Qonaq Kitabı
ŞEYX SƏNAN

Şeyx Sənan

(Xumara doğru qoşaraq şaşqın və məcnunanə)

Gediyor... A-h, getmə!

 

Şeyx Kəbir

Kimdir o, kim?

 

İkinci pərdə yavaş-yavaş qapanmağa başlar.

 

Şeyx Sənan

(yaralı və həyəcanlı)

Getmə, dur!.. Getmə, nazənin mələyim!

(qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq olamaz, bayılıb düşər.)

 

Şeyx Kəbir

Allah-Allah, nədir bu əfsanə!?

 

Şeyx Mərvan

İştə divanədir o, divanə!..

 

Şeyx Sənanın qorxunc halını seyr etməkdə olan Zəhra pək həzin və dərin bir ah çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-yavaş enməyə başlar.

 

P ə r d ə

 

 

II SƏHNƏ

 

Məkkeyi-müəzzəmədə böyük bir yol... Yol kənarında bir taqım evlər, uzaqda böyük camelər, bilxassə qara örtülü Kəbə görünür. Vəqə on yıl sonra vaqe olduğu üçün birinci səhnədəki əşxas, simaca gözə çarpacaq dərəcədə dəyişmişdir. Pərdə açıldıqda əlində su dəstisi olduğu halda kiçicik bir ərəb qızının yoldan keçdiyi görülür. Şeyx Sədra ilə Əbülüla digər tərəfdən çıxarlar.

 

Şeyx Sədra

Bu nə müdhiş hava, susuzluqdan

Adəta qavrulub yanar insan.

 

Əbülüla

(Kəbəyi göstərərək)

Şübhəsiz olmasaydı Beytullah,

Məkkə olmazdı heç iqamətgah.

Burda ömr eyləmək fəlakətdir,

Şimdi bildim Mədinə cənnətdir.

 

Şeyx Sədra

(yoldan keçən qıza)

Gəl, qızım, bir içim su ver bana sən.

(Qız məmnun bir tövr ilə gülümsəyərək dəstiyi verir)

 

Əbülüla

Baş-beyin çatlıyor hərarətdən.

 

Şeyx Sədra

(azacıq sudan içər, dəstiyi iadə ilə)

Sana, yavrum, Xuda əcir versin.

 

Əbülüla

Su nasıldır? Sərinmi?

 

Şeyx Sədra

Sorma!..

 

Əbülüla

Neçin?

 

Şeyx Sədra

İstiyorsan al iç də bax, qandır,

Su deyil, adəta yapışqandır.

Allah-Allah! Tənəffüs etdikcə,

Ruhu təzyiq edər bir işgəncə.

Halım, eyvah, pək müşəvvəşdir,

Yudduğum həp alovdir, atəşdir.

 

Hər ikisi böyük bir intizar içində çəkilib gedər. Bu sırada Şeyx Mərvan ilə Şeyx Nəim görünür.

 

Şeyx Nəim

(Şeyx Mərvana)

Düşünürsün də həp inildərsin,

Söylə, Mərvan, neçin mükəddərsin?

Həp dəyişdin Mədinədən çıxalı...

 

Ş e y x   M ə r v a n

Sorma, könlüm yaralıdır, yaralı,

Kor olaydı şu tək gözüm də bənim,

Kaş ki, Zəhrayı görməyəydi, Nəim!..

 

Şeyx Nəim

Şu fəsahətlə sən neçin əcəba

Onu ram etmədin!?.

 

Şeyx Mərvan

Xayır, əsla,

Yoxdu əsla təşəbbüsümdə qüsur,

Kim ki, məyub olursa, rədd olunur[*].

İştə çirkinlik öylə bir illət

Ki, dəmadəm qazandırır nifrət.

 

Şeyx Nəim

Batinin əksidir fəqət zahir.

 

Şeyx Mərvan

Bir yalan sözdür iştə şöhrətgir.

 

Şeyx Nəim

Bunca əndişə bisəmər... zira

Şeyx Hadi, Əbülüla, Sədra

Bir-birindən zəki, gözəl insan;

Yenə Zəhracə möhtərəm Sənan!

 

Şeyx Mərvan

(hiddətli)

Onu xəllaqi-eşqə sormalıdır.

 

Şeyx Nəim

Xayır, insanda tale olmalıdır.

 

Şeyx Mərvan

(yola baxaraq, usanmış bir halda)

Əcəba nərdə qaldılar bunlar?

 

Şeyx Nəim

Baxalım, bəlkə başqa maneə var.

 

Hər ikisi geri dönər. Bu sırada iki kor ərəb görünərək, birinci suzişli və tutqun ahənglə ud çalar, ikinci də yaralı səslə hicaz məqamında olaraq aşağıdakı əbyatı oxur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info