Qonaq Kitabı
ŞEYX SƏNAN

 

Ü m u m

(həyəcanlı bir ahənglə)

Nərdədir? Nərdə rəhbəri-vicdan?

Söyləyin nərdə qibleyi-iman?

Şeyximiz nərdə, nərdədir Sənan?

Söyləyin nərdə Kəbeyi-irfan?..

 

Papas

(Platonla bərabər balkona çıxaraq)

Kimi istərsiniz? Nə var, nə xəbər!?

 

Ü m u m

Şeyx Sənanı lütf edib göstər!

 

Papas

Kim bilir nərdə şeyxiniz? Əl’an

Dəf olub getdi, burda yox Sənan!

 

Ü m u m

(həyəcanlı və sarsılmış bir halda papasa)

Sana layiqmi böylə bir təbir,

Şeyxi həddinmi eyləmək təhqir?

Sana layiqmi böylə bir həzyan?

Bir düşün, bir düşün, səfil insan.

 

P l a t o n

Arqadaşlar, qüsura baxmayınız,

Azacıq burda bəkləyin yalnız,

Şimdi nərdəysə şeyxiniz Sənan,

Gəlir əlbət... gəlir çıxar əl’an.

 

Qızlar, çocuqlar və dəliqanlılar bir yerdə qarışıq səslə təranəsaz olaraq gəlirlər. Hər kəs onlara mültəfit olur.

 

Açmış mənəkşə, sünbül,

Xəndan olur qızılgül,

Ötdükcə sanki bülbül,

Rəqs etdirir xəyalı...

 

Bu sırada Nina böyük bir təlaş ilə sağ tərəfdən qoşub gəlir və hər kəsin nəzər-diqqətini cəlb edər.

 

Nina

Getdi, eyvah, getdi, getdi Xumar,

O da Sənana uydu, etdi fərar.

 

P l a t o n

(böyük bir hiddətlə papasa)

İştə gördünmü? Sayğısız budala!

Bəni aləmdə eylədin rüsva...

 

Papas

(yoldan keçən gürcülərə)

Düşünün bir nə söylüyor Nina,

Daha durmaqda varmı bir məna!?

 

Gürcülər

Fürsət əldən çıxar, həmən gedəlim.

(Dərhal qoşub gedərlər.)

 

Şeyx Hadi

(yanındakılara)

Gedəlim, biz də şeyxi dərk edəlim.

 

Ü m u m

Gedəlim, haydı durmayın, gedəlim!

Gedəlim, şeyxə can nisar edəlim...

 

Onlar da həyəcanlı və sürətli addımlarla gürcüləri izlər. Artıq son beyt bitmək üzrə ikən pərdə qapanmış olur.

 

 

P ə r d ə

 

 

II SƏHNƏ

 

Qürub zamanı, bir tərəfdə Kür nəhri, bəridə, Kür boyunca yalçın bir qaya... Kənarda, qayanın ta ötəsində bir ormancıq... Görünməz tərəfdən qayanın təpəsinə yol varsa da, səhnə tərəfi fəqət bir uçurumdan ibarətdir. Pərdə açıldıqda, uzaqlarda, səhrayi və məhzunanə bir çoban düdügü iniltisi ruhları məczub edər. Şeyx Sənan əlində dəyənək, başı açıq, saçları dağınıq, düşüncəli və yorğun bir halda qaya başında görünür. Ağır-ağır nəfəs alır, bir qaç addım ataraq dönüb geri baxar. Bir-iki dərin ah çəkib yeniylə alnının tərini silər. Bu sırada ixtiyar, nurani Dərviş ağaclıqdan çıqar. Şeyx Sənanı bu halda görüncə istehzalı bir baxışdan sonra laübali və ağır qəhqəhələrlə gülər. Şeyx isə ürkək bir tövr ilə Dərvişə baxmağa başlar.

 

Dərviş

Nə qiyafət bu! Söylə, söylə nə var?

Nərdə əvvəlki şeyxlər, xocalar?

Söylə, ey şeyxi-dərbədər, bu nə hal?

Nərdə əvvəlki ehtişamü cəlal?

 

Şeyx Sənan

(yan tərəfə baxaraq, əlilə Dərvişə göstərir)

Yalnız şeyxlər deyil, hətta

Şimdi bax, izliyor papaslar da.

Bana olmuş cahan pərəstişkar,

Şimdi pək başqa bir cəlalım var.

Sanma islama rəhbərim tənha,

Peyrəvimdir xıristiyanlar da.

 

Dərviş

(Şeyxin göstərdiyi tərəfə baxaraq, heyrətlə)

Bu gəliş bir hücumu andırıyor,

İştə bax, yoxmu səndə əqlü şüur!?

Həpsinin üz-gözündə qan coşuyor,

Həpsi bir intiqam üçün qoşuyor.

 

Şeyx Sənan

(diqqətlə baxaraq)

A-h, əvət, həpsi bivəfa, qəddar...

Qoşuyor, həm də önlərincə Xumar!

 

Dərviş

Bir səbəbsiz deyil bu hiddətü kin?

 

Şeyx Sənan

İxtilaf, ixtilafi-məzhəbü din...

 

Dərviş

(yarım qəhqəhə ilə)

İştə gördünmü din nələr doğurur?

Nə bəlalar, nə fitnələr doğurur?

Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olurdu cinsi-bəşər.

 

Şeyx Sənan

(uzaq üfüqlərə doğru, dəhşətli və yaralı bir ahənglə)

Şeyx, ya şeyx, gəl də seyr eylə,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info