Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Şərabı içərlər şən, güllər kimi,

Məstkən ayıqdırlar bülbüllər kimi.

Hamı yarımhuşyar, şah yarımayıq,

Hamı dildən iti, şah əliaçıq!

Kimdə var bu məclis padişahlardan?

O həm şahdır, həm də Cahanpəhləvan.

Bu bir məclisdir ki, qovqadan uzaq,

Ona layiq olar bu naməm ancaq.

Bununla seyr etsin şah göyü, yeri,

Dağları, daşları, göy dənizləri!

Hərdən at oynadıb çıxsın meydana,

Gah da hücum çəksin Həbəşistana.

Heç yerə getmədən aqil hökmüdar,

Görər öz gözüylə dünyada nə var.

Istəsə şah üçün bu kitab yəqin

Açar qapısını yeddi ölkənin.

Onunla məclisi şahın şad olar.

Onda bu dünyanın təsvirləri var.

Keyxosrov bəzminin varisi sənsən,

Təxtü tac dayağı zoruna əhsən!

Cahanı göstərən bu cama baxsan,

Könlündən keçəni verəcək nişan.

Xəlvətdə yazılmış belə bir əsər

Şaha şahzadəlik müjdəsi verər.

Elə bir qapını açdı bu açar

Ki, ora dəniztək gövhərlər saçar.

Səhər ağ təxtinə çıxandan bəri

Heç bir tac görməyib belə gövhəri.

Mən ki, söz açmışam əvvəl beşikdən,

Körpəni görəndə heyrət etmə sən.

Bu şadlıq günündə sən bir məclis qur,

Yerin dövrəsinə göytək kəmər vur.

Nolaydı, bəxtim yol verəydi mənə,

Gələydim şahın o cənnət bəzminə.

Bəlkə o məclisin mərhəmətindən

Açaydım işimdən düyünləri mən.

Qolumda, qıçımda qalmamış taqət

Ki, gəlib behişti edəm ziyarət.

Müqəddəs behiştə can getsin gərək,

Cəsədi oraya niyə göndərək?

Dəryamdan iki dürr olubdur əyan[257],

Onlardır üzümü mənim ağardan:

Biri Məryəm kimi ismətli pəri,

Isanın nurilə parlar o biri.

Birinin çöhrəsi Aytək münəvvər,

Birinin ürəyi güntək nur çilər.

Müqbil, Iqbal adlı iki hindli qul

Göndərdim hüzura, olaydı məqbul[258].

Gəldi hər ikisi şah xidmətinə,

Məsəldir, yaqutu saxlar xəzinə.

Qızını mehrlə köçürər ana,

Qardaş duvaq salar onun başına[259].

Hüzura göndərdim bu gəlini mən,

Qardaşı tutmuşdur onun əlindən[260].

Canımı yollayıb bir peşkəş kimi,

Qoşmuşam mən ona ciyərparəmi[261],

Onu sən geriyə qaytaran zaman

Lütfün artıq olsun umduğumuzdan!

Sözümü burada çatdırdım sona,

Nə qiymət lazımdır, özün ver ona!..

 

 

 

KİTABIN SONU

 

Gövhərlər olanda mədəndə aşkar

Dünyanı bürüdü gövhər alanlar.

Gövhərə olsa da hamı müştəri,

Gövhər tanıyanlar alar gövhəri.

Daşın göbəyindən çıxardım gövhər,

Əlimdə tərəzi dursam da əgər,

Sanma ki, düşmüşəm dövlət eşqinə,

Mənə gərək deyil əsla xəzinə!

İstəyim budur ki, o sahibdövlət

Versin əməyimə layiq bir qiymət.

Məni düşündürmür azla çox fikri,

Çünki qohum deyil Ayla Müştəri.

Gəzirəm elə bir sərraf insanı

Ki, məğmun etməsin gövhər satanı.

Div kimi dağların köksünü yarmaq.

Vəhşi heyvan kimi nərə qoparmaq,

Açmaq xəzinəyə axan selləri,

Dənizə tullamaq dürrü, gövhəri

Min dəfə yaxşıdır, asandır, inan,

Nadan adamlara şer oxumaqdan!..

Söz hər şeydən əvvəl dinləyən istər,

Alıcı olmasa, tanınmaz gövhər.

Mənim gövhərşünas bir müştərim var,

Həm gövhərşünasdır, həm də lütfkar.

Ancaq, xəbər tutub daş hərisləri

Saldılar dalımca neçə nəfəri.

Bu parlaq ləlimi almaqçün ələ

Mənə daş yağdırıb deyirlər belə:

"O parlaq gövhəri, gəl, bizə ver sən,

Verməsən, bu bağdan köç etməlisən!"

Hirsləndim onların bu rəftarından,

Bu cürə qarışıq, pis bazarından.

Dedim: "Gövhər üçün edərlərmi cəng?

Nəğmə gözəl olar olsa həmahəng[262].

Dərya sevdasıdır, keç öz dürründən,

Gücün nəyə çatır onu söylə sən.

Dənizlə alverə çıxarsa biri,

Gərək dərya qədər ola gövhəri.

Dəryayla alverin dərya nəfi var,

Dəryanı dəryayla satın alarlar.

Bir səsin dünyanı tutsa şöhrəti,

Gərək dünya qədər ola vüsəti.

Pozğunluq olarsa ahəngdə əgər,

O səs hara çatar, necə yüksələr?

Bir söz ki, rəng verir gülə, gülşənə,

Hikmətli cavabdır başa düşənə.

Yaxşı tanıyıram mən hər yetəni,

Kəmər oğrusuyla tac bəxş edəni...

Bunları deməkdən qəsdim, yaxşı bil,

Əsla yoxsulluqdan şikayət deyil!

Demirəm pis keçir günüm, həyatım,

Ancaq yorulmuşdur azacıq atım.

Süfrəmdə bir parça çörək tapılar,

Amma səhhətimdən şikayətim var.

Insanın bədəni olmasa möhkəm,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info