Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Qılınc yox, dürr verir şaha dünyada.

Sədəf dənizdə nəhənglə bir yerdə olur. Lakin o, tacları bəzəyən incilər verdiyi halda, nəhəngin belində qılınca bənzər tikanlar olur.

 

[170]                    Qardaşın qanını alma qardaşdan,

Tamam ayrı şeydir çünki südlə qan.

Qardaş qardaşla ana südünə şerik olurlar; amma qan - cinayət işlərində onlar şərik deyillər. Birisi bir günaha batıbsa, onun cəzasını o birinə vermək olmaz.

 

[171]                    Paslanıb kəsməsə qılıncın əgər,

Qızıl ver, daşları dəmirə döndər.

Qılıncın pas tutsa, onunla bir iş görə bilməsən, qızıl ver ki, daş kimi bərk olan düşməni dəmir kimi əridib yumşaldasan.

 

[172]                    Xalqın məclisində mütrübtək şad ol,

Sərvsən, kibrdən, çalış, azad ol.

Öz şəxsi mənfəətini güdmə, xalq ilə birgə şad ol. Belə olmasın ki, xalq şad olanda sən kədərə batasan; lovğalıqdan, dikbaşlıqdan uzaqlaş.

 

[173]                    Bəzəmə üzünü sən reyhansayaq,

Özgənin əlində ol nurlu çıraq.

Gül-çiçək kimi üzünü bəzəmə, çıraq kimi ol ki, yanaraq başqasına fayda verəsən.

 

[174]                    Qızıl ya sahibi xoşdur? - Sorma sən.

Düyün bənddən pisdir, bənd də düyündən.

Qızıl sahibi qızıl kisəsinə vurulmuş bir düyün kimi, qızıl isə sahibinin ayaqlarına vurulmuş bənd kimidir. Hər ikisi pisdir.

 

[175]                    Geniş ətəkli ol, çünki meyvələr

Geniş ətəklərə daha çox düşür.

Səxavətli, əliaçıq ol ki, özün də səxavət və əliaçıqlıq görəsən, ruhun bol olsun.

 

[176]                    Həmişə düz gedən piyada əsgər

Vəzir olan kimi əyri yol gedir.

Bəzi adamların yüksək vəzifə və rütbəyə çatdıqları zaman lovğalanıb yollarından azmalarını Nizami şahmat fiqurlarının hərəkətləri ilə müqayisə edir. Məlum olduğu kimi, şahmatda əsgər (piyada) yalnız düz istiqamətdə hərəkət edə bilər. Lakin o, taxtanın son xanasına çatdıqda vəzir olur və bu zaman yana da (əyri yola da) hərəkət edə bilir.

 

[177]                    Bəd gündə ulduzdan olma bədgüman.

Yaman vəziyyətə düşəndə bədbin olma, ümidsizliyə qapılıb taleyin uğursuzluğundan şikayətlənmə.

 

[178]                    Göyə atılan daş yerə tez düşər,

Bu qısa müddətdə işlər dəyişər.

Pis vəziyyət çox tez - bir daşın göyə atılıb yerə düşməsi müddətində dəyişib

yaxşılaşa bilər.

 

[179]                    Çalış ki, kirpiyin olsun almaztək,

Ayıq ol, ölkənin keşiyini çək.

 

[180]                    Oyanıb qalxanda Günəş yuxudan,

Müşkə kafur səpdi sanki asiman.

Müşk - qara, kafur-ağ, yəni səhər Günəş doğanda müşkə kafür səpilən kimi oldu hava işıqlandı.

 

[181]                    Əsildir, yüksəkdir o da gövhərtək,

Özünü həmişə qorusun gərək.

Şah nəcabət əhlidir, onun vücudu gövhər kimi qiymətlidir, buna görə də xətərə düşə bilər. Deməli, o özünü, əsil-nəsəbini həmişə mühafizə etməlidir.

 

[182]                    Dünya tikanlıdır, kirpiyik biz də,

İynə var, tikan var xislətimizdə.

Dünyanı nahaq yerə pisləməliyik, çünki əgər dünyanın üstü zülm tikanları ilə doludursa, bizim də təbiətimiz kirpi kimi tikanlıdır, demək, ikimiz də - dünya da, biz də bir-birimizə bənzəyirik.

 

[183]                    İki qarı qızın başladı bəhsi,

Dünyanı götürdü onların səsi.

Bizim dünyanı pisləməyimiz iki bədxasiyyət, qarımış qızın bir-birini pisləməyinə bənzər.

 

[184]                    Yeddi qat yanar od içrə, nəhayət,

Kabablıq ət üçün nədir bu zəhmət?

Yeddi qat yanar od - dünya deməkdir. Yəni bu kəşməkeşli, mərəkəli dünyada bu qədər arzu və ehtirasa əsir olmaq nə üçündür?       

 

[185]                    Üç gün ötüb keçdi, yenə asiman,

Rum-zənci oyunu oynayan zaman.

İskəndər buyurdu qoca Sokrata

Vursun üzüyündən muma möhr o da.

Rum-zənci oyunu - burada rum (rumlu) - ağ, zənci isə - qara mənasında işlənmişdir. Asimanın rum-zənci oyunu oynaması - səhərlə axşamın, gündüzlə gecənin bir-birini izləməsini bildirir.

Mənası: üçüncü gün səhər olanda İskəndər əmr etdi ki, Sokrat öz bilik üzüyünün möhrünü onun mum kimi hər naxışı qəbul edən istedadlı ağlına vursun, onun üçün nəsihətnamə düzəltsin.

 

[186]                    Dürlər çıxarmaqçün daldı ümmana.

Sokrat İskəndərə gözəl, mənalı nəsihətlər vermək üçün fikrə getdi.

 

[187]                    Yeməyi heç yemə dəniz kimi tək,

Yediyin olmasın acı, dəniztək.

Dəniz suyu acı olur. Güya acılıq ona görədir ki, dəniz hər şeyi özbaşına təklikdə udur.

Beytin mənası: xudbin və xəsis olma, yeməyi tək yemə. Belə etsən, yediyin nuş olmaz, ağzın daha gəlməz.

 

[188]                    Vaxtında evindən çıxarsan əgər,

Qapına müşktək ətir səpilər.

Bundan əvvəlki beytdən də aydın olur ki, xəsislik edib yeməyi evində saxlasan, onun üfunəti çox evlərə yayılacaq. Əliaçıq olub onu qonşulara versən, onların məhəbbətini qazanarsan, haqqında yaxşı sözlər yayılar.

 

[189]                    Tək bircə fətirə, gəl, qane ol sən,

Düşün, Günəşdən ki, artıq deyilsən.

Burada fətir yuvarlaq Günəş qürsü ilə müqayisə edilir. Yəni dünyada acgöz olma, bir çörəklə kifayətlən, düşün ki, parlaq Günəş də bir qürs (dairə) ilə kifayətlənir.

 

[190]                    Quraqlıq olanda, bilmirsən bunu,

Zirəyə verərlər zirə suyunu?

Rəvayətə görə, guya zirə bitkisinə su verilmir. Quraqlıq vaxtı: zirə - sənə su verəcəyəm, - deyən sahibinin vədilə, ümidlə yaşayır. Buna görə də zirə suyu ifadəsi aldadıcı, yalançı vəd və ümid mənasını daşıyır.

 

[191]                    Elə sür kəcavə çəkən dəvəni,

Filin ayağına salmasın səni.

Az qan tök, az zülm elə, işini elə ehtiyatla apar ki, şahlığın bərbad olmasın; dəvə (ədalət, qanun) səni filin (xalqın, rəiyyətin) ayağı altına salıb pay-mal etməsin.

 

[192]                    Bu harın göy atdan daim et həzər,

O bir əjdahadır, gəlinə bənzər.

Burada harın göy at - fələk, asiman mənasındadır. Yəni bu dünyanın gərdişi aldadıcıdır, əslində o, kinli bir əjdahadır, lakin zahirdən gozəl bir gəlinə bənzər.

 

[193]                    Bağla torpaq kimi dinclik kəməri.

Sokratın dilindən deyilən bu sözlər yerin sabit, hərəkətsiz olması barədə idealist fəlsəfi nəzəriyyəyə işarədir.

 

[194]                    Mən “Xosrovnaməni” yazmaqçün rəvan...

"Xosrovnamə" - "İqbalnamə" (yaxud "Xirədnamə") deməkdir. Xosrov - böyük Şah. Əsər İskəndərə həsr edildiyi üçün onu "Xosrovnamə" də adlandırmaq olar.

 

[195]                    Yuxudan məhrumdu o nərgiz gözlər,

Sərvimdə görmədim gənclikdən əsər.

Bənövşə üstünü basmış yasəmən,

Öz qızılgülümii solğun gördüm mən.

Şair öz bədəninin üzvlərini müxtəlif bitkilərə bənzədir: nərgiz - gözəl, sərv - boy, qamət; bənövşə üstünü basmış yasəmən - yəni saçlar ağarmışdır. Qızılgülün solğun gördüm - al yanaqlarımı, üzümü solub-saralmış gördüm. Demək, daha qocalmışam.

 

[196]                    Sikkəni bu qədər sürtülmüş görcək...

Sifətimi rövnəqdən düşmüş görəndə...

 

[197]                    Dövlət divanından pozdu adım,

Zəhmət divanına yazdı adım.

Dövlət divanı - hakimiyyət mövqeyi, şahlıq; zəhmət divanı - peyğəmbərlik.

 

[198] Bisrək - güclü dəvə, qıvraq və tez yeriyən olur.

 

[199] Büxti - Xorasan dəvəsi.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info