Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Dildən-dilə düşdü bu fəsanə,

Faş oldu bu macəra cəhanə

Kim: "Qeys oluban əsiri-Leyli,

Leyli dəxi salmış ona meyli".

Tədrici-məbadi ilə nagah,

Leylinin anası oldu agah,

Odlara tutuşdu, yasə batdı,

Ol qönçədəhanə dil uzatdı.

Yanar od olub, çəkib zəbanə,

Ol gülrüxə dedi yanə-yanə: -

"Key[9] şux! Nədir bu göftügulər?

Qılmaq sənə tənə eybculər?

Nəyçün özünə ziyan edirsən?

Yaxşı adını yaman edirsən?

Nəyçün sənə tənə edə bədgu?

Namusuna layiq işmidir bu?

Nazik bədən ilə bərgi-gülsən,

Əmma nə deyim ikən yünülsən!

Lalə kimi səndə lütf çoxdur,

Əmma nə deyim, üzün açıqdur.

Təmkini cünunə qılma təbdil!

Qızsan, ucuz olma, qədrini bil!

Hər surətə əks kimi baxma!

Hər gördüyünə su kimi axma!

Mey gərçi səfa verər dimağə,

Axdığı üçün düşər ayağə,

Güzgü kimi qatı üzlü olma!

Nərgiz kimi xiyrə gözlü olma!

Gözdən gərək olasan nihan sən,

Ta demək ola sənə ki, cansən.

Sən şəmsən uymagil həvayə!

Kim, şəmi həva verər fənayə.

Löbət kimi özünü bəzətmə!

Rövzən kimi kyçələr gözətmə!

Sağər kimi gəzməyi həram et!

Nəğmə kimi pərdədə məqam et!

Sayə kimi hər yerə üz urma!

Heç kimsə ilə oturma, durma!

Sən sadəsən, özgə əhli-neyrəng,

Cəhd eylə verilməsin sənə rəng,

Derlər səni eşqə mübtəlasən,

Biganələr ilə aşinasən.

Sən qandanü eşq zövqi qandan?

Sən qandanü dust şövqi qandan?

Oğlan əcəb olmaz olsa aşiq,

Aşiqlik işi qıza nə layiq?

Ey iki gözüm, yaman olur ar!

Namusumuzu itirmə, zinhar!..

Biz aləm içində niknamız,

Mərufi-təmami-xasü amız,

Nə nəng ilə dəxi edəlim laf?

Biz deməyəlim, sən eylə insaf!

Tut kim, sənə qıymazam məni-zar,

Məndən ulu bir müdəbbirin var.

Neylərsən əgər atan eşitsə?

Qəhr ilə sənə səyasət etsə?

Minbəd gəl eylə tərki-məktəb,

Bil əbcədini həmin cədü əb.

Etmə qələm ilə məşqdən yad,

Suzən tutü nəqş eylə bünyad,

Ətfaldan eylə qəti ülfət,

Həmraz yetər yanında löbət,

Büt kimi bir evdə eylə mənzil,

Olma dəxi hər yanayə mail.

Ənqa kimi üzlət eylə pişə,

Öylə rəviş eylə kim, həmişə

Gərçi adın ola dildə məzkur,

Görmək səni ola qeyri-məqdur,

Xoş ol ki, qızı həmişə gizlər,

Xud gizli gərək həmişə qızlar".

 

 

BU, İNKAR İLƏ LEYLİ ANASINA CAVAB VERDİYİDİR VƏ MƏKTƏBDƏN ÇIXIB SƏRAYİ-MÖHNƏTƏ GİRDİYİDİR

 

Leyli bu itabı çün eşitdi,

Öz könlündə müqərrər etdi

Kim: Şöbədeyi-sipehri-zalim,

Tərh eylədi nəqşi-namülayim.

Əyyami-vüsalə yetdi hicran,

Vəqt oldu cigərlər ola büryan.

Əmma nə desin, nə çarə qılsın,

Tədbir nə olduğun nə bilsin!

Naçar tutub təriqi-inkar,

Asari-təcahül etdi izhar.

Gülzari-itabə ab verdi,

Giryan-giryan cəvab verdi: -

"Key, munisi-ruzigarım ana!

Dürci-düri-şahvarım ana!

Sözlər dersən ki, bilməzəm mən,

Məzmununu fəhm qılmazam mən.

Dersən məşuqü eşqü aşiq,

Mən sadəzəmir tifli-sadiq;

Bilməm, nədir ol hədisə məzmun?

Söylə! Necə olmayım digərgun?

Eşqin qılmazdı kimsə yadın,

Ha səndən eşitdim indi adın.

Billah! Nədir, ana, eşqə məfhum?

Bu sirri-nihanı eylə məlum!

Hadiyi-rəhi-muradım olğıl!

Bu şivədə ustadım olğıl!

Mən məktəbə rəyim ilə getmən,

Bir şüğli xilafi-rəyin etmən.

Həm dersən sən ki: "Məktəbə var!"

Həm dersən sən ki: "Getmə zinhar!"

Qanğı sözə etiqadım olsun?

Sənə necə etimadım olsun?

Mən həm deyiləm bu zəcrə qail

Kim, hərdəm olub çiraği-məhfil,

Nacinslər ilə həmdəm olam,

Bir yerdə müqəyyədi-ğəm olam.

Hər didədən edə-edə pərhiz,

Övqat keçə küdurətamiz.

Peyvəstə müəllim eyləyib cövr,

Gahi səbəq oxuda, gəhi dövr.

Billah, mənə həm bu idi məqsud,

Məktəbdə olurmu tifl xoşnud?

Ayrıq bu sözü mükərrər etmə,

Lütf eylə, məni mükəddər etmə!"

Çün ana eşitdi bu cəvabi,

Tərk etdi şikayətü itabi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info