Qonaq Kitabı
ŞEYX SƏNAN

Kim ki, məmnun deyilsə ayrılsın.

 

Əbülüla

Şeyx Cəfərlə, Şeyx Əbülləhyə,

Şeyxəna! Dönmək istiyor geriyə.

 

Şeyx Cəfər

(Şeyx Sənana)

İxtiyarız da, şeyx! Məzuruz,

Səfər etməkdən iştə qorxuyoruz.

 

Şeyx Əbülləhyə

İzn versən dönüb də hər ikimiz,

Həp ibadətlə iştiğal edəriz.

 

Şeyx Hadi

(mənalı və istehzalı bir qəhqəhə ilə Şeyx Əbülləhyəyə)

Əyilib qalxcaq, yeyib içəcək,

Sonra qıl köprüdən qolay keçəcək!

(hər ikisinə)

İxtiyar, dul qadınların da bütün,

Həp bu mərkəzdədir məramı bu gün!

Əcəba!.. Həzrəti-Rəsulüllah,

Cümlə əshab – Əli, Ömər həmrah,

Daima hərbgahə qoşmuşlar,

Haqqı təbliğ üçün vuruşmuşlar.

Bu neçin? Söyləyin, neçin, əcəba?

Yoxsa bir aldanışmıdır?

(Şeyx Cəfər və Şeyx Əbülləhyə)

 

Haşa!..

 

Şeyx Sənan

(hər ikisinə)

Heç zərər yox, gedin Mədinəyə siz,

Bunu lakin unutmayın hərgiz,

Quru, boş səcdənin yox aqibəti,

Haq sevər yalnız əhli-mərifəti.

 

K o r l a r

Ey böyük şeyx, mərhəmət!.. Imdad!..

 

Şeyx Sənan

Siz nə istərsiniz?

 

B i r i n c i   k o r

Fəqət imdad,

Bizə imdad edib şəfa veriniz!

Görmüyor kainatı gözlərimiz.

 

Şeyx Sənan

Böylə ecazkar bir insan,

Xayır, əsla yaratmamış Yaradan.

Bir qulum bən də pək həqir, aciz,

Bu yalan iftiraya uymayınız.

Həm də görməkdə bir məziyyət yox,

Kədər, işkəncə var; məsərrət yox.

Gərçi görmək də başqa nemətdir,

Görməmək ən böyük səadətdir.

 

B i r i n c i  k o r

Bizi rədd etmə, ah, inayət qıl!

 

İ k i n c i  k o r

Nə olur, şeyx, bir kəramət qıl!..

 

Şeyx Sənan

Nə zamandan tutuldu gözləriniz?

 

B i r i n c i  k o r

Anadan doğmadır bənimki təmiz.

 

Ş e y x   S ə n a n

Həp cinayət!.. Qadın cinayəti!

Həp qadın cürmi-ehtirasatı!

Ah, bunlar neçin doğar-doğurur?

Şu qadınlar, neçin doğar-doğurur?

(ikinci kora)

Anadan doğma kormusun sən də?

 

B i r i n c i  k o r

Bəndə əsrarı həp onun, bəndə...

Ağlamaqdan bu hal gəlmiş ona,

Çünki aşiqdi bir gözəl qadına.

 

Şeyx Sənan

Həp cinayət, qadın cinayəti!

Həp qadın cürmi-ehtirasatı!

(şeyxlərə və müridlərə)

Hər səfalət doğar qadınlardan,

Baş verir hər fəlakət onlardan.

Öncə Həvva, o möhtəris nənəmiz,

İşləyib bir cinayət, açdı bir iz.

Bizi qovdurdu baği-cənnətdən,

Qıldı məhrum qürbi-rəhmətdən,

Qadın insanı haqdan ayrı salır.

Həp qadınlar başa bəla sayılır.

(Korları göstərir)

İştə bunlar, zavallı insanlar,

Nəyə sızlar, yanar?.. Səbəb onlar!..

 

B i r i n c i  k o r

Şeyx, ya şeyx! Görmək istiyoruz.

 

İ k i n c i  k o r

Bizi məyus qılma, məğduruz.

 

Şeyx Sənan

Nəyi görmək dilərsiniz, bilməm?

Yanıyor zülm içində həp aləm!

Görməməkçün şu çirkin işləri siz,

Yalvarıb haqqa, həmdü şükr ediniz.

 

Dəvəçi

(gələrək)

Buyurun, şeyx əfəndi!..

 

Şeyx Sənan

Pək gerçək,

Gedəlim, haydı, yolçu yolda gərək...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info