Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Əflatun bir küpün içinə girib yeddi fələyin, kainatın səsini axtardı.

 

[109]                Ərğənun təkmilə yetdiyi zaman

Süni ud çox yaxşı oldu xam uddan.

Ərğənun zahirən pianoya bənzəyən bir musiqi alətidir. Ud həm simli musiqi aləti, həm də Hindistanda bitən və yanarkan xoş qoxu verən ağac adıdır. İkinci misrada süni ud – musiqi alətinə, xam ud isə ağaca işarədir. Yəni çalman musiqi dinləyənləri çox ruhlandırır. Bunun təsiri yanan xoş qoxulu udun təsirindən daha yaxşı idi.

 

[110]                    Bu xəbər bürüdü bütün cahanı

Ki, yaqut paylayır o yaqut kanı.

Yaqut kanı sözlərində elm və hikmət sahibi olan Əflatun nəzərdə tutulur. Yəni hər tərəfə xəbər yayıldı ki, Əflatun gözəl musiqi aləti yaratmışdır.

 

[111]                Şahın sarayına çatdı bu xəbər

Ki, Zöhrə Harutla bəhsə giriblər.

Harut əfsanəvi sehirbazdır. Güya o, Zöhrə ulduzuna aşiq imiş və ona çatmaq üçün mahir cadugər olmuşdur. Burada Əflatun adamı sehirləyən musiqi aləti yaratdığı üçün Haruta bənzədilir. Zöhrə də əsatirdə göyün musiqiçisi sayılır. Yəni saraya xəbər çatdı ki, Əflatun Harut kimi Zöhrə ilə çalğı meydanında deyişməkdədir.

 

[112]                    Birinci havanı çalanda yenə

Baş qoyub yatdılar Məndəl xəttinə.

Məndəl xətti - sehirbazların və cadugərlərin öz dövrələrinə çəkdikləri tilsimli xəttə deyilir. Yəni musiqi o qədər təsirli idi ki, dinləyənlər sehirlənmiş kimi bihuş olmuşdular.

 

[113]                    Qayıdıb üzüklə qurdu min kələk.

Necə ki, ulduzla oynayır fələk.

Fələk göydəki ulduzlarla cürbəcür hadisələr törətdiyi kimi çoban da barmağındakı üzüyün qaşını oynatmaqla min kələk qururdu.

 

[114]                Bəlkə ilham alıb sazın telindən,

Ruma ipək həşyə nəqş eləyim mən.

Bəlkə bu ipək telli sazın musiqisi ilə ilhama gələrək Rum tarixini, ipəyini gözəl naxışlarla bəzəyim, İskəndər Rumi haqqında gözəl bir əsər yazım.

 

[115]                    Bir də ki, xəbər vər, qoy gəlsin Sokrat,

Tərkibdə, ixlatda o böyuk ustad.

Tərkib və ixlat sözləri köhnə elmi istilahlardır. İxlat - qədim nəzəriyyəyə görə orqanizmdə olan dörd ünsürdür: qan, səfra, qara öd və bəlğəm. Tərkib – bu ünsürlərin birləşmə qayda və nisbətləridir. Beytdə Sokrat bu əməliyyatın böyük bilicisi kimi göstərilir.

 

[116]                    İnsanın belə bir xasiyyəti var:

İraq gəzənləri çox yada salar.

İraq gəzən sözləri ilə Sokrat nəzərdə tutulur.

 

[117]                    Getməmək üçün də vardır çox dəlil,

Hara oynamağa gedib Cəbrail?

Sokrat özünü Cəbrail ilə müqayisə edib. Cəbrail kimi hər kiçik iş üçün

yerindən tərpənməməyi, ağır oturub-durmağı özünə layiq bilir.

 

[118]                    Səhnənin gümbəzi düz olsa əgər,

Köklənməmiş tel də gözəl səslənər.

Evin sahibi (İskəndərə işarədir) düz adam olsa, evindən çıxan söhbət də xoş

olar. 

 

[119]                    O, dürr süfrəsindən örtüyü açdı,

Şahın ətəyinə dürr-gövhər saçdı.

Xidmətçi Sokratın dəyərli, hakimanə sözlərini açıb İskəndərə söylədi.

 

[120]                    Ancaq bu süfrədən doymayır gözün.

Süfrə sözü burada dünyanın mal-dövləti mənasında işlənmişdir.

 

[121]                    Sokrat verdi ona gümüştək cavab,

Dedi ki: "Qulağa tökülməz simab!"

Simab - civə. Yəni Sokrat ona gümüş kimi parlaq və təmiz cavab verərək dedi ki, qəflət civəsini üz qulağından çıxart, bu haqq sözü eşit.

 

[122]                    Dəmiri aynatək parladan insan

Pası silməlidir öz vicdanından.

Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır.

 

[123]                    Olmaz hər zəncidən bir Xacə Müqbil.

Xacə Müqbil - Hüseyn Cavid "Xəyyam" pyesində buna Xacə Nizam deyir. Məşhur "Siyasətnamə" kitabının müəllifi Nizamülmülkdür. Bu bir çox dillərə, o cümlədən Azərbaycan dilinə Rəhim Sultanov tərəfindən tərcümə edilmişdir. Səlcuq padşahlarından Alp Arslanla oğlu Məlikşahın baş vəziri olmuşdur.

 

[124]                    Qara olsan əgər, söyüd kimi yan,

Zəncinin dişini odur ağardan.

Zəncilər dişlərini söyüd kömürü ilə yuyarlarmış.

 

[125]                    Dirilik suyunu Zülmatda sanan

Alimlər o hökmü çıxarıb burdan.

Əsatirə görə, dirilik suyu Zülmatda, yəni qaranlıq dünyadadır. Nizami demək istəyir ki, qara zəncidə işıqlı, fərəhli rah olduğunu görən alimlər dirilik suyunun qaranlıqda, Zülmatda olduğunu düşünmüşlər. Bundan o zamankı fəlsəfi əqidəyə görə, "həqiqət qaranlıqdadır" nəticəsini də çıxarmaq olar.

 

[126]                    Bir idrak nurani olarsa əgər,

Bu tutqun günbəzə qalxıb yüksələr.

İdrak işıqlı, güclü olarsa, əlçatmaz göyləri də dərk edə bilər.

 

[127]                    Günəşin nuruna yedəkçi ol sən,

Səni tərk etsə də düşmə ümiddən.

Günəşin nuru - həqiqət, doğruluq. Yəni sən həmişə həqiqətdən, doğruluqdan yapış. O səni bir müddət tərk etsə də, ümidsiz olma. Burada Nizami həqiqət və mərifət günəşini kəcavədə gedən bir gözələ bənzədir.

 

[128]                    İndi sən bir düşün, nə dərgahdasan,

Gör necə, hansı bir seyrəngahdasan?

Nizami Sokratın dili ilə padşahın sarayını elm və mərifət rütbəsi ilə müqayisə edir və elmi, mərifəti daha yüksək tutur.

 

[129]                    Bilik ayinilə İskəndər yenə

Çıxdı öz möhtəşəm şahlıq təxtinə.

Bilik ayini ifadəsində İskəndərin təşkil etdiyi elmi məclislər nəzərdə tutulur.

 

[130]                    Eşitcək buyurdu ona İskəndər

Ki, muği Günəşə tez yetirsinlər.

Muğ - atəşpərəstə, Günəş - şaha işarədir.

 

[131]                    Ədəblə, ərkanla o muğ eyildi,

Atəşin önünə təzimlə gəldi.

Atəş sözündə İskəndər nəzərdə tutulur. Məlumdur ki, atəşpərəstlər –muğlar oda sitayiş edirlər.

 

[132]                    Növbə o hindliyə yetişən vaxtda

Təzə gül açıldı köhnə budaqda.

Təzə gül - eşidilməmiş dəyərli sözlər deməkdir, köhnə budaq - qoca hindli alimdir.

 

[133]                    Nurdan bəzək vurdu fələk bağına,

Dürdən sırğa asdı yer qulağına.

Onun söylədiyi sözlər kainatın sirlərini işıqlandıran, izah edən və dünyanın, insanların qulağına sırğa olacaq qədər dəyərli, mənalı sözlər idi.

 

[134]                    Pərvanə zülmətdə yanan çırağa

Uçantək gəlmişəm mən də bu bağa.

Yanan çıraq - İskəndər, bu bağ - İskəndərin sarayı mənasında işlənmişdir. Yəni mən İskəndərin yanına və onun sarayına böyük məhəbbətlə gəlmişəm.

 

[135]                    Özü gizlindədir, nişanı aşkar?

Nişan - dünya, aləm deməkdir. Yəni Yaradan özü görünmür, lakin yaratdığı aləm göz qabağındadır.

 

[136]                    Allahı xəyalda olmaz axtarmaq,

Xəyaldan doğan şey divlərdir ancaq.

Xəyal yalnız yaradılmış şeyləri təsəvvür edə bilər, Yaradanı təsəvvür edə bilməz.

 

[137]                    Haqqı tanımaqçın bəsdir bir nişatı,

Bura yetişdinmi, daha dur, dayan!

Haqqın varlığına dəlil olan bir nişandan - bu gördüyümüz aləmdən o yana getməyək, bu maddi aləmdən başqa şey axtarmayaq.

 

[138]                    Bu yerdən, bu göydən kənar çıxma sən,

Yoxsa səriştəni lap itirərsən.

Bu gördüyümüz kainatdan başqa bir aləm axtarmaq fikrinə düşsək, doğru yoldan çıxarıq, səhv edərik.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info