Qonaq Kitabı
ŞEYX SƏNAN

Şeyx Kəbir

(Sənana)

Oğlum! Er-gec tutar cahanı adın,

Söylənir ictihadü irşadın.

Cahil-arif, böyük-kiçik yeksər,

Səni özlər, sevər, pərəstiş edər.

Bəni bir gün gəlir də xalq unudub

Sana həp əhli-hal olur məczub.

Hər kəsdə qibtəli bir heyrət.

 

Şeyx Hadi

(arqadaşlarına)

Bu nə tale, nasıl məziyyətdir?!

 

Şeyx Sədra

Şübhəsiz ən böyük səadətdir.

 

Əbülüla

Kimsə bir böylə şanlı gün görməz...

 

Şeyx Kəbir

Bu səadət fəqət uzun sürməz.

(Sənana)

Çünki röyada gördüyün uçurum

Səni eylər bu feyzdən məhrum,

Baş verir səndən öylə bir hərəkət

Ki, bütün xalq edər həman nifrət.

Alçalır, ruhun alçalır... Ancaq,

Səni alçaldan ehtiras olacaq.

 

Şeyx Mərvan

(Nəimə)

Bu, fəzilət deyil, rəzalətdir...

 

Şeyx Nəim

(Mərvana)

Bu, səadət deyil də, zillətdir.

 

Şeyx Sənan məbhut bir halda azacıq düşünür. Sonra ağlayacaq dərəcədə bir tutqunluqla Şeyx Kəbirin ayaqlarına qapanır. Şeyx Kəbir onun qolundan tutub qaldırır və əlini omuzuna qoyar.

 

Şeyx Kəbir

Səni annən doğurdu Turanda,

Yaşadın bir zaman da Iranda,

Kəsbi-irfan üçün, fəzilət üçün

Sonra Iranı tərk edib gəldin,

Ərəbistanı ixtiyar etdin.

Gənc ikən kəsbi-iştihar etdin.

Lakin ən son yerin, zəki Sənan!

Olacaq son nəfəsdə Gürcüstan.

Qapılıb hissə olmasan gümrah,

Olacaq məqbərin ziyarətgah.

 

Şeyx Sənan

Şeyxim, əfv et, fəqət bir ərzim var.

 

Şeyx Kəbir

Söylə, yavrum, sıxılma, yox icbar.

 

Şeyx Sənan

Hanki şeydir səbəb fəlakətimə?

Onu mümkünsə, söylə, gizlətmə!

 

Zəhra

A-h!..

 

Şeyx Kəbir

O yalnız qadındır, iştə qadın!

 

Şeyx Mərvan

(istehzalı bir tövr ilə Şeyx Əbuzərə)

Söylə Zəhrayə: “Gözlərin aydın!”

 

Şeyx Sənan

(göyə doğru)

Ey böyük Tanrı, ey böyük Yaradan!

Hər qulun halı, fikri səncə əyan.

Bəni səndən gözəl bilən, tanıyan,

Varmı, ey xaliqi-zəminü zaman!

(Şeyx Kəbirə)

Bən otuz yıl cahanda zahidvar,

Bilmədim qız-qadın nədir zinhar.

Nə qədər bəndə varsa hissü həyat,

Ehtirasatə düşmədim... heyhat!

Bana biganə, zövqi-nəfsani,

Sevdiyim yalnız eşqi-ruhani...

Daha könlümdə qeyri eşqə, inan,

Yer bulunmaz, xayır... xayır...

 

Bu sırada təkrar səhnənin işığı azalır, ikinci pərdə qalxaraq ta ucda əvvəlki behiştimənzərə görünməyə başlar.

 

Xumar

(sıtmalı bir ahənglə)

Sənan!

Nə çabuq çıxdı xatirindən?

 

Şeyx Sənan

Aman!..

Bən şaşırdım. Saqın, inanma!

 

Xumar

Yalan!..

Hər kəsdə böyük bir heyrət...

 

Şeyx Sənan

Ah, gəl, gəl, qüsurə baxma...

 

Şeyx Kəbir

Nə o?

Nədir, oğlum?

 

Şeyx Sənan

Odur, o!.. Bax, yenə o!

(Xumara)

Bəni əfv et!..

 

Xumar

Sevimli Sənan, gəl!

Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl!

(gedəcək olur)

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info