Qonaq Kitabı
ŞEYX SƏNAN

 

İ k i n c i   k o r

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,

Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...

Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?

Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!

Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

 

Qəzəl bitmək üzrə ikən dəvəçi qiyafətində bir ərəb sürətlə gəlib keçər.

 

B i r i n c i   k o r

Ey keçən arqadaş!..

 

Dəvəçi

Nədir dərdin?

 

B i r i n c i  k o r

Bizə Sənanı göstər, Allah üçün.

 

Dəvəçi

Şimdi əlan o, Məkkədən çıxıyor.

 

B i r i n c i  k o r

Bizi bir dərdi-biaman sıxıyor,

Ona Sənan bulur da bəlkə dəva...

 

Dəvəçi

Nə imiş dərdiniz sizin əcəba?

 

B i r i n c i  k o r

Biz eşitdik yığın-yığın kor, lal,

Hər tərəfdən sağır, çolaq və topal,

Şeyx Sənanə iltica ediyor,

Hər kəs ondan şəfa alıb gediyor.

İştə kordur bizim də gözlərimiz,

Yalvarıb biz də bir şəfa diləriz.

 

Dəvəçi

(acı-acı gülərək)

Bu kəramətlə ya neçin Sənan

Şeyx Mərvana eyləməz dərman?!

Barı açsın onun da tək gözünü,

Xalq seyr eyləsin də möcüzünü.

 

B i r i n c i  k o r

Şeyxi göstər də, bəlkə çarə bilir...

 

Dəvəçi

Burda siz bəkləyin, o şimdi gəlir.

 

Dəvəçi gedər. Korlar məyus bir halda düşünür. Bu sırada Zəhra ilə Əzra erkək qiyafətində görünürlər. Zəhra şimdi pək dəyişmiş, bət-bənizi uçmuş... Adəta sarı bir gül yaprağı qədər solğun, daima düşüncəli və məhzundur.

 

Əzra

Xəstəsin, xəstə... Nazənin Zəhra,

Səni er-gec xərab edər bu hava.

Bu nasıl bət-bəniz? Deyilmi yazıq?

Niyə bilməm Mədinədən çıxdıq.

 

Zəhra

Qalmamış bəndə ixtiyar əsla,

Neyləyim, başqa çarə yox, Əzra!

Son nəfəsdir, düşün də qıl tədbir...

 

Əzra

Nə gəlir əldən a-h! Şeyx Kəbir

Oldu mane sənin səadətinə,

Oldu bais sənin fəlakətinə.

Dedi Sənana: “Qafil olma, saqın!

Sana düşmən qadındır, iştə qadın...”

Dinləyib şeyxi binəva o zaman,

Dəyişib oldu başqa bir insan...

 

Zəhra

Daha bir çarə yox, keçən keçmiş,

Çünki Sənan ürəklə and içmiş.

Həp qadınlardan eyliyor nifrət,

Başqa bir fikrə bəsliyor hörmət.

(həzin bir ah ilə)

Onu son dəmdə bir də görsəydim,

Daha qalmazdı həsrətim, dərdim.

 

Dəvəçi

(getmiş olduğu tərəfdən övdətlə gəlib keçərək, korlara)

Şimdi Sənan müridlərilə gəlir,

Sorunuz, bəlkə, bəlkə çarə bilir...

 

K o r l a r

Tanrı versin cəzayi-xeyr sana.

 

Birinci kor udu torba içinə qoyub saxlar.

 

Zəhra

(Əzrayə)

Bəni tut, a-h, bir şey oldu bana.

 

Əzra

Gəl də yoldan bir az kənar olalım.

 

Zəhra

Bax, fənalaşdı büsbütün halım.

 

Əzra

Üzülürsün, aman, aman, Zəhra!

 

Zəhra

(Əzranın yardımilə bir tərəfə çəkilərək)

Bəndə can yox, inan, inan, Əzra!

Ayrı düşdükcə Şeyx Sənandan,

Bana guya cahan olur zindan.

 

Bu sırada şeyxlər və müridlər görünməyə başlar

 

Şeyx Mərvan

Nə səfərdir bu, anlamam ki?!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info