Qonaq Kitabı
ŞEYX SƏNAN

(hiddətli)

Söylə, Mərvan, nasıl cəza? Nə əməl!?

 

Şeyx Mərvan

Möhtərəm Şeyx! Altı gün əvvəl

Vardı Sənanla bir mübahisəmiz,

Bağırıb söylüyordu pərvasız;

“Olsa merac, olur da ruhani,

Həp yalandır üruci-cismani.

Bir bəşərdir, diyordu, peyğəmbər,

Heç görülmüşmü çıxsın ərşə bəşər?”

 

Ü m u m

(heyrətlə)

Allah, Allah!

 

Şeyx Hadi

Saqın, inanmayınız!

Çünki Sənanı söylədən yalnız

Şübhədir... Yoxsa şübhədən başqa

Yox onun bir qüsuru, yox əsla.

 

Su gəlir, həm Sənana içirir, həm də başını avuşdururlar.

 

Şeyx Kəbir

Şübhədir hər həqiqətin anası,

Şübhədir əhli-hikmətin babası.

Şübhə etməkdə haqlıdır insan,

Çünki hər kəscə bəllidir: Yaradan

Hər zaman, hər tərəfdə nurəfşan,

Fərqsiz onca həp zamanü məkan...

Ona məxsus yoxsa bir məva,

Ərşə çıxmaqda varmı bir məna?

 

Şeyx Nəim

Sadə meracı etmiyor inkar,

Hələ tövhid üçün də şübhəsi var.

Söylüyor: “Görməyincə xaliqi bən,

İctinab eylərim pərəstişdən”.

 

Şeyx Mərvan

Bu zəlalətdir iştə...

 

Şeyx Hadi

Sus, sən sus!

 

Şeyx Mərvan

Sanki bən susdum, öylədir, əfsus.

 

Şeyx Kəbir

(böyük bir dalğınlıqdan sonra)

Şübhə artarsa, həm yəqin artar,

Mərifət nuru şübhədən parlar,

Zənn edərsəm yanılmıyor Sənan,

Çünki xəllaq üçün şərəfli məkan

Eyi, parlaq könüllər olsa gərək...

Kim ki, Allahı istiyor görmək,

Arasın qəlbi-tabnakində,

Arasın kəndi ruhi-pakində,

Hər kimin qəlbi, ruhu düzgündür,

Daima hiss edər də haqqı görür.

Feyləsufanə ruha malik olan

Yaşamaz ayrı hərgiz Allahdan.

 

Şeyx Sənan gözlərini açaraq donuq bir vəziyyətlə baqınır.

 

Şeyx Kəbir

“Və minəl mai külli-şey’ün hey”

 

Şeyx Hadi

Su ilə canlanır, əvət, hər şey.

 

Şeyx Sənan

Of...

 

Şeyx Hadi

Sənan!

 

Şeyx Kəbir

Nasılsın, evladım?

 

Ü m u m

Çox şükür!..

 

Şeyx Mərvan

(Sənana)

Tutduğundan ol nadim,

Bir də heç şübhə etmə!..

 

Şeyx Sədra

(Mərvana)

Sus, yahu!

 

Şeyx Sədra

(oturaraq, bitab)

“Vəhdəhu la ilahə illa hu”

 

Şeyx Kəbir

(Şeyx Mərvana)

Heç utandınmı?

 

Şeyx Hadi

(hakəza)

Var sözünmü yenə?

 

Şeyx Nəim

Hələ “Şəqqülqəmər” hekayəsinə,

Veriyor başqa dürlü bin məna.

 

Şeyx Kəbir

(Nəimə)

Yetişir, sən də sus!..

 

Şeyx Hadi

(yana)

Səfil, ədna!..

 

Şeyx Mərvan

(Nəimə, xüsusi)

Hələ, Zəhra!..



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info