Qonaq Kitabı
ŞEYX SƏNAN

Babam heyrət, anamdır şübhə... Əsla

Bilinməz bən kimim, ey şeyxi-vala!

Fəqət pəjmürdə bir səyyahi-zarım,

Şəriətdən, təriqətdən kənarım,

Həqiqət istərim, yalnız həqiqət!

Yetər artıq şəriət, ya təriqət.

Qulaq verməm bən əsla bir xitabə,

Pərəstiş eyləməm heç bir kitabə.

Əvət, Quran, Zəbur, Incilü Tövrat

Birər röya ki, zor təfsiri, heyhat!

Birər röya bütün əlvahi-aləm,

Birər əfsanə, cənnət, ya cəhənnəm.

 

Şeyx Sənan

Təbii, səndə var bir xeyli əsrar,

Neçin məxfi tutar, qılmazsın izhar?

Nə var mərdümgiriz olmaqda bilməm,

Nolur olsan bizə həmrah, həmdəm?

 

Dərviş

Birər əfsanədir hər bir sualın,

Gözündən bəllidir fikrin, xəyalın,

Gülər ruhunda bir yıldızlı xülya,

Sənin bir başqa sevda var başında.

Nədir yalnızlıq?! Anlarsın, düşünsən.

Bu rəmzi get də sor, Allahdan öyrən!

Əgər fövqəlbəşər olmaq dilərsən,

Kənar ol daima cinsi-bəşərdən!..

(Acı və laübali bir qəhqəhədən sonra, müridləri göstərir.)

Bu şaşqın xalqa əsla vermə zəhmət!

Fəqət yalnız bulun, ey tifli-hikmət!

(kəskin və mənalı bir baxışdan sonra uzaqlaşmaq istər.)

 

Şeyx Sənan

(ona yaxlaşaraq)

Aman, ey pir mürşid, mərhəmət qıl!

 

Dərviş

(uzaqlaşaraq, böyük bir istiğna ilə)

Uzaq bəndən, uzaq, ey mərdi-qafil!

Tərəddüd runüma həp gözlərində,

Çəkil get! Yox sədaqət sözlərində,

Vəfa yox səndə, şeyxim, tez cayarsın,

Həmən, bir başqa xülyaya uyarsın.

 

Şeyx Sənan

(iləriləyərək)

Aman! Ey pakdamən pirim, əfv et!

Aman! Səbr et, sözüm var...

 

Dərviş

(etinasız)

İstəməm, get!

 

Dərviş “get!” mənasını anlatır bir tövr ilə əlini sallar. Feyləsufanə baxışlarla, məcnunanə addımlarla uzaqlaşıb gedər. Şeyx Sənanı böyük bir şaşqınlıq və düşüncə alır. Məyus olaraq bir tərəfə çəkilir.

 

Şeyx Sədra

(onu təskin ilə)

Möhtərəm şeyx! Bir düşün... zira

Sana layiq deyil bu hal əsla.

Fəzlədir bəncə böylə bir təşviş,

Sən böyük şeyx; o, sərsəri dərviş...

İki mübhəm sözün nə qiyməti var!?

Böylə sərsəm əqidədən nə çıxar?

 

Şeyx Sənan

Məhv olub getdi həp düşüncələrim,

Bəni yalnız burax, rica edərim.

 

Şeyx Sədra itaət və təslimiyyətlə geri çəkilir, Bu sırada uzaqdan incə və narin ahənglə çalğı səsi eşidilməyə başlar. Şeyxlər və müridlər heyrətlə baxışırlar. Şeyx Mərvan ilə Şeyx Nəim və müridlərdən bəzisi barmaqlarıyla qulaqlarını tıxamaq istərlər.

 

Şeyx Sədra

(heyrət və təzyiflə onlara)

Pək əcayib şu halınız!.. Mutlaq,

Burda lazımmıdır qulaq tıxamaq?

Ürfü şər’ olmuyor bu fikrə şərik,

Çəkilir şeymidir bu sərsəmlik?

Musiqi, nəğmə ən gözəl sənət,

Bunu heç mən’ edərmi bir hikmət!?

İştə, bülbüllərin təranələri,

Növbaharın nəsimi-nəğmələri,

İncə yapraqların öpüşmələri,

Nazlı afətlərin gülüşmələri,

Nəğmeyi-şuxi-həzrəti-Davud,

Yaxud ahəngi-şeir giryeyi-ud,

Həp birər musiqi deyilmi?

 

Şeyx Mərvan

(kinayə və istehza ilə)

Əvət,

Bu da bir ictihadi-pürhikmət.

 

Şeyx Sədra

Etsəniz ictihadə gər diqqət,

O da bir başqa musiqidir, əvət!..

 

Yan tərəfdəki cığırdan, öndə çalğıçılar olduğu halda, süslənmiş gürcü qızları, əlvan geyimli çocuqlar və dəliqanlılar görünməyə başlar. Şeyxlər və müridlər bir tərəfə çəkilib onları tamaşa edərlər.

 

Q ı z l a r  və  ç o c u q l a r

(aşağıdakı şərqiyi çalğıya uyduraraq həp bir yerdə söylərlər)

Əsər nəsimi-dilgüşa,

Gülər bahari-nəşəza.

Çəmən, çiçək, günəş, hava,

Cahanı xüldzar edər.

 

D ə l i q a n l ı l a r

Səfalıdır çəmən, çiçək,

Fəqət nə çarə eyləmək

Ki, hər baxışda bir mələk

Könülləri şikar edər.

 

Q ı z l a r  v ə  ç o c u q l a r

Məhəbbət əhli daima

Olur bəlayə aşina.

Cəfayə etməz etina,

Nigarə can nisar edər.

 

D ə l i q a n l ı l a r

Gözəllərin vəfası yox,

Cəfası var, səfası yox,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info