Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Dini əfsanəyə görə, İsanın peyğəmbərliyinə ən əvvəl inanan on iki boyaqçı olmuşdur. Bunlar İsadan möcüzə istəmişlər. İsa da guya boyaqçılara boyamaq üçün verilmiş bütün əşyanı bir küpə tökmüş və bunları eyni küpdən hər kəsin istədiyi rəngdə çıxarmışdır.

Bu beytdə: lacivərd küp - göy, səma; rəngbərəng iplər isə - müxtəlif surətlər və müxtəlif mənalar ifadə edən misralar, beytlər deməkdir.

 

[24]                                 Onda Müştərini görərək hər an,

Vurar üzüyünə Ütarid nişan.

Nizami özünü Ütaridə - katibə, Xoylu İmadı isə xoşbəxtlik gətirən Müştəri ulduzuna bənzədir. Münəccimlərin fikrincə, Müştəri xoş tale göstərən ulduzların ən böyüyüdür, Ütarid isə göylərin katibidir.

Beytin mənası: Müştəri Ütaridə xoşbəxtlik nəzərini salan kimi Ütarid bu səadəti möhürləmək üçün katiblik üzüyünü barmağına keçirir. Keçmişdə şahların katibi onların möhürünu özündə saxlardı ki, yazılanları möhürləsin.

 

[25]                     Məgər neçə uşaq tutar bir mama?

Bir ağac nə qədər yetirər xurma?

Burada Nizami özünü mamaya və bar verən ağaca, yaratdığı misraları və beytləri uşaq və xurmaya bənzədir. Yəni bir şair bir gecədə nə qədər şeir yazar.

 

[26]                     Yuxusuz, ac-susuz qalıb o gece,

Bu mavi dəryada üzürdüm tekcə.

Mavi dərya ilham mənasındadır. Yəni bu yuxusuz çalışdığım gecədə fikrim ilham dənizində söz inciləri toplamaq üçün üzməkdədir.

 

[27]                     Gecə gecə deyil, dibsiz bir quyu,

Ayı da, günü də udmuşdu suyu.

Ayın görünmədiyi gecə, yəni tamam qaranlıq olan gecə el arasında qədimdən bəri qaranlıq quyuya bənzədilir, güya Ay və Günəş bu quyuya düşmüşdür.

 

[28]                     Atdığım kəməndlə, şahın bəxtindən

Əmlik ceyranları ovlamışam mən.

Şahın dövlətindən ilham kəməndini ələ alaraq xəyahmın çəmənində məna ceyranları ovlamışam - gözəl beytlər yaratmışam.

 

[29]                     Əngin dənizlərə mən tor atmışam,

Bu torla növbənöv balıq tutmuşam.

Xəyalımın dənizinə tor ataraq, çoxlu təzə fikirlər tapmışam, rəngarəng beytlər yaratmışam.

 

[30]                     Vuruşur önümdə Çin ilə Həbəş.

Çin - ağ kağız, Həbəş isə kağız üzərində qara xətlər, yazılar deməkdir.

 

[31]                 Qızışıb coşduqca beynim şərabdan,

Gəldi səxavətə söz də bu zaman.

Şərab şairin ilhamı, təbi mənasındadır. Nizami ömründə şərab içmədiyini başqa beytlərində də bildirmişdir. Məsələn:

Sən mey iç, gətirmə heç bir bəhanə,

Ağzım möhürlüdür, üz vurma mənə.

Bu fikri nizamişünaslar da təstiq edirlər.

Beytin mənası: mənəvi şərabım - təbim coşduqca sözlər, fikirlər də beynimdə coşub daşır.

 

[32]                     İlham buludlarım çəkdi nərələr,

Gövhərşünaslara yağdırdı gövhər.

İlhamım cuşa gəldi, sənəti sevənlər üçün yağış kimi dürlər yağdırdım.

 

[33]                     Taleyim açıldı, oldum bəxtəvər,

Zöhrə dəf göndərdi, Müştəri dəftər.

Zöhrə ulduzu Yaxın Şərqin klassik şairlərinin əsərlərində göylərin çalğıçısı sayılır. Zöhrənin dəfi buna işarədir. Kosmoqrafiya Müştəri ulduzu üzərində qara xətlər olduğunu göstərir. Müştərinin bu xətlərini qədimdə yazı saymışlar. Müştərinin dəftəri ifadəsi də buna işarədir. İkinci tərəfdən, Müştərinin Zöhrə ilə bir bürcdə qarşılaşması, qədim astroloqların fikrincə, xoşbəxtlik əlamətidir. Bu beytdə Zöhrənin dəfi - əyləncəli, zövq verən şeirlər, Müştərinin dəftəri isə, xoşbəxtlik kitabı demekdir ki, bu da "İqbalnamə"yə işarədir. Nizami demək istəyir ki, bu kitabda həm zövq, sevinc, həm də səadət yolunu tapmaq olar.

 

[34]                     Neçə vaxt ağ rəngə lacivərd qatdım,

Bitdi "Şərəfnamə", murada çatdım.

Ağ rəng - kağıza, lacivərd isə mürəkkəbə işarədir. Nizami ağ rəngi lacivərdə qatdım deməklə, əsərlərini yazmasından bəhs edir.

 

[35]                     Gör əvvəl nə əkdim, gör bitdi nələr,

Sınığı bu sayaq bitişdirərlər.

Şair "İqbalnamə"ni yazmaqla və onu "Şərəfnamə" ilə bitişdirməklə, "İskəndərname" kimi bütöv bir əsərin meydana çıxdığını göstərir. Beytdə sınıq sözü "Şərəfhamə"nin mövzuca yarımçıqlığına işarədir ki, "İqbalnamə" bunu tamamlayır.

 

[36]                     Bilmirəm bu qədər füsunkar sözlər

Babil quyusundan çıxır nə təhər?

Əsatirə görə, qədim Babil şəhərində dərin bir quyu var imiş ki, oradan asılmış Harut və Marut adında sehrbaz mələklər də quyudan çıxa bilməzlərmiş. Nizami burada öz şeirlərinin o quyudan çıxa biləcək dərəcədə qüvvətli caduya, yəni təsirə malik olduğunu söyləyir.

 

[37]                     Zöhrəyə o "Zənd"i kimlər öyrətdi,

Oxuyub Harutu tamam bənd etdi?

Əsatirə görə, guya Zöhrə ulduzu çox gözəl oxumağı ilə Harutu cəzb etmiş, Harut da ona qovuşmaq üçün sehrbazlığa başlamış və sehrbazlıq etdiyinə görə cəzalandırılaraq quyudan başı üstə asılmışdır. "Zənd" - atəşpərəstlərin peyğəmbəri Zərdüştün kitabının adıdır. Buna "Zənd-Avesta" da deyilir. Nizami isə təbini "Zənd" oxuyan Zöhrəyə, şeirlərini də Zöhrənin cəzbedici nəğmələrinə bənzədir.

 

[38]                     Sehirli nəğməmdən Zərdüşt xar oldu,

Söndü çox "Zənd"lərin alovu, odu.

Yəni mənim sehrə - qüvvətə malik sözlərimin müqabilində Zərdüştün sözləri kölgədə qaldı, çox "Zənd"lər rövnəqdən düşdü.

 

[39]                 Dəryaya dürr saçsm qətrə buradan,

Qoy xurma daşısın Bəsrə buradan.

Məlumdur ki, qətrə dəryada sədəfin ağzına düşüb, dürr olar. Nizami deyir ki, qətrələr məndən dəryalara dürr saça bilər, yəni mən sözlərdən dürr yaradan bir şairəm.

İkinci misra Bəsrənin bol və əla xurma yeri olduğuna işarədər. Nizami özünün Bəsrə xurmasından da şirin və bol sözlər yaratdığını söyləyir.

 

[40]                     Bu altıkünc tağda bir buludam mən,

Səpərəm hər yana su ciyərimdən.

Mən bu altıcəhətli (sağı, solu, önü, arxası, yuxarısı, aşağısı olan) aləmdə elə bir sənətkaram ki, sözlərimin şöhrəti hər yana gedib çatır.

 

[41]                 Bitkitək pay alıb hamı suyumdan,

Yağışım sərvlər becərir hər an.

Mənim əsərimdən ilham alan şairlər damcı ilə bitən otlara bənzərlər, onlar mənim böyük bəhrələr verən sənətimə möhtacdırlar.

 

[42]                     Kölgətək işıqdan kim çəksə zərər,

Əlbəttə, həmişə ondan çəkinər.

Çeşməmdən feyziyab olsa da çoxu,

Getmir gözlərinə həsəddən yuxu.

Bu beytlərdə Nizami özünu işığa və onun poetik istedadına həsəd aparan şairləri kölgəyə bənzədir.

 

[43]                     Mənim meyxanamdan içərlər şərab...

Yəni mənim əsərlərimdən istifadə edərlər.

 

[44]                     Bu feyzi onunçün qazandım ki, mən

Əsla su içmədim yad bir çeşmədən.

Mən özgəyə göz dikmədən öz əməyimlə belə bir dərəcəyə çatdım.

 

[45]                     Xəlvətdə poladdan sildim ki, pası,

Yaqut rəngi alsın onun aynası.

Bu və başqa beytlərdə Nizami öz yaradıcılığının tamamilə orijinal olduğunu, heç kəsi təqlid etmədiyini və heç kəsdən söz almadığını göstərir və deyir ki, mən zəhmət və əziyyətimlə öz yaradıcılıq xəyalımı güzgü kimi parlatdım.

 

[46]                     Hələ can almamış əcəl turactək:

"Dad, məni tutdular!" - çığırıb dad çək,

Dad, məni tutdular! - Turacın oxumasına, təqlid yolu ilə düzəldilmiş ifadəyə işarədir.

 

[47]                     Fələk - yeddibaşlı qorxunc əjdaha,

Bircə zərbə vursa, məhv oldım daha.

Əsatirə görə, güya göy əjdahası olan fələk Ayı udurmuş, həm də onun tutulmasına səbəb olurmuş.

 

[48]                     Xəlbirə bənzəyən teştdir asiman,

Sən bir xəlbir torpaq, o da bir teşt qan.

Birinci misra ulduzlarla dolu göyə işarədir, İkinci misrada isə insan bir ovuc torpağa, çərxi-fələk isə məhv olmuşların qanı ilə dolmuş bir teştə bənzədilir.

 

[49]                     Bu göy rəngli küpün çox hiyləsi var,

İçindən görərsən yüz cür rəng çıxar.

Göy rəngli küp - fələk, səma deməkdir. Beytin mənası: bu fələk cadularla, füsunlarla doludur, ondan yüz növ hiylə baş verir.

 

[50]                     Küpə bir cadugər minər, deyərlər,

Bu küpə minmişdir yüz min cadugər.

Əfsanələrə görə, küpə bircə cadugər minir, amma göyün küpünə bax ki, üstündə yüz minlərlə cadugər və sehrbaz, yəni bədbəxtlik və nəhslik ulduzları dolaşır.

 

[51]                     Tülkütək geydirər qırmızı papaq,

Sonra qara itə yedirdər ancaq.

"Dərzi tülkü" adlı Azərbaycan nağılına işarədir. Yəni bu çərxi-fələk bu gün bir adama qırmızı tülkü dərisindən papaq geydirsə, sabah onu tülkü kimi qara itlərə yem edər; bu gün güldürər, sabah ağladar.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info