Qonaq Kitabı
ŞEYX SƏNAN

Altı ildir əsirü-mədhuşim,

Onun eşqilə məstü bihuşim.

Azacıq bəndə varsa hüsnü cəmal,

Onda həm hüsn var, həm elmü-kəmal.

 

Əzra

Kimsəsiz bir zavallıdır Sənan,

Səndə vardır fəqət nəcabətü şan.

Bir baban var, cahanda şöhrətgir:

Fazili-binəzir, Şeyx Kəbir.

 

Zəhra

Doğru, pək doğrudur sözün, lakin,

Bəncə mənası yox həsəb-nəsəbin.

Qara quldan da alçaq olsa, inan,

Yenə bəndən şərəflidir Sənan.

 

Əzra

(pəncərəyə baxaraq)

Gəliyor, iştə, gözlərin aydın...

 

Zəhra

(şaşqın)

Kim? O kimdir?

 

Əzra

(əlilə göstərir)

Zavallı pək dalğın...

 

Zəhra

(baxaraq)

Ah, Sənan! Nasıl da halı fəna!..

Bizi yalnız burax da...

 

(odadan çıqdığı sırada Əzraya)

 

Sonra sana

Söylənir, şübhəsiz bütün əhval.

 

Böyük bir təlaş içində qapıya yaxın bir guşədə bəklər. Şeyx Sənan daxil olub

baxınır. Zəhrayı görüncə halı dəyişir.

 

Söylə, Sənan, nədir bu müdhiş hal?

 

Şeyx Sənan sükut edər.

 

Nə bəla var başında? Söylə, nə var?

 

Şeyx Sənan cəvab verməz.

 

Söylə, aç söylə...

 

Şeyx Sənan

Etmə gəl israr.

 

Zəhra

Səndə var bəlli, bir yığın əsrar.

Söylə, aç söylə, bivəfa, qəddar!

Nə qiyafət bu? Sanki ağlarsın?

 

Şeyx Sənan

Şimdi get, sonra, sonra, anlarsın.

 

Zəhra

Bəndə bilməm nədir bu taleyi-şum!

Sana halım deyilmidir məlum?

Altı ildir sənin əsirin ikən,

Şimdi biganəyimmi könlünə bən?

Nə təbiət bu səndə? Həm nə tuhaf!

Yoxmudur səndə mərhəmət, insaf?

Nərdə əvvəlki vədlər əcəba?

Əcəba yoxmu, yoxmu, səndə vəfa?

O məhəbbətlə parlayan gözlər,

Şimdi bir başqa macəra söylər.

Qalmamış bəndə zərrə tabü təvan,

Məni qəhr et də, lakin atma, aman!..

 

Şeyx Sənan

Səni atmaqmı!? Bir düşün, əcəba

Bu olur şeymi, nazənin Zəhra?

Sən mələksin, sevimli afətsin...

 

Zəhra

(Şeyx Sənana sarılaraq)

Ah, sən xaliqi-fəzilətsin.

 

Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalxar. Azacıq yüksəkdə, olduqca şairanə, cazibədar, behişti bir mənzərə görünür. Altın qanatdlı mələklər əl-ələ, qol-qola olaraq incə qəhqəhələrlə gülüşüb gəzinirlər. Təbii, mələk qiyafətində olan Xumar da onların içində bulunur.

 

Xumar

Şeyx, gəl-gəl! Sevimli Sənan, gəl!

Sana layiq deyil o yer, yüksəl!

 

Şeyx Sənan

(şaşqın və həyəcanlı)

Ah, o... Cənnət pərisi, nazlı mələk!

Bana yüksəl diyor gülümsəyərək.

 

Zəhra

Söylə, Sənan, nə var? Nə oldu yenə?

Əcəba kim göründü gözlərinə?

 

Şeyx Sənan

Bax da gör, iştə cənnət, iştə mələk!

 

Zəhra

Nərdə?

 

Şeyx Sənan

Bax, dinlə, şimdi söyləyəcək.

 

Zəhrada dərin bir heyrət.

 

Xumar

(Şeyx Sənana)

Durma, yüksəl, ənisi-ruhum, gəl!

Mütərəddid görünmə! Gəl, yüksəl!

Oxunur gözlərində nuri-dəha,

Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!..

 

Şeyx Sənan



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info