Qonaq Kitabı
ŞEYX SƏNAN

 

Gedərlər.

 

Zəhra

(Əzra ilə bərabər gələrək)

Getdilər, ah, getdilər...

 

Əzra

Zəhra!

Heç təlaş etmə, gəl!

 

Zəhra

(niyazkar)

Aman, Əzra!..

 

Əzra

(əlilə göstərir)

Döndü Sənan, bax, iştə bax, gəliyor,

Gəliyor, həm də bax, nasıl məsrur...

 

Zəhra

Ah, yarəbbi, çox şükür!.. Lakin,

Bu gəliş, kim bilir, əcəb nə için?..

 

Şaşqın bir halda dörd-beş addım çəkilib bəklərlər. Şeyx Sənan, Şeyx Əbuzər, Şeyx Əbülləhyə və Şeyx Cəfər bərabər dönüb gəlirlər.

 

Şeyx Sənan

Şeyx Əbuzər! Sənin də sinnin çox,

Həm vücudunda istitaət yox.

Sən də bunlarla şimdi bir yerdə

Get, tapın rövzeyi-peyəmbərdə.

Daima eylə Haqqa həmdü səna...

Azacıq xəstədir fəqət Zəhra.

( hər üçünə)

Gecə-gündüz xəbər bilin ondan,

Unudub qafil olmayın bir an.

Həm nəzakət bu, həm səvab işdir...

 

Əzra

(Şeyx Sənana yaxlaşaraq)

Səni Zəhra vidayə gəlmişdir.

(Şeyx Sənanda dərin bir heyrət... Zəhrayı göstərərək)

İştə, qarşında titrəyir duruyor,

İştə, solğun çiçək qədər məğdur!..

 

Şeyx Sənan

Ah, Zəhra! Zavallı, solğun nur!

Səni Sənan görüncə alçalıyor.

Gəlməz əldən əyilməmək... Əlbət,

Səndə var çünki başqa ülviyyət.

Bəni əfv eylə, ey şikəstə həyat!

Sən mələksin... Fəqət... Fəqət... Heyhat...

 

Zəhra

Ah, Sənan!.. Aman!.. Böyük Sənan!..

(Həmən bayılıb Əzranın qolları arasına düşər)

 

Şeyx Sənan

(acı və dəhşətli bir sükutdan sonra)

Şeyx Əbuzər! Müvazib ol... hər an

Onu təskin üçün çalış... Zira

Pək fəna xəstədir...

(Əzraya)

Saqın, Əzra!

Onu gözdən ayırmayın əsla.

(dörd-beş addım uzaqlaşaraq)

Əlvida!.. Əlvida!.. Gözəl Zəhra!..

 

P ə r d ə

 

 

İKİNCİ PƏRDƏ

 

I SƏHNƏ

 

Qafqasyada, şimdiki Tiflis civarında kiçik bir dağ ətəyində mənzərəli bir yer... Bir tərəfdə Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oxşar. Qarşıda iki-üç çadır görünür. Müridlərdən bir qaç kişi çadırlardan çıxaraq əllərində dəsti Kürdən su gətirir. Bahar mövsümü... Gürcü yortusu. Ikindi çağı... Qürubə qarşı... Şeyx Sənan Şeyx Sədra ilə bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baxışla ətrafı tamaşa edər...

 

Şeyx Sənan

(məczub bir halda)

İştə Qafqas!.. Səfalı bir məva!

Allah-Allah, nədir bu abü həva!?

Nə qədər şairanə bir xilqət!

Yerə enmişdir adəta cənnət.

Bu tamaşaya qarşı hər insan,

Bəncə biixtiyar olur heyran.

Nə qədər dilrüba yaşıl təpələr!

Seyrə daldıqca ruhu cəzb eylər.

Gülüşür pəmbə, al, bəyaz güllər,

Ötüşür hər tərəfdə bülbüllər.

Ninni söylər kiçik sular xəndan,

Görünür hər tərəfdə bir orman.

Qarlı, qartallı bir yığın dağlar,

Ta uzaqlarda bəmbəyaz parlar.

O buludlar nə, öylə rəngarəng!?

Bu nə qüdrət! Nə dilfirib ahəng?!

Burda qızğın günəş də pək munis

Gecələr büsbütün nədimeyi-hiss...

Hələ Kür nəhri başqa bir aləm!

Gecə məhtabə qarşı pək həmdəm

Gah olur bir dərin sükutə varır,

Gah çağlar da bir fəğan qoparır;

Çırpınır Kür boyunca pək dilbər

Qoyu kül rəngi, göy gövərçinlər,

İştə onlar: həp oynaşan, qoşuşan

Dalğacıqlardır öylə xəndəfəşan...

O da bir karivan, axıb gediyor,

Bir ədəmgahə doğru əzm ediyor,

Bir səfərdir bu adəta məchul...

Qayə məchul, ibtida məchul...

İştə, insanların da halı budur,

Anlaşılmaz neçin gəlib gediyor!?

 

Bu sırada aşağıdakı türkü eşidilməyə başlar, hər kəs dərin bir məczubiyyətlə dinlər, durur.

 

Yücə dağlar aşdım, ormanlar keçdim,

Gözəllər içində bir gözəl seçdim,

Bən o gündən yaradana and içdim,

Dünya gözəl olsa, dönməm yarımdan.

Bənim yarım al yanaqlı mələkdir,

Tazə açmış sevimli bir çiçəkdir,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info