Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

BU ƏRZİ-ƏDƏMİ-QÜDRƏTDİR və ÜZRİ-FİQDİ-QÜVVƏTDİR[1]

 

Arayişi-söhbət eylə, saqi!

Ver badə, mürüvvət eylə, saqi!

Bir cam ilə qıl dimağımı tər!

Lütf eylə, bir iltifat göstər!

Qəm mərhələsində qalmışam fərd,

Nə yar, nə həmnişin, nə həmdərd.

Həmcinslərim təmam getmiş,

Söz mülkündən nizam getmiş.

Bu bəzmdə sən qalıbsənü mən,

Bu bəzmi gəl edəlim müzəyyən!

Sən ver badə, mən eyləyim nuş!

Mən nəzm oxuyum, sən ona tut guş!

Bir dövrdəyəm ki, nəzm olub xar,

Əşar bulub kəsadi-əsar.

Ol rütbədə qədri-nəzmdir dun

Kim, küfr oxunur kəlami-mövzun.

Bir mülkdəyəm ki, gər udub qan,

Məzmuni-ibarətə çəkib can,

Min riştəyə türfə ləl çəksəm,

Min rövzəyə nazənin gül əksəm,

Qılmaz ona hiç kim nəzarə,

Derlər gülə xar, lələ xarə.

Ancaq deməzəm ki, xaki-Bağdad,

Alayişi-nəzmdəndir azaad.

Yoxdur bir mülk bu zamanda

Kim, nəzm rəvacı ola onda.

Nə Hind, nə Fars, nə Xorasan,

Nə Rumü Əcəm, nə Şamü Şirvan,

Olsaydı birində bir süxənsənc,

Əlbəttə, əyan olurdu ol gənc.

Gəncineyi-nəzm gizli qalmaz,

Sanmın günəş olsa nur salmaz.

Kanı necə kim nihan tutar daş,

Eylər onu ləl aləmə faş.

Hala məgər iqtizayi-dövran

Oldur ki, ola o gənc pünhan.

Dövran ilə mən nəqiz seyrəm,

Dövr əhlindən məgər ki, qeyrəm.

Dövran istər ki, xar ola nəzm,

Biizzətü etibar ola nəzm,

Mən müntəzirəm verəm rəvacın,

Bimar isə eyləyəm əlacın.

Ol nəfyi-kəmali-hikmət eylər,

Lazım bilirəm xəsarət eylər.

Təmiri-xərabə talibəm mən,

İnşəallah ki, qalibəm mən.

 

SAQİNAMƏ

 

Saqi, mədəd et ki, dərdməndəm!

Qəm silsiləsinə paybəndəm.

Qəm dəfinə cami-mey dəvadır,

Tədbiri-qəm eyləmək rəvadır.

Səndən nə inayət olsa vaqe

Fikr etmə ki, məndə ola zaye

Mən bir sədəfəm, sən əbri-niysan,

Ver qətrəvü al dürri-ğəltan.

Sənsən xurşidü mən siyəh xak,

Ver atəşü al cəvahiri-pak.

Rəhm et ki, qəribü xaksaəm,

Bimunisü yarü qəmgüsarəm.

Ol bir neçə həmdəmi-müvafiq,

Yəni şüərayi-dövri-sabiq,

Tədric ilə gəldilər cəhanə,

Təzim ilə oldular rəvanə.

Dövran oları müəzzəm etdi,

Hər dövr birin mükərrəm etdi.

Hər birinə hami oldu bir şah,

Zövqi-süxənindən oldu agah.

Türkü ərəbü əcəmdə əyyam,

Hər şairə vermiş idi bir kam.

Şad etmiş idi Əbunəvası,

Harun xəlifənin ətası.

Bulmuşdu səfayi-dil Nizami,

Şirvanşahə düşüb girami.

Olmuşdu Nəvaiyi-süxəndan,

Mənzuri-şəhənşəhi-Xorasan.

Söz gövhərinə nəzər salanlar,

Gəncinə verib gühər alanlar,

Çün qalmadı, qalmadı fəsahət,

Ərbabi-fəsahət içrə rahət.

Ol taifə çəkdi xirqəyə baş,

Halətlərin etməz oldular faş.

Ta olmaya rəsmi-şer məfqud,

Əbvabi-fünuni-nəzm məsdud.

Lazım mənə oldu hifzi-qanun,

Zəbti-nəsəqi-kəlami-mövzun.

Naçar, tutub təriqi-namus,

Rahətdən olub müdam, məyus,

Əhdi sözə istivar qıldım,

Əşar demək şüar qıldım.

Çün xəlqə xilafi-müddəayəm,

Onlar zəmincə süst rəyəm.

Hər söz ki, gəlir zühurə məndən,

Min tənə bulur hər əncüməndən.

Eylər həsəd əhli bağlayıb kin,

Təhsin əvəzinə nəfyü nifrin.

Ümmid ki, rəf olub küdurət,

Təğyirpəzir ola bu surət.

Ol qövm bu gülşənə girəndə,

Bu gülşən içində gül dərəndə

Gül tazə idivü səbzə növxiz,

Tərpəndikcə nəsimi-gülriz

Onlar gülü dərdilər, məni-zar

Hala dilərəm dərəm xəsü xar.

Bu bəzmə olar verəndə təzyin

Mey saf idi, bəzm həm növayin.

Mey safi olara oldu ruzi,

Qaldı mənə daği-dürd suzi.

Bu dürdə mən olmuşam həvaxah,

Bir nəşə verərmi, bilməzəm, ah!

 

 

BU, SAQİYİ-BƏZMƏ BADƏ ÜÇÜN XİTABDIR[2]

 

Saqi, kərəm eylə, cam gəzdir!

Tutma, qədəhi müdam gəzdir!

Dövranə çox etibar qılma,

Gəzdir qədəhi, qərar qılma!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info