Qonaq Kitabı
ŞEYX SƏNAN

Qəhr olsun o qəhrəman ki, dönəkdir,

Dünya gözəl olsa, dönməm yarımdan.

 

Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar.

 

Şeyx Sədra

Bana bax, arqadaşlar!

 

Özdəmir

Əmr ediniz!

 

Şeyx Sədra

Hanki soydansınız? Nə dindəsiniz?

 

Özdəmir

Soyumuz türk, dinimiz islam...

 

Şeyx Sənan

Pək gözəl...

 

Şeyx Sədra

Gəl, yaxın gəl, iştə tamam.

 

Şeyx Sənan

Bu civarlarda çoxmu, azmısınız?

 

Özdəmir

Doqquz-on köy qədər varız yalnız.

 

Oğuz

Şeyx! Təşrifiniz əcəb nərədən?

 

Şeyx Sənan

Kəbədən, Məkkeyi-mükərrəmədən...

 

Hər ikisi böyük hörmət və səmimiyyətlə Şeyx Sənan və Şeyx Sədranın əlini öpərlər.

 

Şeyx Sənan

Arqadaş, isminiz nədir?

 

Özdəmir

Qulunuz Özdəmir...

 

Şeyx Sənan

Pək gözəl, onunku?

 

Özdəmir

Oğuz...

 

Şeyx Sənan

Əcəba, böylə şimdi siz nərəyə?

 

Özdəmir

Gediyoruz yaxında qomşu köyə.

 

Oğuz

(yola doğru baxaraq böyük bir maraqla)

Özdəmir, Özdəmir! Bax, iştə odur,

Dəli dərvişə bax, nasıl gəliyor.

 

Bu sırada ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. Heyrətli və kəskin bir nəzərlə baxınıb durur.

 

Şeyx Sənan

Əcəba!?

 

Özdəmir

Söylədib də bilməlidir.

 

Oğuz

Dəlidir, şeyx əfəndi, pək dəlidir.

 

Şeyx Sədra

Kim bilir, bəlkə hiylədir...

 

Oğuz

Əsla!

Şu hərif bir bəladır, iştə bəla...

 

Özdəmir

Dinləməz hər nə söyləsən, yalnız

Kəndi söylər də həpsi mənasız.

Yeməz, içməz, yaxın-uzaq bilməz,

Hələ insana heç yaxın gəlməz.

 

Şeyx Sənan

(dərvişə yaxlaşaraq)

Baba dərviş! Qılmayın, lütfən,

Bizi məhrum feyzi-söhbətdən.

 

Dərviş sükut edər.

 

Kimsiniz? Məsləkü təriqətiniz

Nə imiş? Söyləyin, rica edəriz.

 

Dərviş cavab verməz.

 

Şeyx Sədra

(heyrətlə)

Pək tuhaf!.. Ya sağır, ya dilsizdir.

 

Şeyx Mərvan

(gələrək)

Xayır, aldanmayın, o həm sahir,

Həm müzəvvirdir, etsəniz diqqət.

 

Şeyx Sənan

Kəcnəzərlər yanında öylə, əvət,

Bəncə, lakin o çöhrə pək nadir,

Pək böyük bir zəkayə malikdir.

(Dərvişə)

Sən neçin həp sükutə mailsin?

Söylə bir, hanki dinə qailsin?

Hanki məzhəbdəsin, nəsin, kimsin?

Əcəba, hanki fikrə xadimsin?

 

Dərviş, dəşti məqamında laübali və məcnunanə bir ahənglə fəqət zənguləsiz olaraq, başlar; Şeyx Sənan heyrətlə dinlər. Digər şeyxlər və müridlər də gəlib birər-birər ətrafına toplaşırlar.

 

Dərviş

Saqın, heç sorma! Bir divanəyim bən,

Dəmadəm çırpınır pərvanəyim bən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info