Qonaq Kitabı
ŞEYX SƏNAN

Bu sözlərin əsası yox,

Nə etsə yarə, yar edər.

 

Dəliqanlılardan dört-beşi şeyxləri salamlar; birisi də çalğıçılara “çal!” deyə, bir qızla bərabər rəqsə başlar. Oğuzla Özdəmir də onlara yaxlaşıb əl çalar. Sonra dəliqanlılardan bir-ikisi Oğuza əl və göz işarətlərilə oynaması üçün rica edərlər. O da bir qızla bərabər ləzgicə rəqs eylər. Rəqs bitdikdə həpsi bir yerdə əvvəlki şərqiyi çalğıya uyduraraq oxuya-oxuya uzaqlaşıb gedərlər. Özdəmirlə Oğuz da şeyxlərə yüngül bir təmənna edərək onları izlər.

 

Şeyx Mərvan

(Özdəmirlə Oğuzu göstərib istehzalı qəhqəhə ilə)

Şeyx Sənanı şimdi gəl qandır,

Sanki bunlar da bir müsəlmandır.

 

Şeyx Sədra

Onların baxmayıb da zahirinə,

Bax riyasız təmiz ürəklərinə.

Var fəqət bəzi şeyx bədbatin,

Zahiri-halı xoş, ürək xain...

Çəkməz əl şeytənətlə vəsvəsədən,

Həp müzəvvirlik onca danişü fənn...

 

Şeyx Sənan

(sərsəm bir halda dərvişin getdiyi tərəfə doğru iləriləyərək)

A-h, o dərviş, o ruhi-müstəsna!..

 

Şeyx Sədra

(Sənana yaxlaşaraq)

Möhtərəm şeyx, halınız nə fəna?!

 

Şeyx Sənan

Nərdə dərviş? O nərdə, göstəriniz?

 

Şeyx Mərvan

Dəlidir, şeyx, o həm də bir dinsiz.

 

Şeyx Sənan

Dəlilik başqa bir fəzilətdir,

Dinsiz olmaq da bir təriqətdir.

Dəlidir, sözlərində məna var,

Sərsəridir, başında sevda var.

O deyil gərçi zahirən Mənsur,

Həp “ənəlhəq” diyor da, çırpınıyor.

 

Şeyx Sədra

(çəkilməkdə olan Sənanı izləyərək)

Getdi, şeyxim, çəkildi, getdi inan,

Heç bilinməz o nərdədir əl’an?

 

Şeyx Sənan

Başqa laf istəməm, xayır... yalnız

Azacıq şimdi bəndən ayrılınız;

Bir qədər Kür boyunca tək-tənha,

Düşünüb gəzmək istərim...

 

Şeyx Mərvan

Əcəba!

Əcəba biz də gəlsək olmazmı?

 

Şeyx Sənan

Yenidən siz də deşməyin yaramı.

 

Şeyx Nəim

(gələrək)

Şeyx!..

 

Şeyx Sənan

Get, get, düşüncəsiz budala!

 

Şeyx Sədra

Bən nasıl?

 

Şeyx Sənan

(əlilə rədd edərək)

İstəməm, xayır!.. Əsla!..

 

Pək dalğın addımlarla uzaqlaşıb gedər. Hər kəsi dəhşətli bir heyrət istila edər və şeyxin getdiyi sırada pərdə enməyə başlar.

 

 

P ə r d ə

 

 

II SƏHNƏ

 

Yol üzərində kiçik bir balkon... Qarşıda havuzlu, çiçəkli bir bağça... Gündüz...

 

Serqo

(aşğıdakı türküyü çağıraraq bağçayı sulamaqla məşğul olur)

Uzaqlaşdım gülümdən, sevgilimdən,

Ayrı düşdüm vətənimdən, elimdən.

Həp sızlarım, bir şey gəlməz əlimdən,

Yar-yar deyib gecə-gündüz ağlarım.

 

Çoxdan bəri nazlı yarı görmədim,

Öpmədim, gül üzündən gül dərmədim,

Gülər üzlə heç bir ömür sürmədim,

Yar-yar deyib gecə-gündüz ağlarım.

 

Anton

(əlində bir çiçək dəməti olduğu halda, bağça tərəfindən gələrək)

Serqocan, Serqo!..

 

Serqo

Vay, əfəndiciyim!

 

Anton

(bir bəxşişlə bərabər dəməti Serqoya verir)

Şunu lütfən Xumara ver də...

 

Serqo

Bəyim!

Daha bir başqa əmriniz?

 

Anton

Nə deyim!

Söylə Antondur eyləyən təqdim.

(Çəkilib görünməz bir guşədə bəklər)

 

Serqo

(balkona çıxıb da qapıya yaxlaşır, yarım səslə)

Gəl, Xumar! Nərdəsin, Xumar, bana bax!

 

Xumar

(ağ geyim geymiş olduğu halda çıxar, Serqonun əlindəki dəmətə baxaraq)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info