Qonaq Kitabı
ŞEYX SƏNAN

FACIƏ – 4 PƏRDƏ

 

 

Qeyd

“Şeyx Sənan” mövqu-tamaşaya qonulduğu zaman ikinci pərdənin birinci səhnəsi ilə ikinci səhnəsi bir yerdə təmsil edilir.

Üçüncü pərdənin ikinci səhnəsi ilə sondakı ilavə isə bütün-bütünə atılır.

                                                                                                                      H.C.

 

 

ƏŞXAS

 

Ş e y x   K ə b i r – fəzilət və irfanilə, irşad və ictihadilə məşhur, ağsaqal və nurani bir mürşid.

Ş e y x  Ə b u z ə r – Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edər bir ixtiyar.

Z ə h r a – Şeyx Kəbirin qızı.

Ə z r a – Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı.

Ş e y x  S ə n a n – otuz yaşında, xoşsima bir tələbə.

Ş e y x  H a d i

Ş e y x  S ə d r a – Şeyx Sənanın yaqın arqadaşları.

Ə b ü l ü l a

Ş e y x  M ə r v a n – təkgözlü, orta yaşlı bir şəxs.

Ş e y x  N ə i m – Şeyx Mərvanın məsləkdaşı.

Ş e y x  Ə b ü l l ə h y ə

Ş e y x  C ə f ə r – orta yaşlı, iki zahidməslək arqadaş.

O ğ u z

Ö z d ə m i r – iki gürbüz dəliqanlı

D ə r v i ş – nurani bir ixtiyar.

İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər.

X u m a r  (T a m a r a) – olduqca gözəl və məsum ruhlu bir gürcü qızı.

N i n a – Xumarın rəfiqəsi.

A n t o n – şıq dəliqanlı.

S i m o n – şıq dəliqanlı.

P l a t o n – Xumarın babası.

S e r q o – Platonun xidmətçisi.

P a p a s – sağlam vücudlu, mühib simalı bir keşiş.

S a i r  d ə l i q a n l ı l a r ,   q ı z l a r   və   ç o c u q l a r ...

Ş e y x l ə r  və  m ü r i d l ə r – ərəb qiyafətində; gürcülər isə əski gürcü

qiyafətindədirlər.

 

 

BIRINCI PƏRDƏ

 

I SƏHNƏ

 

Mədineyi-Münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dört pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər.

 

Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və yüzü göyə doğru duaya məşğul görünür.

 

Zəhra

(Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq)

Şeyx, ya Şeyx!

 

Əzra

Şeyx!

 

Şeyx Əbuzər

(niyazkar)

Ya Allah!

 

Zəhra

Bana baq...

 

Şeyx Əbuzər

(mütəvəkkil)

La ilahə-illəllah!

 

Zəhra

(yaqlaşaraq)

Şeyx Əbuzər!

 

Şeyx Əbuzər

(dönərək)

Nədir, qızım?

 

Zəhra

Əl’an,

Bir xəbər yoqmu Şeyx Sənandan?

 

Şeyx Əbuzər

İki-üç dəfə getdim evlərinə...

 

Zəhra

Əcəba xəstələnməmiş ki yenə?

 

Şeyx Əbuzər

Qomşular söylüyor ki, həp gecələr

Uyumaq bilmiyor sabahə qədər.

Qoşuyor hər səhər biyabanə,

Həm də əsla qarışmaz insanə.

Halı pəjmürdə, sanki bir məcnun;

Anlaşılmaz nədir məramı onun?!

Şaşırır həp Mədinə əhli bütün

Onu gördükcə müztərib, düşkün.

 

Zəhra

Nə olur? Bir də get, rica edərim.

 

Şeyx Əbuzər

Pəki, gedərim.

 

(Qalxıb gedər. Çıxdığı sırada mənalı bir baxışla Zəhraya baxaraq)

 

Bunda bir sirr var, edilməz faş,

Nə üçün, anlamam, əcəb bu təlaş!?

 

Əzra

Bu maraq iştə fəzlədir, Zəhra!

 

Zəhra

Sorma, heç sorma, nazənin Əzra!..

 

Əzra

Səndə bir öylə hüsnü cazibə var,

Ki olur, hər görən pərəstişkar.

Səni Sənan arar da kəndi bulur,

Daima eşq hüsnə mail olur.

 

Zəhra

Qalmamış bəndə zərrə səbrü qərar,

Bana Sənansız olmuş aləm dar.

Altı ildir ki, zarü-dərbədərim,

Həp onundur məsərrətim, kədərim.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info