əmələ gəlmişdir.

 

[92]                     Arşimides rumlu alimin mumdan,

Balı çəkdiyini gördüyü zaman...

Rumlu alim - yunan filosofu Ərəstuya işarədir.

Beytin mənası: Arşimides Ərəstunun, balı mumdan ayıran kimi o qızın gözəlliyini soldurduğunu gördükdə...

 

[93]                 Uca sərv bir daha yarpaq açaraq,

Dikəldi, yenə də atdı qol-budaq.

O sərvboylu kənizin əvvəlki gözəlliyi qayıdıb yerinə gəldi.

 

[94]                     Rüxü qoymuş idi Ayı piyada,

"Atı" mat qoymuşdu "şahı" dünyada.

Nizami bu beytdə öz fikrini obrazlı ifadə etmək üçün şahmat oyunu tərminlərindən istifadə edir. Birinci misrada rüx sözünü şair eyni zamanda iki mənada işlədir. Rüx - farsca üz və piyada (şahmat fıquru) mənasını verir. Misra gözəlin hüsnü ayı piyada qoymuşdu mənasındadır.

Beytin mənası: parlaq üzü Ayın ışığının yolunu bağlamışdı və onun gözəlliyinə şahlar mat (heyran) qalmışdılar.

 

[95]                     "Şirin"in halvasın qurtaranda mən,

Bir halvaçalanım getdi evimdən.

"Şirin" - "Xosrov və Şirin" əsəri, halvaçalanım - arvadım mənasındadır.

Beytin mənası: "Xosrov və Şirin" əsərimi yazıb bitirdikdə, öz Şirinimi - Afaqımı itirdim.

 

[96]                     "Leyli" xəznəsinə çəkərkən hasar,

Orda da bir Gövhər eylədim nisar.

Bu toyu çatdırıb mən nəhayətə,

Təzə bir gəlin də verdim cənnətə.

"Leyli və Məcnun" əsərini yazıb sona çatdıranda da ikinci arvadım öldü. Nizaminin ikinci arvadının adı, bizcə, Gövhər olmuşdur. Yuxarıdakı beytlərin ikinci misrasındakı Gövhər sözü buna işarədir və iki mənada işlənmişdir. Üçüncü və dördüncü misralardan məlum olur ki, şair "İqbalnaməni yazıb qurtaranda üçüncü arvadı da vəfat etmişdir.

 

[97]                     Neçə gözəl dərdi sinəmdə ikən,

Rum-rus dastanını necə yazım mən?

Rum-rus dastanı burada "İskəndərnamə"yə işarədir. Rum dastanı – İskəndər Ruminin dastanını, rus dastanı isə İskəndərin ruslarla bir sıra müharibələrini bildirir ki, bunlar "Şərəfnamə"də təsvir edilmişdir.

 

[98]                     Hamıya məlumdur, əhli-Xorasan

Bağdadda fənd ilə yaşayar asan.

Abbasilər dövründə, səkkizinci əsrdə Xorasan hakimlərinin (Əbu-Müslüm Xorasanının, Bəni-Tahir dövlətinin banisi Tahirin və b.) Bağdad xəlifələri ilə diplomatik əlaqələrinə və xəlifələri aldatmalarına işarədir.

 

[99] Darülxilafət - xilafət mərkəzi, paytaxt.

 

[100]                    Yox, əgər görsəniz yalançıyam mən,

Baş məndən, teşt ilə qılınc da sizdən.

Gördünüz ki, mən sizi aldadıram, başımı teşt içində kəsin. (Keçmişdə məhkum olanların başını teşt içində kəsmək cəza formalarından biri olmuşdur).

 

[101]                    İskəndər bir xəbər aldı Yunandan:

Olub xəzinəyə Mariyə ilan.

Şərq əfsanələrinə görə, guya hər gizli xəzinə üstündə bir ilan yaşayıb onu qoruyarmış.

 

[102]                    Mən qalxıb gizləndim dərhal bir küncdə,

Fikrin gah tikanda, gah da türüncdə,

Mənim ürəyimdə bir tərəfdən arvad-uşaq dərdi və ölüm qorxusu, digər tərəfdən də xəzinə qazanmaq, varlanmaq arzusu vardı.

 

[103]                    Döndüm bir mədənə o xəzinədən,

Dəniztək varlandım bir gecədə mən.

Mədəndə qiymətli daşlar, dənizdə dürr, inci və s. bol olduğu kımi, mən də eləcə varlandım.

 

[104]                Şahı sarsıtmışdı bu söz, bu söhbət,

O gövhər satana etdi mərhəmət.

Gövhər satan ifadəsində bu əhvalatı danışan çörəkçi nəzərdə tutulur.

 

[105]                    Düz pərdədə əyri çaldıqlarından

Pərdənin dalında oldular nihan.

Doğru sözləri inkar edib yanlış yol ilə getdikləri üçün tələf oldular.

 

[106]                O sərv meşəsində gördü ki, ancaq

Yetmişi qurayub, biri qalıb sağ.

Sərv meşəsi burada alimlər məclisi deməkdir. Yəni bunların yetmişi də ölmüş, bir Hürmüz sağ qalmışdı.

 

[107]                    Təblini çaldıqca təbilçi yeyin,

Qızışdı havası soyuq gecənin.

Naümid olanda o qara qarğa

Ağ xoruz başladı xoş dil açmağa.

Çıxdı Rum taxtına İskəndər erkən,

Dili od, dimağı mumdu deyəsən.

Təblini çaldıqca təbilçi: - Günəş doğduqca... Qara qarğa - qaranlıq gecə, ağ xoruz - gündüz deməkdir. İkinci beytin birinci misrasının mənası: gece keçdi, səhər açıldı, dan yeri ağardı. İkinci beytin ikinci misrasının mənası: İskəndərin dili kəsərli, ağlı isə elmi, fəlsəfəni mənimsəmək üçün hər nəqşi asanlıqla qəbul edən mum kimi yumşaq

idi.

 

[108]                    Bir küpün içində gizləndi bir gün.

Axtardı səsini bu yeddi küpün.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info