Qonaq Kitabı
ŞEYX SƏNAN

Şunu kim verdi?

 

Serqo

Anton...

 

Xumar

(hiddətli)

Ay axmaq!

Al, götür haydı, ver də kəndisinə.

 

Etinasız bir tövr ilə içəri girər. Serqo dönüb təkrar çiçək dəmətini Antona iadə edər.

 

Anton

Nə diyor?

 

Serqo

Rədd edib də atdı yenə...

Sanki bilməzsiniz təbiətini?

Allah alsın onun şu xislətini.

 

Anton

(dəməti yerə atıb çiynəyərək, zəhrxənd ilə)

Sən də biçarə taleyim kibi sol,

Ayaq altında çiynənib qəhr ol.

(Mə’yus bir halda çıxıb gedər)

 

Serqo

(həm Antona, həm də balkona baxaraq heyrətlə)

Qız deyil, bir bəladır iştə Xumar,

O, bir atəş ki, həp cahanı yaxar.

(çəkilib bir tərəfə gedər)

 

Simon

(şaşqın və düşüncəli addımlarla yoldan keçər. Gözü balkona ilişincə)

İştə dilbər, sevimli bir mələyin,

Qəsri-pürnuri!.. İştə xüldi-bərin!

Dolaşıb kainatı seyr etsəm,

Nərdə əyləncə varsa, həp getsəm,

Yenə könlüm açılmıyor əsla.

A-h, o!.. Yalnız o hüsni-müstəsna

Qəlbimin aşinayi-giryəsidir.

Ruhi-məcruhimin nədiməsidir.

 

Bu sırada Xumar əlində ipəkli işləmə olduğu halda balkona çıxar.

 

Serqo

(onu görür-görməz)

Daha yox bəndə zərrə səbrü qərar,

Mərhəmət, mərhəmət!.. Sevimli Xumar!

 

Xumar

Fəzlə, həp fəzlədir bu istirham,

Get, çəkil get, bütün o hissü məram

Ki, sizin qəlbinizdə var əl’an,

Bəndə yox, yox o hissə hörmət, inan!

 

Şeyx Sənan

(dalğın bir halda yoldan keçər, başını qaldırıb Xumarı görüncə mütəhəyyir)

O nə! Röyamı gördüyüm, eyvah!

Omudur?.. Lailahə illəllah!..

(yenə mütərəddid və şaşqın addımlarla yoluna davam edər)

 

Simon

(bir qədər düşündükdən sonra  Xumara)

Nə olur, a-h! Inadı, gəl, tərk et!..

 

Xumar

Yetişir, get, get, Allah eşqinə get!

 

P l a t o n

(yarımsərxoş bir halda, içəridən çıxaraq)

Yenə kimdir o, qeylü-qal ediyor?

(mütəəssir və pərişan addımlarla uzaqlaşmaqda olan Simonu görüncə)

Yeni aşiqmi ərzi-hal ediyor?

 

Xumar başını aşağı dikər, bu sırada Platonun dostlarından qalın və qaba səsli bir papas yoldan keçər, Platonu görüncə

 

Papas

Vay, əfəndim, nasılsınız?

 

P l a t o n

Buyurun,

Buyurun, lütf edib bir az oturun.

 

Bir-birinin əlini sıxarlar, Xumar da papasın əlini öpər.

 

Papas

(əli ilə Xumarın saçlarını oxşayaraq)

Yenə bir başqa hal var səndə,

Yox məsərrət sevimli çöhrəndə.

Haydı, lütfən, qızım, bir az su gətir,

Heç maraq istəməz, hər iş düzəlir.

 

P l a t o n

İstəməz, nəşəsiz sudan nə çıxar!

Gedəlim pək gözəl şərabım var.

Həm də pək əski, altı illikdir,

İç də gör, padşaha layiqdir.

 

Papas

(Xumarı diqqətlə süzərək mənalı bir ahənglə)

Bəncə qalsın o bir şərəfli günə,

Sərf edilsin yarınkı bir düyünə.

 

P l a t o n

(qəhqəhə ilə)

Bir xəyal iştə, bir xəyali-mühal,

Həm bu sözlər Xumarca bir bəd fal,

Çünki həp bəhs edər manastırdan,

Ərə getmək ölümdür onca, inan!..

 

Papas

İştə bir arizu ki, bəncə əbəs...

Xayır, etməz Xumar o fikrə həvəs.

(Xumara)

Həp cavanlar sənin əsirin ikən,

Böylə bir söz gülünc olur səndən.

 

P l a t o n

(papasın qolundan tutaraq)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info