Qonaq Kitabı
ŞEYX SƏNAN

 

Şeyx Nəim

Nasıl?

 

Şeyx Mərvan

Tuhaf bir sirr,

O da bambaşqa bir rəzalətdir.

 

Şeyx Kəbir

(mırıldanmaqda olan Şeyx Mərvan ilə Şeyx Nəimə)

Böylə dar ruha malik olduğunuz

Heç də layiq deyil... Yetər, susunuz!

 

(dirsəklənib oturmaqda olan Sənana)

Söylə, Sənan, nə var? Nə oldu sana?

 

Şeyx Sənan

Möhtərəm Şeyx! Sorma, heç sorma!

 

Şeyx Kəbir

Nərdəsin? Üç gün oldu müntəziriz,

Söylə, bir söylə...

 

Şeyx Sənan

(məhcub)

A-h, əfv ediniz.

 

Şeyx Kəbir

Yaşamaqçin hicab qorxuludur,

Utananlar pək az müvəffəq olur.

Bu sıxılmaqda bəncə yox məna,

Hər nə var, heç çəkinmə, söylə bana.

 

Şeyx Sənan

Çünki dəhşətli gördüyüm röya...

 

Şeyx Kəbir

Söylə...

 

Şeyx Sənan

Heç varmıyor dilim əsla.

 

Bu sırada Zəhra ilə Əzra yarı açılmış qapı arasında görünərək onları böyük bir

maraq ilə dinləyib dururlar.

 

Şeyx Hadi

(Sənana)

Bu tərəddüd, inan ki, bicadır.

 

Şeyx Kəbir

Bir həqiqət deyil bu, röyadır.

 

Şeyx Sənan yerindən qalxaraq röyasını söyləməyə başlar. Şeyx Kəbir onun sözlərini

dinləyərək yeri gəldikcə başını təhərrüklə təsdiq və davam əlamətləri göstərir.

 

Şeyx Sənan

Ey böyük Şeyx! Gördüm ətrafı

Sarıyor incə, xoş bir aydınlıq.

Gecənin sanki xəndeyi-safı

Saçıyor kainata bayğınlıq.

Ruhu təsxir edən gözəl məhtab,

Dəmbədəm nəşr edərdi mövceyi-nur,

Gəldi bir şeyx o dəm yüzündə niqab,

Bəni ta gördü, oldu pək məsrur.

Sanki bir tifl idim... Qucaqlayaraq

Bir zaman öpdü, sevdi, hoplatdı.

Sonra omzunda çox atıb tutaraq,

Gah gəzdirdi, gah oynatdı.

Aqibət bən o möhtərəm şeyxin

Sillələr endirib də yüz-gözünə,

Əylənirdim... xilas edilmək üçün,

Xeyli yalvardı, baxmadım sözünə.

Azacıq keçdi, şeyxi-naməlum,

Bir də gördüm diyor ki: “Bax, Sənan!

Bax nə müdhiş, nasıl dərin uçurum.

İştə son mənzil! İştə Gürcüstan!”

Baxdım eyvah, atıb da boynundan,

Bəni bir an içində məhv edəcək.

Bağırıb Haqdan istəyincə aman

Qoşdu imdada bir ziyalı mələk...

 

Şeyx Kəbir

Sonra?

 

Şeyx Sənan

Ta şeyxə eylədim diqqət,

Bəni titrətdi bir dərin heyrət.

 

Şeyx Kəbir

Əcəba kimdi şeyx?

 

Şeyx Sənan

Sorma!..

 

Şeyx Kəbir

Neçin?

 

Şeyx Sənan

Sən idin ah, o şeyx, əvət, sən idin.

 

Hər kəsdə böyük bir heyrət. Şeyx Kəbir isə mənalı bir tərzdə başını təhərrüklə bir qədər sükut ixtiyar edər.

 

Bəni, şeyxim, bağışla, məzurum;

Çünki məğdur, həm də mənfurum.

 

Şeyx Mərvan

(yarım səslə Nəimə)

İştə gördünmü? Bax, nasıl xain!..

 

Şeyx Nəim

(Şeyx Kəbiri göstərərək, eyni ahənglə istehzalı)

Baxalım, bir nə söylüyor kahin!

 

Şeyx Hadi

(Sənanı təsliyətlə)

Bunca dəhşət, inan ki, bicadır.

 

Şeyx Sədra

Heç təlaş istəməz, bu röyadır.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info