Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Can ilə qılırdı dayə ezaz,

Əsbabi-kəmali-tərbiyət saz.

Lakin, ol edib həmişə nalə,

Xoşnud deyildi heç bu halə.

Əzasın edib əlilə əfkar,

Eylərdi müdam naləvü zar.

Süd içsə sanırdı kim, içər qan.

Əmcək görünürdü ona peykan.

Yox idi firib ilə qərarı,

Yanında firibin etibarı.

Bir gün onu gəzdirirdi dayə,

Dərdini yetirməyə dəvayə,

Bir evdə məgər ki, bir pərivəş,

Ol tifli bəsi görüb müşəvvəş,

Rəhm etdi, əlinə aldı bir dəm,

Tifl onu görüncə, oldu xürrəm.

Hüsnünə baxıb qərar tutdu,

Fəryadü fəğanını unutdu.

Olduqca əlində, oldu xəndan;

Düşdükcə əlindən, oldu giryan.

Mahiyyətini çü dayə bildi,

Ol mahı ona ənis qıldı.

Oldu bu dəxi, onunla mötad,

Nə dayə, nə ana eylədi yad.

Zatında çü var idi məhəbbət,

Məhbubu görüncə tutdu ülfət,

Eşq idi ki, oldu hüsnə mail,

Hüsnü nə bilirdi tifli-qafil.

Məlum idi əhli-halə ol hal

Kim, nüsxeyi-eşqdir bu timsal.

Əlbəttə, bu tifli zar edər eşq,

Aşüfteyi-ruzigar edər eşq;

Əlbəttə, qılır bu sübh təsir,

Xurşid çıxıb olur cahangir,

Çün tərbiyəti-ədibü dayə,

Verdi əsəri-təmam ol ayə,

Gün-gündən edib kəmal hasil,

Ol mahi-növ oldu bədri-kamil,

Gəldikcə meyi-vəfadən əyyam,

Hər dövrdə sundu ona bir cam,

Ta qıldı onu təmam sərməst,

Tədric ilə dami-eşqə pabəst.

Çün sürət ilə dönüb zəmanə,

On yaşına yetdi ol yeganə;

Atasına müqtəzayi-adət,

Fərz oldu ki, onu edə sünnət.

Çəm etdi əhaliyi-diyari,

Hər sahibi-izzü etibari;

Bəzl eylədi ol qədər zərü sim

Kim, yetdi qiyasə fəqrdən bim.

Xəlq onda görəndə kəsrəti-mal,

Bim oldu ki, münəkis ola hal.

Ol saf zəmir, pak məşrəb,

Bir bəzmgəh eylədi mürəttəb

Kim, görmədi onu çeşmi-sağər,

Cəmşiddən özgəyə müyəssər.

İtmamə yetib təriqi-sünnət,

Təlimi-ülumə yetdi növbət.

Əsbab ona eyləyib mürəttəb,

Verdilər onunla ziybi-məktəb.

 

 

BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR[5]

 

Məktəbdə onunla oldu həmdəm,

Bir neçə mələkmisal qız həm,

Bir səf qız oturdu, bir səf oğlan,

Çəm oldu behiştə hurü qılman.

Oğlanlara qızlar olsalar yar,

Eşqə bulunur rəvaci-bazar.

Qız nərgisi-məst edib füsunsaz,

Oğlana satanda işvəvü naz;

Oğlan necə səbr pişə qılsın,

Vər[6] səbri həm olsa nişə qılsın?

Ol qızlar içində bir pərizad,

Qeys ilə məhəbbət etdi bünyad.

Bir türfə sənəm ki, əqli-kamil

Gördükdə onu, olurdu zail.

Zülfeyni-müsəlsəli girəhgir,

Can boynuna bir bəlali zəncir.

Əbrusi xəmi bəlayi-üşşaq,

Həm cüft lətafət içrə, həm taq.

Hər kipriyi bir xədəngi-xunriz,

Peykani-xədəngi qəmzeyi-tiz.

Dəryayi-bəla cəbini-paki,

Çin cünbüşü mövci-səhmnaki.

Çeşmi-siyəhinə sürmədən ar,

Hindusinə sürmə həm giriftar.

Rüxsarinə rəngi-qazədən nəng,

Hərgiz ona qazə verməmiş rəng.

Göz mərdüməgindən olsa xali,

Göz mərdüməgi olurdu xali.

Ləlü düri göstərirdi hərdəm,

Övraqi-gül içrə iqdi-şəbnəm.

Əbvabi-təkəllüm etsə məftuh,

Əmvatə verərdi müjdeyi-ruh.

Şimşadi-lətifinə mürəkkəb,

Sibi-zənəxü turunci-ğəbğəb.

Əndamı lətifeyi-ilahi,

Dəryayi-lətafət içrə maha.

Şəhbaz baxışlı, ahu gözlü,

Şirin hərəkətli, şəhd sözlü.

Rahü rəvişi müdam qəmzə,

Başdan-ayağa təmam qəmzə,

Ayruqca şəklü xoşca peykər,

Yaxşıca sənəm, gözəlcə dilbər.

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli,

Qeys onu görüb həlak oldu,

Min şövq ilə dərdnak oldu.

Ol nadirə həm ki, Qeysi gördü,

Min zövq bulub, özün itirdi,

Gördü ki, bir afəti-zəmanə,

Misli dəxi gəlməmiş cahanə.

 

 

BU, SİFƏTİ-MƏCNUNDUR VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR[7]

 

Bir dilbəri-sərvqəddü gülruy,

Sərvi-xoşü gülrüxü səmənbuy.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info