Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Yazarkən süstləşər əlində qələm.

Saz olsa qarğanın əgər bədəni,

O, Bəsti ənciri bilər hər dəni[263].

Düzdür, yaşım ötüb, əsir dizlərim,

Rövnəqdən düşməmiş ancaq sözlərim.

Hələ çox solmayıb göy sərvim mənim,

Hələ diribaşdır bu ağ köhlənim.

Hələ haqq gözləyən, qədirbilənlər

Əllicə beytimə yüz qızıl verər.

Bəxtimdən, zəmanə eyləyir kömək,

Kisəmə dürr verir, taxtıma ipək.

Ancaq bir arzu da keçir qəlbimdən,

Aslanlar ovuna kəmənd atım mən,

Şir kimi doyaram qanıyla ovun,

Leşini qoy yesin tülkülər onun.

Əti apararsa pişik qazandan,

Nə çıxar, qarı hey qoparsın fəğan!

Fələyin zərləri əyri atması,

Dünyanın oyuna xələl qatması

Altmışa çatdırdı yaşımı mənim,

Düşməmiş qüvvədən ancaq bədənim.

Sanıram yenə də on yaşındayam,

Hələ də divlərin savaşındayam.

Keçənlər keçibdir çöllərdə yeltək,

Qalanlar da belə gəlib keçəcək.

Ömrün hesabını düşünsən əgər,

Quyuya sallamış dolçaya bənzər.

Bir dolça quyudan su çıxarmasa,

Nə xeyri, uzunmuş ipi, ya qısa?

Getdim, bu dastanda qoyub qəlbimi,

Gərək oxunmasın əyləncə kimi.

Dinləyən halını duysun dərindən,

O da getməlidir bu köç yerindən!

Bizi nə düşünsün, nə yada salsın,

Özünün, dostların qeydinə qalsın.

Mən də oturmuşdum bir gün, dünyada

Olub keçənləri salırdım yada.

Ölənlərin qəmi qəlbimə doldu,

Gözlərimin yaşı dönüb sel oldu.

Suda batanlardan bir nəfər gecə

Yuxuma girərək dedi gizlicə:

"Sən özün bizimlə bir yerdə ikən

Bizim dərdimizi nahaq çəkirsən.

Indi ki, gedirsən bu karvan ilə,

Sən öz dərdini çək, fikrini elə!"

Bu dünya mənasız göründü mənə,

Düşdüm o gecədən səfər fikrinə.

Çünki təşviş etməz ayıq bir insan

Bu çıraqsöndürən dəli ruzgardan.

Mən şərab küpünə düşərsəm, nə qəm,

Meylə al boyanmış libas geyərəm!

Tapa bilməsəm də qulan kababı,

Çəkmirəm toxluq ya aclıq əzabı.

Yoxsa da içməyə dadlı bir şərbət,

Şirin xəyallardan alaram ləzzət!

Qurtarıb tükənsə yağdanda yağım,

Nə olar, qoy sönsün bu can çırağım.

Səsim çıxmasa da təbiltək əgər,

Dözərəm təbiltək yağsa zərbələr.

Sındırsa sərvimi zamanın yeli,

Sağaldar yaramı şahın öz əli.

Xudaya, sən özün bu saf gövhəri,

Bu, hünər bağında yetmiş bəhəri,

Yetimdir, dünyada qoru hər zaman,

Gecəli-gündüzlü dərddən, bəladan.

Bu dəri dastanım yetişdi sona,

Yaxşı fal, xoş tale yar oldu ona.

Şahın adı kimi o Məsud olsun,

Şah da bu dastanla qoy Mahmud olsun[264].

İlk dəfə bu dürrü mən sapa düzdüm,

Tale ümmanında fərəhlə üzdüm,

İqbalı xoşlara yazdığım əsər,

Təəccüb etməyin məqbulsa əgər.

Nəzər salan zaman şah bu dastana

Qoy əqli, zəkası yar olsun ona!

Ucalsın adıyla onun bu kitab,

O da bu kitabdan olsun feyziyab!

Nizami aləmə bir də səs salsın,

Adı bu əsərlə əbədi qalsın!

Bunun adı kimi olsun bəxtəvər,

Dolandıqca dövran, keçdikcə illər!

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR

 

Kamillik zirvəsi (Zümrüd Quluzadə)

"Harda ki, ağıl bir xəzinə tapar"

Minacat

Sonuncu peyğəmbərin tərifi

Kitabın yazılmasının səbəbi

Sözün tərifi və padşahlara nəsihət

Padşahın tərifi

Təzim xitabəsi

Kitabın başlanması

İskəndərin başqırxan qul ilə əhvalatı

İskəndər ilə çoban dastanı

Arşimides ilə çinli kənizin hekayəsi

Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi

Fağır çörəkçinin hekayəsi və onun varlanması

Alimlərin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti

Əflatunun çalğı aləti qayırması

Əflatunun keçmişdən hekayə söyləməsi

İskəndərlə Sokratın əhvalatı

Hindli həkimin İskəndərlə söhbəti

İskəndərin yeddi alim ilə xəlvətə çəkilməsi

Ərəstunun dedikləri

Valisin dedikləri

Bəlinasın dedikləri

Sokratın dediklari

Fərfuryusun dedikləri

Hürmüzün dedikləri

Əflatunun dedikləri

İskəndərin dedikləri

Nizaminin dedikləri

İskəndərin peyğəmbərliyə yetişməsi

Ərəstimun nəsihətnaməsi

Əflatunun nəsihətnaməsi

Sokratın nəsihətnaməsi

İskəndərin peyğəmbərlik səfərinə çıxması



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info